Şokoladın keyfiyyətini necə bilməli?
Şokoladı hamımız sevirik. "Ekspress" qəzeti yazır ki, demək olar ki, hər birimiz gündəlik qida rasionumuzda bu şirniyyatdan istifadə edirik. Şokoladı ən çox qadınlar sevsələr də, dünyada bu qida kişi məmulatı kimi qəbul edilib və bütün şokolad istehsalçıları öz məhsullarını birbaşa kişilərə istiqamətləndirirlər. Bəs bu gün sevə-sevə istifadə etdiyimiz şokolad seçərkən nəyə fikir verməli olduğumuzu bilirikmi?
Satıcı Nigar Süleymanovanın bildirdiyinə görə, məhsulların əksəriyyəti Rusiyadan gətirilsə də, mağazada yerli mal da satılır. O, müştərilərin daha çox xarici mala üstünlük verdiklərini deyir. "Alıcıların çoxu xarici məhsullara üstünlük versə də, yerli mal alanlar da az deyil. Azərbaycan istehsalı olan şokoladlar xarici məhsullara nisbətən daha ucuz qiymətədir. Bu səbəbdən ucuz satılır".
Şokoladların keyfiyyəti haqqında məlumatsız olduğunu bildirən N.Süleymanova ən bahalı şokoladın kiloqramının 50 manat, ən ucuzunun isə 8 manata olduğunu bildirir.
Şokoladın orqanizm üçün xeyirli tərəflərindən söz açan şirniyyatçı Nailə Sultanovanın dediyinə görə, şokolad insanı ruhlandırır, stres və depressiyadan uzaq tutur. Zərif cinsin nümayəndələrində piy hüceyrələri çox olduğu üçün onların şirniyyata meylləri daha çox olur. "Təcrübələrə əsasən deyə bilərəm ki, şokolad əsəbləri də sakitləşdirir".
Dediyinə görə, şokoladın keyfiyyəti onun tərkibində olan kakaonun faizindən asılıdr. Belə ki, tərkibində 40 faizdən az kakao olan şokoladların keyfiyyəti aşağı hesab edilir. Şokolad hazırlanarkən əlavə olaraq, çeşidli meyvələrin ləpəsindən, quru süddən, vaflidən, sukatdan, yağlardan və ətirli maddələrdən istifadə edilir.
Tibb aləmində də şokoladın xeyirli qida olduğu qeyd edilir. Həkim Bəsti Əlməmmədova bildirir ki, tərkibində flavonoid maddəsi olan şokolad insanın əhval-ruhiyyəsini qaldırmaqla yanaşı, ürək-damar xəstələrinə də xeyirlidir. Şokoladın tərkibində E və B vitaminləri, dəmir, maqnezium, kalium olduğuna görə bu, orqanizm üçün əvəzedilməz qida sayılır. Şokolad qaraciyər üçün xeyirlidir. Amma şokoladdan istifadə edərkən qədərinə nəzər yetirmək lazımdır. Hamiləlik dövründə şokoladdan istifadə etmək qadının əhval-ruhiyyəsini qaldırmaqla yanaşı, onu gücləndirir. Hamiləlik dövründə qida rasionunda şokolada üstünlük verən qadınların övladları daha sağlam olur.
Hər səhər şokolad yemək qan təzyiqini tənzimləməklə yanaşı, qaraciyərin də normal çalışmasına yardım edir. Amma həddən artıq şokolad yemək dişlərin çürüməsinə, səpməyə səbəb olur. "Azyaşlı uşaqlara çox şokolad vermək olmaz, bu onlarda iştahsızlıq və allergiya yarada bilər. Hər şey qədərində gözəldir".
Həkimin fikrincə, şokolad yeyənlərdə xoşbəxtlik hormonu yaranır ki, bu, insanı yaşamağa həvəsləndirir. Şokolad yeyən qadınların dərisi gözəl, hamar və şəffaf olur. "Xanımlar daim özlərini gümrah hiss etmək istəyirlərsə, gündəlik qida rasionlarında şokolada mütləq yer ayırmalıdırlar. Şokolad dəri xərçəngi riskinin qarşısını alır, cinsi istəkləri artırır. Şokolad insana müsbət hisslər bəxş etməklə yanaşı, sağlamlıq mənbəyidir".
Şokoladın saxlanması da xüsusi olmalıdır. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, şokolad 18 C temperaturda və 75 faiz nisbi rütubətdə, sadə şokalad 6 ay, içlikli şokolad 3, çəki ilə satılan sadə şokolad 4, qarışıq şokolad isə 2 ay saxlanıla bilər. Şokoladı açıq günəş işığı altında və spesifik qoxulu məhsullarla birlikdə saxlamaq olmaz.
Məhsulların keyfiyyətini bilmək üçün şokoladı 3-5 dəqiqə əldə saxlamaq kifayət edir. Belə ki, bu müddətdə şokolad əriyərsə, deməli, tərkibində müxtəlif yağlar var. Çünki tərkibində 55 faizdən çox kakao olan şokoladlar yayda günəş altında da ərimir.