azia.az
azia.az

Meyxana kralını hönkür-hönkür ağladan nə idi? - FOTO

24-07-2024, 09:53

Kulis.az meyxana aləminin kralı hesab olunan Rəşad Dağlı haqında on maraqlı faktı təqdim edir.

Rəşad Vaqif oğlu Əmirov 21 aprel, 1984-cü ildə Bakının Yasamal rayonunda anadan olub. 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edəndən sonra böyük populyarlıq qazanıb.

O, gəlib-keçmiş meyxanaçılar arasında ən yaxşılardandır. Hətta “deyişmə” müstəvisində, bəlkə də, ən yaxşısıdır. Səri bəhrində aparılan çevik deyişmələrdə Rəşadı məğlub edən meyxanaçı olmayıb. O, hətta Aydın Xırdalanlı ilə də kəllə-kəlləyə gələ bilirdi.

Bir qrup meyxana deyən gənc Rəşad Dağlının öz avtoritetindən istifadə edərək gənclərin yolunu bağladığını iddia edir. Bir vaxtlar Rəşadla üz-üzə deyişən, hətta bəzi meydanlarda Rəşada layiqli rəqib olan o gənclər günlərin birində “meyxana kralı”nın qəzəbinə tuş gəlir, Rəşad onların olduğu məclislərdən imtina etməyə başlayır. Təbii, məclis sahibi də bu seçim qarşısında qaldıqda Rəşadı seçir və həmin gənclərdən imtina edir. Gənclərin iddiasına görə, Rəşad onunla ciddi rəqabət aparan rəqibləri sevmir. O, toylara, adətən, elə kollektivlə yollanır ki, həmin məclisdə onun krallığı açıq-aydın seçilsin, onunla deyişən, bir məclisdə olan şəxslər də, iddiaya görə, bu qaydaya sadiq qalırlar...

***

Bu haqda Rəşad Dağlının yaxın dostu Orxan Lökbatanlı müsahibələrinin birində deyir:

“Mən Rəşadı neçə illərdi tanıyıram. Rəşad kiminsə çörəyinə bais olacaq insan deyil. Sadəcə, elə adamlar var ki, özlərini meyxanaçı kimi qələmə verirlər. Biz məclisə gəlirik, bizə deyirlər, filan uşaq təzə-təzə meyxana deyir, istedadı var, qoyun o da sizinlə meyxana desin. Razılaşırıq. Həmin uşaq mikrofonu əlinə götürüb ikinci bəndə keçəndə başlayır qanacaqsızlıq etməyə. Ola bilər, həmin məqamla bir də rastlaşmamaq üçün mən də, Rəşad da, digər meyxanaçılar da toya dəvət edənə deyək ki, məclisdə keçən dəfə qanacaqsızlıq edən oğlan olmasın”.

Rəşad Dağlı 2010-cu ildə Nailə Süleymanzadə adlı xanımla ailə qurub. Onların Yusif adlı oğlu və Bətül adlı qızları dünyaya gəlib. 9 ildən sonra, 2019-cu ilin avqust ayında isə Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.

***

Xəbərin üzərindən bir neçə saat keçəndən sonra Nailə xanım mətbuata açıqlama verərək boşanma haqqında məhkəməyə müraciət etdiyini doğrulayıb:

"Bu haqda danışmaq istəmirdim. İstəməzdim ki, belə xəbərlər mətbuatda yer alsın. Biz Rəşadla dost kimi ayrılmağı düşünürük. O, övladlarımın atasıdır. Sadəcə ailə münaqişələrimiz oldu və anlaşa bilmədik. Boşanma ərizəsini mən vermişəm. Rəşad isə bununla razı deyil".

Rəşad 2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib. Bu verilişdə o, aktrisa Mehriban Xanlarova ilə mübahisələri ilə yadda qalıb. Belə ki, aktrisa dağlılardan səs istəyib. Rəşad özü də Dağlı olduğu üçün onun səs istəməsinə belə münasibət bildirib:

"Dağlı qadını Cəfər Cabbarlını, Mikayıl Müşfiqi dünyaya gətirən qadındır, Mehriban Xanlarova deyil".

Bu şouda Rəşad yüksək səs yığaraq stilist Anar Ağakişiyevi uzaqlaşdırması ilə də yadda qalıb.

***

Deyilənlərə görə, Rəşadın ən möhkəm konflikt yaşadığı meyxanaçı Rüfət Nasosnu olub. Belə ki, məclislərin birində onların mübahisəsi o qədər dərinləşib ki, Rəşad öz həmkarını bıçaqlayıb. Bir müddət sonra Rəşadla birgə şəkilini sosial şəbəkədə paylaşan Rüfət belə yazıb:

“Mən ancaq Allahdan xeyirlisini arzuladım... istər özümə, istər özüm kimilərə”.


Meyxananın tacı və kralı hesab olunan Rəşad Dağlı bu gün də öz taxtını qorumaqdadır. Meyxana aləmində onun rəqibi yoxdur. Rəşad mətbuata heç bir müsahibə vermir. Son günlər isə o bunu Aydın Xırdalanlının, Vüqar Biləcərinin ölümü ilə əlaqələndirib və onlara hələ də yas saxladığını bildirib. O, nə qədər sərt, davakar təsir bağışlasa da o, göz yaşları ilə də yadda qalıb. Yaxın dostları Aydın Xırdalanlı və Vüqar Biləcərli dünyasını dəyişən zaman Rəşad kameralar qarşısında hönkür-hönkür ağlayıb.

***

Rəşad Dağlı 9 noyabr 2022-ci ildə qonşusu 43 yaşlı İskəndər Mehtiyevlə aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qətlə yetirib. Hadisədən sonra könüllü polisə təslim olan Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi