Milli Məclisin deputatı Mədəniyyət nazirliyin tənqid etdi
“Azərbaycan xalqı zəngin tarixi-dini və mədəni irsə sahibdir. Ölkəmizdə tarixi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər görülür və bu sahə dövlətimizin qayğısı ilə əhatə olunub. Lakin görülən işlərlə yanaşı bir sıra tarixi abidələr var ki, onların bərpasına ehtiyac duyulur. Bu baxımdan, millət vəkili olaraq təmsil etdiyim, böyük tarixi keçmişə, tarixi-mədəni abidələrlə zəngin olan Bərdə rayonunda da bu sahə ilə bağlı görüləsi çox işlər var”.
“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım facebook səhifəsində paylaşıb.
Deputat bildirib ki, Bərdə rayonunda bir sıra tarixi abidələr var ki, təcili olaraq onların bərpasına ehtiyac var. Belə abidələrdən biri Bərdə rayonun Həsənqaya kəndində yerləşən yerli əhəmiyyətli XIX əsrə aid olan “Balabəy Tağızadənin yaşayış evi” tarixi memarlıq abidəsidir. Bu abidə hazırda qəzalı vəziyyətdədir. İkimərtəbəli ev 1893-cü ildə Balabəy Tağızadə tərəfindən tikdirilib və XIX əsr bəylərinin yaşayış tərzini əks etdirir. Çox təəssüf ki, uzun illərdir tarixi abidədə baxımsız və standartlara uyğun olmayan Həsənqaya kənd tibb məntəqəsi yerləşdirilib. “Bunu qəbulolunmaz hesab edirəm. Tarixi abidəyə yerində baxış keçirmişəm və məsələ ilə bağlı aidiyyəti dövlət orqanlarına dəfələrlə müraciətlərim olub. Bu tarixi abidə qəzalı vəziyyətdədir. Burada təmir-bərpa işlərinin aparılması zəruridir və bunun üçün ilk olaraq Həsənqaya kənd tibb məntəqəsi “Balabəy Tağızadənin yaşayış evi” tarixi memarlıq abidəsindən başqa yerə köçürülməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinə bu məsələ ilə bağlı müraciətimizi etdik və aldığımız cavaba görə aidiyyəti orqanlara tapşırıq verilmişdir. Artıq Həsənqaya kənd tibb məntəqəsinin başqa binaya köçürüləcəyi ilə bağlı TƏBİB tərəfindən bizə yazılı olaraq bildirilmişdir”,-deyən millət vəkilinin sözlərinə görə, bununla yanaşı Bərdə rayonu Şirvanlı kəndi ərazisində, xüsusilə də Bərdə-Ağdam avtomobil yolunun üzərində yerləşən digər yerli əhəmiyyətli “Şirvanlı hamamı” tarixi memarlıq abidəsinin bərpası ilə bağlı olaraq dəfələrlə Mədəniyyət Nazirliyinə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə şifahi və yazılı müraciətlərimin nəticəsi olmayıb. “Şirvanlı hamamı” tarixi memarlıq abidəsinin Bərdə-Ağdam avtomobil yolunun üzərində yerləşməsi onun turizm əhəmiyyətini daha da artırır. Əgər bu abidə bərpa olunarsa Qarabağa səfər edən turistlərin ziyarətgahına çevriləcək. Təəssüflər olsun ki, Regional Mədəniyyət idarələrinin rəhbərlərinin tez-tez dəyişdirilməsi də bu məsələnin həllinin gecikməsinə gətirib çıxaran səbəblərdəndir.
“Hesab edirəm ki, tariximizi göstərən abidələrimizi mütləq şəkildə qoruyub saxlamalı və gələcək nəsillərimizə çatdırmalıyıq. Nəzərə almaq lazımdır ki, hər gün keçdikcə bu tarixi abidələr daha da qəzalı vəziyyətə düşərək dağılmağa doğru gedir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarix və mədəniyyətimizə, abidələrimizə göstərdiyi diqqət və qayğı siyasətinə uyğun olaraq, hər iki tarixi abidəmizin tezliklə təmir olunaraq, yerli və xarici turistlərin ziyarətinə açılacağına inanırıq”, – deyə Fatma Yıldırım qeyd edib.