İsrail-İran gərginliyi artır: "Yeni müharibə, nüvə gərginliyi və enerji böhranı..." - SENSASİON AÇIQLAMA
“ABŞ, NATO və İsrailin İranla bağlı strategiyası bölgədə yeni təhlükəsizlik risklərini qaçılmaz edir. İlk növbədə bu yanaşma İranın regional siyasətində daha sərt mövqe tutmasına səbəb ola bilər. Vaşinqtonun sanksiyalarla təzyiq kursu və NATO-nun Yaxın Şərqdə təhlükəsizlik mexanizmlərini gücləndirməsi Tehranı öz nüvə proqramını sürətləndirməyə və hərbi potensialını artırmağa sövq edə bilər. Bu isə nüvə silahlanması yarışı ehtimalını yüksəldir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyə Qarayeva səsləndirib:
“Digər tərəfdən, İsrailin açıq şəkildə “önləyici zərbə” konsepsiyasını gündəmdə saxlaması, bölgədə hərbi qarşıdurma riskini artırır. Belə bir addım yalnız İranla İsrail arasında deyil, eyni zamanda bütün Yaxın Şərqi əhatə edəcək genişmiqyaslı münaqişəyə yol aça bilər. İranın regiondakı müttəfiq qüvvələri – “Hizbullah”, müxtəlif şiə qrupları və Yəməndə husilər vasitəsilə cavab verməsi yeni cəbhələrin açılmasına gətirib çıxara bilər. ABŞ və NATO-nun İranı beynəlxalq siyasi təcrid vəziyyətində saxlaması həm də enerji təhlükəsizliyi baxımından risklidir. Hörmüz boğazında gərginliyin artması dünya bazarına neftin çıxarılmasında problemlər yarada, enerji qiymətlərində kəskin dalğalanmalara səbəb ola bilər. Bu isə qlobal iqtisadiyyat üçün əlavə təzyiq deməkdir. Nəticə etibarilə, ABŞ, NATO və İsrailin İranla bağlı sərtləşən strategiyası Yaxın Şərqdə yeni hərbi qarşıdurma, nüvə gərginliyi və enerji böhranı ehtimallarını gücləndirir. Beləliklə, bu yanaşma təkcə regional deyil, həm də qlobal miqyasda təhlükəsizlik risklərini artırır”.
Müşviq Tofiqoğlu