azia.az
azia.az

Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasının 4-cü iclası keçirildi

10-04-2023, 22:19

Bu il aprelin 7-də Türkiyənin İstanbul şəhərində Türk Ticarət və Sənaye Palataları (TCCI) Birliyinin Baş Assambleyasının 4-cü iclası keçirilib. İclasda, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti iştirak edib.  Tədbirə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistandan sahibkarlar təşkilatlarının rəhbərləri, adıçəkilən ölkələrin, o cümlədən Macarıstanın Türkiyədəki diplomatik nümayəndəliklərinin təmsilçiləri qatılıblar.

İclası Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) prezidenti  Rıfat Hisarcıklıoğlu açaraq TCCI-nin 2022-ci ildə fəaliyyətinə dair hesabat verib. Sonra Palatanın yeni əsasnaməsinin imzalanması, Palataya prezidentin, İdarə  Heyətinin və Müşahidə Şurasının üzvlərinin seçilməsi, Baş katibin təyin edilməsi və digər məsələlər üzrə qərarlar qəbul edilib. TCCİ-nın Baş katibi Adəm Kulanın moderatorluğu ilə keçən görüşdə ASK prezidenti M.Musayev, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Kipr Türk Respublikasının ticarət və sənaye palatalarının rəhbərləri çıxış ediblər.

Bununla yanaşı, ASK İdarə Heyətinin üzvü, Türk Ticarət və Sənaye Palataları Birliyinin Qadın Sahibkarlar Komitəsinin sədri Səkinə Babayeva Komitənin fəaliyyəti haqqında məlumat verib. Eləcə də, Kipr Türk Respublikasının qadın sahibkarlıq təşkilatı Komitəyə üzv qəbul edilib.

İclas zamanı, Türk Ticarət və Sənaye Palataları Birliyinin növbəti bir il üçün prezidenti Türkiyə Odalar və Borsalar Birliyinin 2rəhbəri seçilib. Bu ilin oktyabr ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündən öncə, sentyabr ayında Türk Ticarət və Sənaye Palataları (TCCI) Birliyinin təşkilatçılığı ilə Türk Biznes Forumunun Qazaxıstanda keçirilməsi qərara alınıb.

Həmçinin, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər tərəfindən yaradılmış, ilkin olaraq, 500 milyon ABŞ dolları həcmində kapitalı olan və əsasən Türk dövlətlərində investisiya layihələrinin dəstəklənməsi məqsədi daşıyan “Türk İnvestisiya Fondu”nun rəhbəri Bağdat Amreyevin geniş təqdimatı dinlənilib. O çıxışı zamanı fondun yaradılmasının və dəstəklənməsinin əsas təsəbbüşkarı kimi Azərbaycan prezidenti İlham Əliyevə xüsusi təşəkkürünü bildirib.

Bununla yanaşı, İnvestisiya Fondunun maliyyə imkanlarında istifadə baxımından, eləcə də yenidən formalaşdırılan Türk Ticarət və Sənaye Palataları Birliyinin əsas fəaliyyət istiqamətləri – türk dünyası ölkələri arasında qida təhlükəsizliyi məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında ticarət, investisiya əlaqələrinin dəstəklənməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması müzakirə olunub. Türk dövlətləri arasında maliyyə və investisiya cəlbedicililiyinin artırılması, ölkələr arasında elektron ticarətin, eləcə də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi sahələri əsas prioritet sahələr kimi təklif edilib.

İclasda səsvermə ilə Kipr Türk Respublikasının Ticarət və Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinə müşahidəçi üzv seçilib.

Qeyd edək ki, tədbir çərçivəsində ASK prezidenti Məmməd Musayev Palataya üzv təşkilatların rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Belə ki, Türkiyə Odalar və Borsalar Birliyi prezidenti Rıfat Hisarcıklıoğlu, Özbəkistan Respublikasının Ticarət-Sənaye Palatasının Rəyasət Heyətinin sədri, Gənclər Siyasəti və İdman naziri Adham İkramov, Qazaxıstan Beynəlxalq Ticarət Palatasının sədri Ayan Yerenov və Qırğız Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Temir Sarıyev ilə keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında mövcud iqtisadi və ticarət əlaqələri, qarşılıqlı biznes missiyaların təşkili, mövcud imkanlar və gələcək planlar haqqında geniş fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi