azia.az
azia.az

AMEA-da Azərbaycan-Koreya elmi əməkdaşlığı çərçivəsində arxeologiya üzrə beynəlxalq konfrans keçirilib

10-07-2025, 22:42


AMEA-dan Azia.az-a verilən məlumata görə,  İyulun 10-da AMEA-nın Əsas binasında Azərbaycan-Koreya elmi əməkdaşlığı çərçivəsində “Azərbaycanda yeni dünya irsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi, AMEA və Koreya Avrasiya Sivilizasiya Araşdırma Assosiasiyasının (KAREC) birgə təşkilatçılığı ilə baş tutan konfransda Koreya və Gürcüstanın arxeologiya sahəsində tanınmış alim və mütəxəssislərı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq beynəlxalq konfransın milli-mədəni irsimizin, tariximizin təbliği, mədəniyyətimizin hərtərəfli öyrənilməsi, həmçinin turizm baxımından əhəmiyyətini qeyd edib. 

Müstəqillik dövründə beynəlxalq əlaqələrin genişlənməsinin prioritet istiqamətlərdən biri olduğunu söyləyən akademik İsa Həbibbəyli elmin müasir istiqamətlərinin inkişafında beynəlxalq əlaqələrin önəmini vurğulayıb. Bildirib ki, beynəlxalq qurumlarla  əməkdaşlıq dünya təcrübəsini öyrənməyə və ölkəmizin nailiyyətlərinin dünyada təbliğinə geniş imkanlar yaradır.

AMEA rəhbəri Cənubi Koreyanın Azərbaycan üçün etibarlı tərəfdaş ölkə olduğunu və diplomatik münasibətlərin qurulduğu ötən 30 ildən artıq müddətdə bütün sahələrdə olduğu kimi, elm sahəsində də əlaqələrin genişləndirildiyini vurğulayıb. 

O, iki gün öncə görkəmli arxeoloq, AMEA-nın müxbir üzvü, mərhum professor İlyas Babayevin anadan olmasının 90 illiyi münasibətilə AMEA-da keçirilmiş “Antik dövrdə Qafqaz və ətrafında urbanizasiya prosesləri” mövzusunda beynəlxalq elmi konfransı xatırladıb, sözügedən tədbirdə Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreyadan olan mütəxəssislərin də iştirak etdiyini bildirib.

Hazırda hər iki ölkənin aparıcı arxeoloqları tərəfindən Qəbələdə ekspedisiyaların aparıldığını söyləyən akademik İsa Həbibbəyli SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərovanın dəstəyi ilə 20 ildir davam edən arxeoloji qazıntılar zamanı iki ölkə üçün böyük əhəmiyyət kəsb edən mühüm elmi nəticələrin əldə olunduğunu bildirib.

“Tədqiqatçıların araşdırmalarına görə, Cənubi Koreya dilində çoxlu sayda türk sözləri vardır”, - deyən AMEA rəhbəri bu ölkənin insanlığın ilk məskunlaşdığı yerlərdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın Qobustan mədəniyyəti olduğu kimi, Cənubi Koreyada da mövcud olan qayaüstü rəsmlər bu ölkənin qədim mədəniyyətə malik olduğunu göstərir.

Akademik İsa Həbibbəyli Azərbaycanın görkəmli heykəltaraşı, Xalq rəssamı, AMEA-nın həqiqi üzvü Ömər Eldarov tərəfindən Cənubi Koreyaya həsr olunmuş “Parçalanmış ölkə”  adlı heykəlin hazırlandığını diqqətə çatdırıb. O, sənət əsərində “38-ci paralel”in bu ölkəni iki hissəyə  - Şimali və Cənubi Koreyaya ayırmasının təsvir olunduğunu bildirib.

 

AMEA prezidenti Koreya-Azərbaycan elmi əməkdaşlığını yüksək qiymətləndirərək, bu əlaqələrin daha da genişlənməsinə lazımi dəstək göstərməyə hazır olduğunu söyləyib. Qeyd edib ki, Koreya-Azərbaycan arxeoloji ekspedisiyasının təşkili çoxəsrlik ənənələrə, tarixi münasibətlərə yeni nəfəs gətirən və hər iki tərəf üçün faydalı olan mükəmməl elmi platformadır. 

 

Sonra Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kang Kymgu çıxış edərək iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq və dostluq münasibətlərindən danışıb. O, Azərbaycanda Koreya mütəxəssislərinin iştirakı ilə 2009-cu ildə başlanılan arxeoloji tədqiqatların iki ölkə arasındakı əməkdaşlıq tarixində yeni səhifə açdığını bildirib. 

Səfir vurğulayıb ki, Koreya-Azərbaycan birgə arxeoloji tədqiqatları iki ölkə arasında elmi mübadilənin ən parlaq nümunələrindən biri olmaqla yanaşı, arxeologiyanın inkişafı, eləcə də qədim İpək Yolu vasitəsilə Şərqlə və Qərb arasında baş vermiş mədəni əlaqələrin mahiyyətinin dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətlidir. 

Kang Kymgu Qəbələdə aparılan birgə ekspedisiyanın humanitar sahədə əlaqələrimizin möhkəmlənməsinə, mədəni mübadilənin inkişafına təkan verdiyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Qəbələ Arxeoloji Mərkəzinin fəaliyyəti, müxtəlif illərdə aparılan arxeoloji tədqiqatlar və onların uğurlu nəticələri, üzə çıxarılan nadir tapıntılar haqqında məlumat verib. O, Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib. 

Direktor Azərbaycanda 15 beynəlxalq arxeoloji ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb, arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığına həsr olunmuş konfransın fərqli mövzularda təşkilinin zəruriliyini vurğulayıb. Fərhad Quliyev gələcəkdə Qəbələ şəhərində Azərbaycan-Koreya tələbələrinin birgə yay məktəbinin təşkilinin də nəzərdə tutulduğunu söyləyib.

 

Konfransda “Beşbarmaq qalasının strateji əhəmiyyəti”, “Qəbələ rayonunun “Səlbir” yaşayış yerində aparılan son arxeoloji qazıntılar”, “Qəbələnin qədim dəfn növləri və adətləri”, “Antik Qəbələ şəhərində tapılmış oval formalı saxsı qab” və digər mövzularda məruzələr dinlənilib.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi