azia.az
azia.az

“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib

25-05-2024, 09:15


 AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AR elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi və KİV əməkdaşları iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları üzərinə əklil və gül dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları konfrans çərçivəsində təşkil olunmuş sərgi ilə tanış olublar.

Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin öz universal baxışları və zəngin fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tarixində nadir şəxsiyyətlərdən biri olduğunu deyib. Qeyd edib ki, Ümummilli Lider hələ Sovet hakimiyyəti illərində SSRİ rəhbərliyinin beynəlmiləlçilik siyasətinə qarşı respublikada Azərbaycançılıq ideologiyasını həyata keçirməyə başlamış, xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlamışdır.

Akademik İsa Həbibbəyli bildirib ki, Ulu Öndər bütün sahələrdə olduğu kimi, ölkəmizdə ekologiya siyasətinə də xüsusi diqqət yetirmiş, təbii sərvətlərdən səmərəli istifadə, ətraf aləmin mühafizəsi, eləcə də biomüxtəlifliyin qorunması istiqamətində böyük yaşıllaşdırma proqramları həyata keçirmiş, həmçinin tullantıların sənaye üsulu ilə təkrar emalına nail olmuşdur. Ümummilli Liderin respublikamızın flora və faunasının qorunmasında mühüm xidmətləri olduğunu deyən akademik İsa Həbibbəyli dahi rəhbərin təşəbbüsü ilə hələ SSRİ illərində ölkəmizdə qoruq və yasaqlıqların bərpa olunduğunu, yenilərinin salındığını, ölkəmizin flora və fauna genofondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı kitab”ının təsis edildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli müstəqillik illərində isə Ulu Öndərin Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, milli parkların salınması, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması istiqamətində siyasətinin yeni mərhələyə qədəm qoyduğunu söyləyib.

AMEA rəhbəri “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin ekologiya ilə bağlı siyasətinin alimlərimiz tərəfindən müstəqillik dövrünün çağırışları işığında yenidən cəmiyyətimizdə təbliğ olunduğunu deyib. Diqqətə çatdırıb ki, “Heydər Əliyev İli”ndə AMEA-da ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutmaq və onun adı ilə bağlı olan yaşıllaşdırma ənənəsini inkişaf etdirmək məqsədilə Nadir ağaclar parkı salınıb.

Ulu Öndər Heydər Əliyevin ideyalarının müasir dövrdə Prezident İlham Əliyev tərəfindən milli və dövlətçilik maraqlarımız qorunaraq daha da inkişaf etdirildiyini deyən AMEA rəhbəri bu gün Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa edərək dünyada söz sahibi ölkələrdən birinə çevrildiyini bildirib.

Qeyd edib ki, dövlət başçısının Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi layihələr həyata keçirilir.

Azərbaycanın iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə öndə gedən dövlətlərdən biri olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevə və Azərbaycana böyük hörmət və etimadının bariz göstəricisidir.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını 23 may peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra çıxış edən AR ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfrans iştirakçılarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından salamlayıb, tədbirin təşkilində göstərilən dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Nazir Muxtar Babayev çıxışında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini 23 may peşə bayramları münasibətilə təbrik edib. Qeyd edib ki, ətraf mühitin həyatımızdakı rolunu görən və ekoloji problemlərin həllinə böyük önəm verən Ulu Öndər Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Diqqətə çatdırıb ki, dövlət başçısının 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Ümummilli Liderin zəngin fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi, ekoloji məsələlərə, ətraf mühitin sağlamlaşdırılması işinə də xüsusi diqqət yetirdiyini deyən Muxtar Babayev Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi birinci dövrdə Abşeron yarımadasının yaşıllaşdırıldığını, nəticədə adambaşına düşən yaşıllıq payının 5 dəfə artdığını vurğulayıb. Qeyd edib ki, həmin dövrdə görkəmli dövlət xadiminin təşəbbüsü ilə yeni təbiət qoruqları və yasaqlıqları salınıb, bu istiqamətdə ümumilikdə 8 qanun və 30-dan çox qərar qəbul edilib.

“Müstəqillik illərində isə yeni ekoloji siyasət formalaşdırılıb, biomüxtəlifliyin, təbiət aləminin qorunması diqqət mərkəzində saxlanılıb. “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiq edilib, milli parklar yaradılıb, Abşeron yarımadasının su təchizatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilib, dağ-mədən sənayesi inkişaf etdirilib”, - deyə nazir Muxtar Babayev diqqətə çatdırıb.

Ulu Öndərin əsasını qoyduğu ekologiya siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Muxtar Babayev ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ekoloji məsələlərə də xüsusi diqqət yetirildiyini, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da bunun nəzərə alındığını bildirib.

Ümummilli Liderin həyata keçirdiyi yaşıllaşdırma işlərinin bu gün də davam etdirildiyini qeyd edən Muxtar Babayev son 5 il ərzində 10 milyondan çox ağacın əkildiyini söyləyib. Həmçinin “Heydər Əliyev İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA-nın və Elm və Təhsil Nazirliyinin birgə əməyi nəticəsində Ulu Öndərin 100 illiyinə töhfə olaraq Azərbaycan Respublikası “Qırmızı kitab”ının 3-cü cildinin nəşr olunduğunu diqqətə çatdırıb.

O, çıxışının yekununda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçiriləcək olmasının Azərbaycanda biomüxtəlifliyin qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində atılmış addımların əməli nəticəsi olduğunu deyib.

Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə xatirə hədiyyəsini təqdim edib.

Konfransda çıxış edən AR elm və təhsil naziri Emin Əmrullayev tədbirin təşkilinə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirak üçün dünyanın bir çox aparıcı ali təhsil müəssisələrinin təşəbbüs göstərdiklərini vurğulayıb. Qeyd edib ki, hazırda bir çox dünya universitetləri üçün ətraf mühitlə bağlı dəyişikliklər, dayanıqlılıq ən mühüm mövzulardan biridir və bu istiqamətdə Bakıda keçiriləcək COP29 çərçivəsində müzakirələr aparıla bilər.

AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə çıxışında diqqətə çatdırıb ki, ölkəmizdə dövlət başçısının rəhbərliyi altında ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası istiqamətində mühüm addımlar atılır. Azərbaycan bununla paralel olaraq COVİD-19 pandemiyası dövründə olduğu kimi, dünya dövlətlərinə də yardım edir və ölkəmizin bu təşəbbüsləri beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanır. Məhz bunun məntiqi nəticəsi olaraq COP-29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçiriləcəyini bildirən Sadiq Qurbanov Azərbaycanın artıq qlobal məsələlərin həlli mərkəzinə çevrildiyini və dünyanı ətrafında birləşdirdiyini söyləyib.

AR Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov isə çıxışında qeyd edib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, meşə zolaqlarının salınması, flora və faunamızın qorunması, su təmizləyici qurğuların quraşdırılması, mövcud su ehtiyatlarının qorunması və çirklənməsinin qarşısının alınması, su anbarlarının tikintisi, ekoloji tarazlığın bərpası, torpaqların deqradasiyasının qarşısının alınması siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır və bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.

Daha sonra AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynovanın çıxışı dinlənilib. Akademik qeyd edib ki, XX əsrin ikinci yarısında və XXI əsrdə Azərbaycan xalqının siyasi, ideoloji və mənəvi liderliyi missiyasını böyük şərəf və uğurla həyata keçirmiş Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbiətdən səmərəli istifadə məsələlərinə, xüsusən bu məsələlərdə elmin iştirakına hər zaman böyük diqqət yetirmişdir. Ulu Öndərin qayğı və diqqəti ilə hər zaman əhatə olunan Azərbaycan elmi tərəfindən yaşıl dünya tədqiqatlarına bu günə kimi verilmiş dəyərli töhfələri mütləq qeyd etmək lazımdır. Bunlar həm yaşıl dünyanın, həm də müvafiq elm sahələrinin populyarlaşdırılması üçün də əhəmiyyət daşıyır. Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin elmi yaradıcılığı fotosintez tədqiqatların ən yüksək zirvəsi hesab edilə bilər. Cəlal müəllimin fotosintez və fototənəffüz sahəsində əldə etdiyi mühüm elmi nailiyyətlər Azərbaycan elminə dünya səviyyəsində şöhrət gətirmişdir.

Akademik İradə Hüseynova bildirib ki, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi strateji qərar olmaqla, “yaşıl iqtisadiyyat”ın, “yaşıl enerji”nin, “yaşıl texnologiyalar”ın, “yaşıl dünya”nın inkişafına, respublikada “yaşıl ətraf mühit”in və “yaşıl artım”ın təmin edilməsinə töhfə verir.

“Biomüxtəlifliyin mühafizəsi istiqamətində elmimizin nailiyyətləri sırasında Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşrini bir daha qeyd etməyi vacib sayıram. Bu kitab digər özəllikləri ilə birgə, həmçinin müxtəlif təşkilatların, elmi kollektivlərin ümumi məqsəd ətrafında kompleks, multidissiplinar tədqiqatlar aparma imkanları və qabiliyyətinə gözəl nümunə göstərilə bilər”, - deyə alim vurğulayıb.

Akademik qeyd edib ki, müvafiq məsələlər AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin daim diqqət mərkəzində olmuş, ölkənin elmi tədqiqat və təhsil müəssisələrində aparılan tədqiqatlar üçün müəyyənləşdirilmiş prioritet istiqamətlər arasında mühüm yerlərdən birini - “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” tutmuşdur: “Konfransın mövzuları sırasında “İşğaldan azad olunmuş ərazilərin ekoloji problemləri”ni xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu istiqamətdə ediləcək müzakirələr elmin Qarabağa “Böyük Qayıdış”ına mühüm təkan verilməsi baxımından da maraq kəsb edir”.

Alim çıxışının sonunda qeyd edib ki, konfransın rəsmi elektron poçt ünvanına ölkənin 80 təşkilatından (dövlət orqanları, publik hüquqi şəxslər, elmi tədqiqat, ali və orta ixtisas təhsili müəssisələri, ictimai təşkilatlar və s.) ümumilikdə 317 məruzə tezisi təqdim edilib, onlardan 289 tezis konfransda təqdim edilmək məqsədi ilə seçilib.

Qeyd edək ki, konfrans çərçivəsində, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda seksiya iclasları da keçirilib.

Konfrans iştirakçıları mayın 24-də Altıağac Milli Parkına səfər edəcəklər. Konfrans öz işini bu gün başa vuracaq.

 

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi