Ana dilinə həsr olunan tədbir keçirilmişdir
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Azia.az bloquna verilən məlumata görə, fevral ayının 21-də "Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında cənab Prezidentin 09.04.2013-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Azərbaycan dilinin saflığının qorunması və düzgün istifadəsi” və “Hərbi təhsil müəsisələrində Azərbaycan dilinin və nitq mədəniyyətinin tətbiqi” mövzularında tədbir keçirilmişdir.
Əvvəlcə Dövlət Himni səsləndirilmiş, daha sonra xalqımızın Dahi Öndəri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Nəsimi adına Dilçilik İnstitunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Sevinc Əliyeva, Azərbaycan Respublikasının əməkdar müəllimi, Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, Xarici dil kafedrasının rəisi İlhamə xanım Məmmədova məruzə ilə çıxış etmişlər.
Çıxış edənlər xalqın, millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus doğma dilinin olmasını, toplumun xalq kimi məhz ana dili vasitəsilə özünü sübut etdiyini bildirmiş və bunun müstəqilliyimizin başlıca amillərindən olan dilimizə ehtiramın göstəricisi olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı bir sıra Sərəncamlarda da öz əksini tapdığını xüsusi vurğulamışlar.
Sonda tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan dili haqqında çıxışları barədə hazırlanmış maarifləndirmə videosu nümayiş etdirilmişdir.
Sonda tədbir iştirakçıları və qonaqlarla xatirə fotoşəkli çəkdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi