azia.az
azia.az

Gerçək həyatını filmdə oynayan GÖRÜN KİMDİR

27-07-2024, 16:45

Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər. Bu baxımdan Azərbaycan filmlərində kifayət qədər yaddaqalan obrazlar var.

Belə obrazların usta oyunçularından biri də Xalq artisti Nəcibə Məlikova olub.

Modern.az saytının məlumatına görə, - bu gün 27 iyul görkəmli aktrisanın anım günüdür.

Arayış: Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək, Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.

Nəcibə xanım kinoda da uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

Aktrisa 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 iyun 1974-cü ildə Xalq artisti fəxri adlarını alıb. N.Məlikova 27 iyul 1992-ci ildə vəfat edib.


Xalq düşməninin bacısı qızı...

Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair idi, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Lakin Xoşsima xanımın qardaşı - böyük ictimai xadim, 1938-ci ilin yayında repressiya olunmuş Ruhulla Axundov (Sidqi Ruhulla) tutulandan sonra onun da ictimai həyatına son qoyulub. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırdılar. Bundan sonra bütün qapılar onların üzünə bağlandı.

Aktrisa Nəcibə Məlikovanın uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızını olduğuna görə, arzusu ürəyində qaldı. Buna baxmayaraq, atası Haşim bəy Saqibin ziyalı olması, sənəti yaxşı bilməsi övladlarına həyatda uğurlu yol seçməyə kömək edib.

Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk rəqqasəsi kimi tanınır. O, dahi Üzeyir Hacıbəyovun ansamblında çalışır və müxtəlif xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirdi. Nəcibə Məlikova isə məcburiyyətdən həyatını aktrisalığa bağlamaq qərarına gəldi. 10-cu sinfi qurtarandan sonra sənədlərini könlü olmadan Teatr İnstitutuna verdi və Fatma Qədrinin sinfinə qəbul olundu. Lakin burada oxuduğu müddətdə sənətə çox bağlandı.

“Ögey ana” və ya aktrisanın kədərli həyat  hekayəsi...

Nəcibə Məlikova Gəncə Dram Teatrında çalışdığı müddətdə Gəncənin tanınmış adamlarından olan Nəsrəddin bəylə tanış olur.  Nəsrəddin bəy aktrisanı tamaşaların birində görür və ona heyran qalır. Hər tamaşadan sonra bu gözəl xanıma rəngbərəng ətirli güllər, meyvələr göndərilir. Gizli aşiq Nəcibə xanımın ürəyini almağa çalışır və bunu bacarır - Nəcibə Məlikova Nəsrəddinlə ailə qurmağa razılıq verir.

Nəsrəddin bəy artıq bir dəfə evlənmişdi və Fuad adlı oğlu da vardı. Nəcibə xanımla evlilikdən isə Saqib adlı bir oğlu dünyaya gəldi. Nəcibə xanım hər iki uşağa eyni ana qayğısıyla yanaşır, onları bir-birindən ayırmamağa çalışırdı.


Nəsrəddin bəyin ilk evliliyindən olan oğlu Fuad Əsədov (AFFA-nın sabiq baş katibi) xatirələrində Nəcibə xanımdan heç vaxt narazı olmadığını deyib:

“İki yaşımdan məni nənəmlə babam saxlayıb. Nəcibə xanım mənə həmişə yaxşı davranıb. Ondan ömrü boyu razı qalmışam. Nəcibə xanın mənə çox yaxşı münasibət bəsləyib”.

Nəcibə Məlikovanın yaradıcılığında önəmli rol oynayan "Ögey ana" filmi də məhz öz ailəsinin hekayəsi olub. Fuad Əsədov bu haqda belə deyib:

““Ögey ana” filmi üçün süjet bizim ailə həyatımızdan hazırlanıb. Mənim nənəm Xanım xan nəslindən idi. Gəncə Mahalından Kəbleyi İsgəndərxan Muradovun qızı idi. Əsilləri Ağstafanın Dağ Kəsəmən kəndindədir. Çox şən və mərd qadın idi. Atam Nəcibə xanımla ailə quran kimi, nənəmlə münasibətləri kəsildi. Nənəm həmişə mənim öz anamı istəyib, onu qəbul edib.
Adil İsgəndərov isə atamın yaxın dostu idi. Tez-tez bizə gələrdi. Bir gün nənəmlə analığım arasındakı münasibəti müşahidə edib və nənəmə deyib ki, gərək bu haqda bir film çəksin. Düzdür, çəkməyinə özü çəkmədi. Həmin vaxt Kinostudiyanın direktoru idi. Amma filmin ssenarisi bizim ailədən idi.

Filmdə bacımın olduğu göstərilib. Atam isə həqiqətən də yol mühəndisi olub. Hətta filmdə İsmayıldan soruşurlar “böyüyəndə kim olacaqsan?” - fəxrlə deyir ki, “atam kimi yol mühəndisi olacağam”.
Nəcibə xanım həyatda ögey anam olmaqla yanaşı, filmdə də ögey ana rolunu oynayıb”.

Fuad Əsədovun sözlərinə görə, filmin çəkilişi zamanı Nəcibə xanım ssenaridə çox dəyişikliklər edib:

“Özü işin içində olduğu üçün hər detalı ətraflı danışıb və bunu filmdə yaradıb. Hər şey real həyat əsasında çəkildiyi üçün film daha çox sevilir. Rejissor təkcə həyatdakı dəcəlliyimi filmdə tam əks etdirə bilməyib. Çünki həyatda çox dəcəl olmuşam. Bizim dövrdə uşaqların ən böyük dəcəlliyi qonşuların bağına girmək sayılırdı. Mən də bu sahədə peşəkar idim. Gecələr qonşunun bağına girib ərik yeyirdik”.

Aktrisanın həyat yoldaşı Nəsrəddin bəy həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı bir kişi olub. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə “O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər”, - deyirmiş. Aktrisa dözürmüş. Amma....

Nəsrəddin bəy bir gün başqası ilə evləndiyini bəyan edir. Nəcibə xanım səssizcə oğlunu da götürüb evdın çıxır, amma böyük oğul dediyi oğulluğundan da ayrılmayır. Çox keçmir ki, Nəsrəddin bəy 30 yaşında faciəli surətdə dünyasını dəyişir. Nəcibə Məlikova 29 yaşında dul qalır, amma bir daha kimsəyə könül verməyir, yenidən ailə qurmur...

Nəcibə Məlikovanın gəlini Arifə xanım (öz oğlu Sabiqin həyat yoldaşı) aktrisa haqqında belə deyib:

“Mənliyini sevən, sözün düzünü birbaşa deyən qadın idi. Buna görə də onu sevməyənlər də az deyildi. Biz onunla gəlin-qayınana yox, ana-bala, hətta rəfiqə olmuşuq. Danışırdı ki, "Azdrama"da fəaliyyətə başladığı vaxtlarda ilk maaşına aldığı tufliləri səhnə geyimi ilə dəyişib tamaşadakı rolunu oynayandan sonra qrim otağına qayıdanda ayaqqabılarını qayçı ilə kəsik-kəsik edilmiş vəziyyətdə görüb. Yaradıcı insanlara qısqanclıq hissi xasdı. Nəcibə xanımda yeni istedadlara qarşı qətiyyən narahat bir qısqanclıq hissi yox idi. Həmişə onları tərifləyirdi...

Nəcibə Məlikova həm də çox ünsiyyətcil insan idi. Təkliyi qətiyyən sevməzdi. Musiqi ilə də arası yaxşı idi. Həm yaxşı oxumağı bacarırdı, həm də gözəl rəqs etməyi. Xüsusən "Tərəkəmə"ni böyük həvəs və bacarıqla oynayırdı. Sənətə bağlı olduğu qədər evə, ailəyə, evdar xanım vərdişlərinə də bağlı idi. Son dərəcə təmizkarlığı ilə seçilirdi. Yaxşı xörəklər bişirməyi var idi. Nəcibə xanım özü daha çox balıq yeməklərini xoşlayırdı”.


“Ögey ana” filminin Cəmiləsi - Sevinc Axundova:

“Nəcibə xanım çox gözəl insan və aktrisa idi. Onun bizim ailəylə tanışlığı var idi. O bizə gələrdi, biz onlara gedərdik. Bir sözlə bir-birimizin şad günlərində yığışardıq. Nəcibə xanımdan nəinki mən, filmdə çəkilən bütün uşaqlar ana qayğısı görmüdü. Hamı bir-biri ilə çox yaxın dost idi. Filmdə çox böyük aktyor kollektivi var idi. Elə buna görə bu gün də film maraqla izlənilir. O, məni həqiqətən çox istəyirdi”.

Xalq artisti Firəngiz Mütəllimova: “Anamız, sirdaşımız, rəfiqəmiz idi. Onun yanında kimsə gənc aktrisalara nə isə deyə bilməzdi. Bizi müdafiəyə qalxardı. Əslində, bizi qorumaq üçün həmişə bizimlə olardı, amma ona belə bir don geyindirirdi ki, guya bizimlə gəncləşmək istəyir”.

Nəcibə Məlikova Hindistanda qastrol zamanı ağacdan üstünə qəfil atılan meymundan qorxduğundan şəkər xəstəliyinə tutulmuşdu. Həyatının sonuna kimi - 27 il şəkər xəstəliyi ilə yaşadı.  

Bakıda 27 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova İkinci Fəxri xiyabanda dəfn olunub.

M.Həsənzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi