2017-ci ildə Təhsil Nazirliyi xaricdə təhsil proqramını dayandırdıqdan sonra Azərbaycanda gənclərin xarici ölkələrdə ali təhsil almasına “dəstək verən” şirkətlərin sayı gündən-günə artır. Son illər bu işlə təkcə hansısa şirkətlər deyil, çoxsaylı fiziki şəxslər də məşğul olur. Təəssüflə qeyd edilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin və fiziki şəxslərin əksəriyyəti dələduzluqla məşğuldur. Vətəndaşların külli miqdarda pulununun mənimsənilməsi, yaxud gənclərin istəyinə uyğun olmayan universitetlərə göndərilməsi faktları bunu söyləməyə əsas verir.
Bu gün gənclərimiz əsasən post-sovet ölkələrində - Rusiyada, Ukraynada, Gürcüstanda və s. dövlətlərdə təhsilini davam etdirir. Özü də həmin ölkələrin universitetlərinə daxil olmaq üçün sadəcə orta məktəb attestatı kifayət edir. Odur ki, burada imtahanlardan kəsilən abituryentlərin əksəriyyəti ali təhsil almaq üçün qonşu dövlətlərə üz tutur. Bu gənclərin bir hissəsi ümumiyyətlə dərslərə getmir, Azərbaycanda olduğu kimi, təhsilini rüşvət hesabına, yaxud da bu kimi müxtəlif yollarla başa vurur. Attestatındakı qiymətləri rüşvətlə düzəltdirib tələbə adı qazanan, rüşvət hesabına diplom alıb vətənə qayıdan gənclərin gələcəkdə necə mütəxəssis olacağı haqda danışmağa isə zənnimizcə ehtiyac yoxdur.
Bu gün təkcə Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır. Azərbaycan vətəndaşlarından 501 nəfər Gürcüstanın dövlət, 2190 nəfər isə özəl ali məktəblərində ali təhsil alır. Cari tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edir. Onların hamısı özəl ali məktəblərin tələbələridir və təbii ki, hamısı da Azərbaycan türkləridir.
Rusiya Federasiyası ali məktəblərində isə 14 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Həmçinin Ukraynada, Maldovada da minlərlə gəncimiz təhsilini davam etdirir.
Maraqlı cəhətlərdən biri də odur ki, bu ölkələrdə əsasən rus dilində təhsil alan gənclər arasında rus dili haqda anlayışı olmayan gənclərə də rast gəlinir. Elementar səviyyədə bilmədiyin bir dildə necə təhsil ala bilərsən, görəsən?
Xaricdə təhsil alan azərbaycanlı tələbələrin ümumi sayı bu gün 50 mindən çoxdur. Bu da ölkədən külli miqdarda vəsaitin xaricə daşınmasına səbəb olur və dövlət büdcəsinə böyük ziyan vurur. Azərbaycan vətəndaşları post-sovet dövlətləri ilə yanaşı, Türkiyə, Amerika, Avropa, hətta Çində də ali təhsil alır. Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşlarının sayı isə üç mini ötmür. Onlar da əsasən Türkiyə, Dağıstan və Gürcüstan vətəndaşlarıdır, əksəriyyəti də Azərbaycan türkləridir. Hansı ki, 50 min ilə müqayisədə 3 min “dəryada bir damla” təsiri bağışlayır...
Əsas missiyası Azərbaycanın təhsil sistemini, dövlətimizin təhsil siyasətini təkmilləşdirmək olan Təhsil Nazirliyi isə nədənsə bu proseslərə nəzarət etmir, mövcud vəziyyətə biganə yanaşır. Doğrudur, dələduzlarla mübarizə aparmaq bu nazirliyin səlahiyyətində deyil, amma ən azından yaranmış vəziyyətə münasibət bildirməlidir, müvafiq dövlət qurumları ilə birgə ölkənin təhsil sistemindəki, təhsil siyasətindəki boşluqların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində konstruktiv addımlar atmalıdır. Amma bundan daha vacib olan heç şübhəziz, həmin boşluqları doldurmaqdır ki, bu da bilavasitə Təhsil Nazirliyinin vəzifəsidir.
Amma təəssüflə qeyd edilməlidir ki, bu gün Təhsil Nazirliyinin bu məsələdə missiyası sadəcə müxtəlif xarici ölkələrin ali təhsil ocaqlarının diplomlarını müxtəlif yollarla tanımaqla məhdudlaşır. Ən qəribəsi isə budur ki, bəzən eyni ölkədə, eyni universiteti bitirən gənclərdən birinin diplomu təsdiqlənir, digəri isə təsdiqlənmir. Hətta “xaricdə təhsil alan” elə insanların diplomları təsdiq olunub ki, onlar həyatları boyu bir dəfə də olsun dövlət sərhədindən kənara çıxmayıblar. İndi dövlət idarələrində çalışan insanlar arasında belə şəxslər də az deyil. Zənnimizcə, bunun hansı səbəbdən baş verdiyi üzərində xüsusi baş sındırmağa dəyməz, bunun üçün məzunlardan sadəcə “səxavətli” olmaq tələb olunur.
Təhsil eksperti Nadir İsrafilov yaranmış vəziyyəti belə şərh edir:
“Bu məsələdə Təhsil Nazirliyini bir o qədər də günahlandırmağa əsas görmürəm. Çünki Təhsil Nazirliyi bu məsələ ilə bağlı dəfələrlə münasibət bildirib. Xüsusi sayt var, nazirlikdə akreditasiya şöbəsi yaradılıb. Mətbuatdan bizə məlumdur ki, xaricdə təhsil ilə bağlı bir çox məsələlər öz həllini tapmayıb. Hətta məhkəmə səviyyəsində müzakirə olunan məsələlər də var.
Əvvəla, xaricdə təhsillə bağlı dövlət proqramı olub və 2017-ci ildə həmin proqram başa çatıb. Bu proqramın icrası və başa çatması mövzusuna münasibət də birmənalı deyil. Yeni proqramın qəbul edilməsini təkid edənlər də var, bu proqrama ehtiyac olmadığını, xaricdə təhsilin Azərbaycandan xaricə “beyin axı”nının sürətlənməsinə, valyuta axınına səbəb olduğunu bildirənlər də var.
Dövlətin inkişaf səviyyəsindən asılı olmayaraq, xaricdə təhsil ölkələr arasındakı mübadilə prosesinin tərkib hissəsidir. Hətta Amerika kimi inkişaf etmiş bir ölkə də gənclərini xaricdə təhsil almağa göndərir. Bu Boloniya prosesinin tələbinə uyğun olaraq həyata keçirilir.
Ölkəmizdə yeni xaricdə təhsil proqramının qəbul edilməməsinə etiraz bildirənlər çox oldu. Bu vətəndaşların hüquqlarının pozulması kimi qəbul olundu. Xatırlayırsınızsa, sabiq təhsil naziri bildirmişdi ki, adı çəkilən proqram sadəcə başa çatması ilə əlaqədar olaraq dayandırılıb. Ola bilsin, həmin proqramın təkmilləşdirilmə üzərində iş gedir və istisna olunmur ki, belə bir dövlət proqramı yenidən qəbul edilə bilər.
Xaricdə təhsil dövlət proqramı başa çatdıqdan sonra təhsil üzrə mütəxəssislər təklif etdilər ki, Azərbaycan vətəndaşları daha çox xaricə magistratura və doktoranturada təhsil almaq üçün göndərilsin. Çünki bakalavrların xaricdə təhsil almasına o qədər də böyük ehtiyac yoxdur. Birincisi, Azərbaycandakı təhsilin səviyyəsi istənilən sahə üzrə bakalavr yetişdirmək üçün kifayət qədər qənaətbəxşdir. İkincisi də, magistr və doktorant pilləsinə çatanlar artıq yetkin, əksəriyyəti ailə qurmuş, oturuşmuş insanlardır və onların təhsil almaq üçün getdiyi xarici dövlətlərdə təməlli qalmaq ehtimalı gənc bakalavrların vətəni birdəfəlik tərk etmək ehtimalından qat-qat azdır. Doğrusu, elə mən də bu fikri dəstəkləyirəm. Bu gün maddi-texniki bazası və kadr potensialı kifayət qədər yüksək səviyyədə olan universitetlərimiz var, odur ki, əminliklə deyirəm, ölkəmizdə bakalavr səviyyəsində kadr yetişdirə bilərik. Uzaq başı, xaricdən yüksək ixtisaslı peşəkar müəllimlər dəvət oluna bilər mühazirələr oxumaq üçün, eyni zamanda onların təcrübəsini öyrənib burda öz təhsil sistemimizə tətbiq edə bilərik. Xaricə isə bizdə tədris olunmayan hər hansı ixtisasa sahib olmaq məqsədi ilə üz tutmaq olar. Və ancaq o halda ki, bizim o ixtisasın sahibinə, o sahənin mütəxəssisinə ehtiyacımız var.
