"Mən 100 min dollardan mərcə girməyi təklif etmişdim" - Gənc meyxanaçı ilə MÜSAHİBƏ (FOTOLAR)
Son zamanlar efirlərdə, saytlarda və sosial mediada bayağı meyxana mövzusu çox müzakirə olunur. Meyxananın gənclərə pis örnək olduğu və pis vərdişləri təbliğ etdiyi deyilir. Bir neçə gün öncə bu məsələni həll etməyə çalışan tanınmış şair Salam Sarvan meyxanaçıları duelə çağırmışdı. O, “meyxanaya öz yerini göstərmək üçün” onlarla deyişməyə hazır olduğunu, məğlub olacağı halda qələmi yerə qoyacağını bildirmişdi.
Daha sonra bayağı meyxana mövzusu tanınmış aparıcılar Vüsalə Məmmədova və Azər Aydəmirin təqdimatında baş tutan “Sabaha saxlamayaq” verilişində də geniş müzakirə olundu. Həmin verilişdə qonaq olan gənc meyxanaçı Kərim Abi verdiyi açıqlamalar ilə gündəmə gəlib.
Maraqlı fikirlərə sahib olan, istənilən gənc şairlə duelə çıxmağa hazır olduğunu deyən gənc meyxanaçı ilə söhbət etdik.
Musavat.com 25 yaşlı gənc meyxanaçı ilə müsahibəni təqdim edir:
- Kərim Abi kimdir və Abi ləqəbi haradan gəlir?
- Kərim Abi gənc bir oğlandır. Abi ləqəbim isə "Xəzər Lənkəran" klubu ilə bağlıdır. Mən "Xəzər Lənkəran"ın azarkeşiyəm. Biz dostlarla “Xəzər Lənkəran”ın oyunlarını izləməyə gedəndə tribunada Kamal Abi və Kərim Abi (mən) var idi. Biz orada azarkeş qrupunu idarə edib bəstələr oxuyurduq. Orada gənc dostlarımız Kamala və mənə abi deyirdilər. Eləcə tribunalardan ləqəbim abi qalıb. Özümün də bu ləqəb xoşuma gəldiyim üçün istifadə etməyə başladım. Əsl ad-soyadım isə Kərim Kərimovdur.
- Salam Sarvanın duel təklifi nə qədər ədalətli idi və əgər o deyişmə baş tutsaydı, şairlər, yoxsa meyxanaçılar qalib gələrdi?
- O duel baş tutsaydı, qeyd-şərtiz Salam Sarvan qələmi yerə qoyacaqdı. Hətta mən 100 min dollardan mərcə girməyi təklif etmişdim.
- Salam Sarvanın o statusu silməyini necə qiymətləndirirsiniz?
- Salam Sarvan birinci dəfə deyil ki, yazdığı statusu silir. O, bundan əvvəl də bir neçə dəfə yazdığı fikirləri sonradan pozub. Ola bilsin yazdıqdan sonra peşman olur.
- Kəramət Böyükçölə verdiyiniz cavab sosial şəbəkədə geniş müzakirə olundu. Sizcə, həqiqətən verdiyin cavab qaqaş təfəkkürlü idimi?
- Qaqaş təfəkkürü elə bir insana "bu" deyərək müraciət etməyin özüdür. Mən Kəramət Böyükçöl ilə söhbət edəndə danışıq normalarını pozmurdum, amma o mənə "bu" deyə xitab edirdi. Kəramət məni qıcıqlandırmaq istəyirdi. Açığını desəm, həqiqətən o sözə qıcıqlandım, lakin səbrlə davranmağı və təmkinli cavab verməyi bacardım.
- Həmin verilişdə bir fikir ayrılığı yarandı ki, meyxana dil hadisəsi və ya təfəkkür hadisəsidir. Kərim Abiyə görə meyxana nədir?
- Mənə görə meyxana bədahətən deyilən şifahi xalq ədəbiyyatıdır. Lakin həmin verilişdə mövzu meyxana olsa da, məsələyə çox uzaqdan yanaşırdılar. Mövzu ilə danışıqlar üst-üstə düşmürdü. Meyxana mənim üçün bir cәrәyandır, hardasa hәyata keçmiş arzumdur. 17 yaşım olanda dostum yolda soruşdu ki, meyxananı nә qәdәr sevirsәn, hәmin vaxt qarşımızda bir bahalı maşın var idi, dedim, bax, bu maşını verәlәr, üstündә dә 100 min pul, bir yanda da Rәşad Dağlının tәbini qoyalar, Rәşadı seçәrәm.
- Gənc yazıçıların kitablarını oxuyursunuzmu?
- Gənc yazarların heç bir kitabını oxumuram. Lakin şairləri oxuyuram. Misal üçün Elşən Mehdi, Rəşad Nağı, Elvin Paşa, Pərviz Arif vә Baba Qәdirli.
- Bayağı meyxananı efirlərdən təmizləmək üçün ilk olaraq hansı addımlar atılmalıdı? Və siz özünüz bunun üçün nələrsə edirsinizmi?
- Efirdə (televiziya) heç bir zaman bayağı meyxana gedə bilməz. Çünki orada senzura var. Yutubdakıları deyirsinizsə oradakı bayağı meyxananı təmizləmək mümkün deyil. Hər peşənin pisləri var. Sözlə davranmaq qaydaları var. Sözlərdən lətifə üçün də söyüş söymək üçün də istifadə etmək mümkündür.
- Azərbaycan ədəbiyyatının satirik poeziyasının böyük ustalarını hər kəs tanıyır. Sizcə, bu gün Azərbaycanda satirik poeziyanın ustası yəni dövrümüzün Mirzə Ələkbər Sabiri varmı?
- Bəli var. Tofiq Həsənli çox gözəl əruzşünasdır, qəzəlxandır və o cümlədən satira ustasıdır. Hətta ona dövrümüzün Sabiri də deyirlər.
-Bildiyim qədəri ilə gənc istedlar arasında yer alan Səfa Mehdi və Əlibəy Məmmədlinin də dövrümüzün Sabiri adlandırırlar.
- Əlibəy Məmmədlini izləyirəm. Çox istedadlıdır. Yaxşı satirası var, lakin dövrümüzün Mirzə Ələkbər Sabiri adlandırmağımız tez olar. Səfa Mehdini isə izləmirəm. Onun haqqında heç bir fikir deyə bilmərəm.
- Maddi olaraq meyxanaçıların şairlərdən daha yaxşı yaşadığı deyilir. Kərim Abi necə yaşayır.?
- Meyxanaçılar da şairdir dә, ayırmayaq. Kərim Abi bir cavan gəncin özünü təmin edəcək qədər pul qazanır. Lakin o qədər də imkan sahibi deyiləm. Misal üçün, bir çox meyxanaçının avtomobili var, mənim isə yoxdur. Çox istərdim ki, mənim də bir avtomobilim olsun.
- Qadınların meyxana gəlməsini necə qarşılayırsınız? İstər izləməyə gələnlər, istərsə də meyxana deyənlər.
- Mənim üçün qadın meyxanaçı anlayışı yoxdur. Çünki onlar sadəcə yazılmış, studiyada hazırlanmış materialı deyirlər. Qadın meyxanaçılar bədahətən meyxana deməkdə çətinlik çəkirlər. Bildiyim qədəri ilə tәk Samirə xanımda bədahətən demə qabiliyyəti var. Mən gender bərabərliyinin tərəfdarı olan adamam. Buna pis baxmıram. Lakin qadınların meyxanaya gəlməsi normal qarşılanmır. Mən istərdim ki, bu hal cəmiyyətimizdə çox normal qarşılansın. Necə ki artıq qadınlar stadiona futbola baxmağa rahat gedir.
- Kərim Abi media nümayəndələrindən razıdırmı?
- Əlbəttə ki, yox (gülür). Təbii ki, istisnalar var. Lakin Azərbaycan mətbuatı dezinformasiyanın zirvəsindədir. Mən özüm dəfələrlə yalan xəbər başlıqlarının qurbanı olmuşam. Bu da məni narahat edən məsələlərdən biridir. İnsanların hisləri ilə oynayırlar.
- TED X çıxışınızda maraqlı bir qeyd etmişdiniz ki, "Söz bıçaq kimidir, bu qatilin də əlində ola bilər, aşpazın da". Sizcə, bu gün meyxanada “bıçaq” daha çox aşpazların yoxsa qatillərin əlindədir?
- Təbii ki, qatillərin əlindədir. Şeirlə oyun çıxarırlar. Bu gün xeyli sayda şeir yaza bilməyən, lakin şair kimi tanınan adamlar var. Deyəndə ki, bu adam şeir yaza bilmir, deyirlər ki, sənin şeirdən başın çıxmır. Şeir musiqi növü və ya futbol deyil. Bu ölkədə Ramiz Rövşən, İlqar Fəhmi, Vüqar Rahi, Axund Azәr Sani, Musa Yaqub kimi ustadlar ola-ola, feysbukda şeir yazıb 300 layk yığan adama şair deyilməsi fiaskodur, tragediyadır. Müasir Azərbaycan ədəbiyyatından bu gün qadın, şərab, sənsizlik və öpüş sözünü çıxarsaq, o bәzi 300 layk yığan şairlər havada qalacaq.
- Kərim Abi repə qulaq asırmı?
- Bəli, repə qulaq asmaqla aram yaxşıdır. Əslində repdə məni təəccübləndirən bir şey yoxdur. Sadəcə onların mövzuya yanaşması və texnikası qәribәdir vә çox maraqlıdır. Qulaq asdığım reperlər “Xpert”, ”Yap10”, ”Tibu”, ”Ziq-Zaq” vә "De-Fakto”dur.
- Yeni nəsil gənclərə, yəni həmyaşıdlarınıza demək istədiyiniz sözlər varmı?
- Yeni gənc nəsilə məsləhətim yerə zibil atmasınlar və yol ilə gedən qadınlara sataşmasınlar. Bu iki şeyi düzəldə bilsək, bayağı meyxana da daxil olmaqla cəmiyyət olaraq bu ölkədə çox şeyi yoluna qoya bilərik. Bir də şəxsi inkişafları ilə məşğul olsunlar.
Turan Oruc
Musavat.com