Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
Bakalavr təhsili alan və 10 ildən az müddətə xidmət edən zabitlər ehtiyatda olmağın son yaş həddinə çatmadan öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıla biləcəklər.
"Report" xəbər verir ki, bununla əlaqədar "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik təklif edilir.
Qüvvədə olan qanuna əsasən, həqiqi hərbi xidmət dövründə Azərbaycanda və xaricdə ali təhsil müəssisələrinin magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) 10 ildən az müddətdə xidmət etmiş kadr zabitlər də öz arzusu ilə ehtiyata buraxıla bilirlər.
Təklif edilən dəyişikliklə isə bu siyahıya bakalavr təhsili də əlavə edilir.