Ölkə başçısı da çıxışlarından birində söyləmişdi ki, biz universitetlərimizi elə səviyyəyə çatdırmalıyıq ki, gənclərimizin xaricdə təhsil almasına ümumiyyətlə ehtiyac qalmasın. Heç kəs üçün sirr deyil ki, bu gün əksər soydaşlarımız sırf şöhrət xatirinə övladlarını xaricdə oxudurlar. Bu da “xaricdə təhsilə dəstək” adı altında bəzi şirkətlərin və işbazların vətəndaşları dolandırmasına şərait yaradır. Qeyd edim ki, hazırda bunun qarşısı müəyyən qədər alınıb, bir vaxtlar vəziyyət daha acınacaqlı idi, hər addımbaşı xaricdə təhsillə bağlı elanlara rast gəlinirdi. Vətəndaşlar da xaricdə təhsilin sadəliyinə aldanırdı, sonra isə məlum olurdu ki, həmin xarici universitetlərin verdiyi diplomların əksəriyyəti burda heç qəbul olunmur. Buna görə də xaricdə təhsil xidməti göstərən bütün şirkətlərin və fiziki şəxslərin fəaliyyəti Təhsil Nazirliyinin nəzarəti altında olmalıdır. Üstəlik, Təhsil Nazirliyi bu məsələ ilə bağlı ciddi maarifləndirmə işləri həyata keçirməlidir ki, xaricdə təhsil almaq istəyən gənclərimiz düzgün seçim edə bilsinlər, oxuyub qayıtdıqdan sonra diplomlarının ölkəmizdə tanınmasından imtina olunmasın.
Daha bir problem xaricdə təhsil alan gənclərimizin ixtisas seçimi ilə bağlıdır. Belə ki, əksər gənclər respublika üçün strateji əhəmiyyət kəsb edən (kənd təsərrüfatı, qida təhlükəsizliyi, ekologiya və s.) zəruri ixtisaslara yiyələnmək əvəzinə, əksər insaların təhsil aldığı və (maliyyə, iqtisadiyyat, idarəetmə, kompyüter mühəndisliyi və s.) sonradan iş tapmaqda çətinlik çəkəcəkləri ixtisaslara meylli olurlar.
Təhsil Nazirliyinin əsasnaməsində birmənalı şəkildə yazılıb ki, təhsil sahəsində dövlət siyasətini həyata keçirən ali icraedici orqan Təhsil Nazirliyidir, amma bununla belə görün ölkədə təhsilə nəzarət edən nə qədər digər strukturlar var. Bütün problemlərin əsasında da elə bu durur. Təhsil prosesinin idarə olunması və nizamlanması üçün vahid mexanizm yaradılmalıdır. Təhsil haqqında qanunda deyilir ki, idarəetmənin əsas funksiyaları planlaşdırma, təşkil etmə, rəhbərlik və nəzarətdir. Biz nə qədər planlaşdırsaq da, təşkil etsək də, rəhbərlik etsək də, nəzarət olmasa, bütün gördüyümüz işlər hədər olacaq. Odur ki, Təhzil Nazirliyi xaricdə təhsil məsələsinə daha diqqətlə yanaşmalı, bu sahədə hər hansı dövlət proqramı həyata keçirilməsə belə, xaricdə təhsil xidməti göstərən şirkətlərin və fiziki şəxslərin fəaliyyətinə ciddi nəzarət etməlidir. Bir sözlə, Azərbaycanda təhsil siyasəti təkmilləşdirilməlidir”.
Hurriyyet.org