Laçın yolundakı aksiya nə zaman bitəcək
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşada - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Aksiya artıq 17-ci günə keçdi. Ekofəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri, könüllülər hazırda havanın şaxtalı olmasına baxmayaraq, yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Onlar hər üç dildə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Bereqite prirodu!”, “Gkoüidu net! Monitorinqu da!” şüarlarını səsləndirirlər.
Aksiya dekabrın 12-dən davam edir. Bir sıra dövlətlərdən, ermənipərəst çevrələrdən səslənın haqsız tələblərə rəğmən, Azərbaycan öz prinsipial mövqeyində qalır. Çünki hər şeydən öncə bu bizim “qırmızı xətti”mizdir. “Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar”. Prezident İlham Əliyev bu sözləri dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.
“Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir”, - deyə Prezident vurğulayıb.
Laçın yolundakı vəziyyətin bu gün təhrif edilmiş tərzdə təqdim olunduğunu bildirən dövlət başçısı həmçinin deyib: “Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək”.
Bakının haqlı mövqeyi ilə Rusiya da hesablaşmaq zorundadır. Söz düşmüşkən, ötən həftəsonu Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağda Bakının monitorinq tələbi haqda danışarkən etiraf elədi ki, anlaşma məhz separatçılar tərəfindən pozulub. Sitat: “On gün əvvəl Rusiya sülhməramlılarının vasitəçilik səylərinin nəticəsində ictimai rəyi sakitləşdirmək üçün bir qrup ekoloqun mədənlərdən birinə səfərlərinin təşkili barədə razılıq əldə olundu. Lakin biz çox təəssüf edirik ki, bu razılaşma Azərbaycan tərəfinin və Rusiya sülhməramlılarının təqsiri olmadan pozuldu. Qarabağ rəhbərliyi belə bir nümayəndə heyətinin rayon ərazisinə gəlməsinə icazə vermək istəmədi”.
Laçın-Xankəndi yolundakı etiraz aksiyası fonunda Lavrovun bu açıqlaması mühüm olması və aksiyaya dolaysı ilə haqq qazandırması ilə yanaşı, Ermənistanda az qala panika qarışıq isterika yaradıb. Doğrudur, belə bir açıqlamanı son zamanlar Ermənistanda Rusiya əleyhinə güclənən ovqata cavab da saymaq olar. İstənilən halda, bu açıqlamanın davamı nə olacaq? Rusiya Bakının tələbini ermənilərə, nəhayət, qəbul etdirə biləcəkmi? Bəs separatçılar yenidən əngəl yaratsalar, onda necə, Moskvanın növbəti addımı nə olacaq?
Əlavə edək ki, srağagün separatçılar bir qrup erməni sakinin Azərbaycan ekofəallarının aksiya keçirdiyi məkana doğru yürüşünü təşkil ediblər. Lakin azərbaycanlıların yolu bağladıqları yerdə Rusiya sülhməramlıları onların qarşısını kəsib. Erməni qaynaqlarının iddiasına görə, sülhməramlılar onlara dekabrın 26-da “Laçın yolunun tam açılacağı” haqda vəd veriblər. “Sülhməramlılar yolu bağlamışdılar, konflikt yaranmasın deyə, bizi ora buraxmadılar. Amma bizə bildirdilər ki, 26 dekabrda Rusiyada vacib görüş keçiriləcək, bu görüşdən çox şey asılıdır. Yol da o vaxt açıla bilər”, - erməni mediası yazıb.
Ehtimal edilir ki, “Rusiyada keçirilən vacib görüş” deyəndə 26-27 dekabrda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti nəzərdə tutulur. Sammitdə Nikol Paşinyanın da iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Dekabrın 26-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar. “Xeyr, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, təbii ki, bu qeyri-rəsmi görüş çərçivəsində baş tutacaq. MDB ölkələrinin liderlərinə təkbətək danışmaq imkanı veriləcək”, - Kremlin sözçüsü vurğulayıb.
Siyasi analitiklər hesab edir ki, üçtərəfli görüşün olmayacağının elan edilməsi Vladimir Putinin belə bir görüşü istəmədiyi ilə bağlıdır. Putin Nikol Paşinyanın üçtərəfli görüşdə Laçın yolundakı aksiya ilə bağlı zəhlətökən fikirlərini dinləmək istəmir. Ona görə də üçtərəfli görüşün keçirilməməsini daha məqbul sayıb.
Erməni mediasının Laçın yolundakı aksiyanın 26-27 dekabrda dayandırılacağı barədə iddialarını həm bu məqam, həm də aksiyanın dünən də yüksək səviyyədə keçdiyi və hazırda davam etməsi alt-üst edir. Ermənilərin Sankt-Peterburq sammitinə olan ümidləri hələ sammit başlamadan Peskov vasitəsilə puça çıxarıldı. Odur ki, Paşinyan oradan əli-ətəyindən uzun geri dönəcək. Ruben Vardanyanın Xankəndidə 25 dekabrda təşkil etdiyi mitinqin də proseslərə təsir göstərmədiyi və göstərməyəcəyi cəmi bir gün sonra aydınlaşdı. Yayılan xəbərlərə görə, bu mitinq əslində həm də Nikol Paşinyana qarşı Vardanyanın başlatdığı prosesin tərkib hissəsidir. Paşinyanın arvadı Anna Akopyan Vardanyanın təşkil etdiyi mitinqə qarşı sosial şəbəkədə yazdıqları da bunu təsdiqləyir. Anna Akopyan “Nə vaxtsa uşaqların, 18-20 yaşlı əsgərlərin arxasında gizlənməyə son qoymalıyıq. Uşaqları qabağa verməyin” deyə söz atıb.
Xankəndidəki mitinqə separataçıların nəzarətində olan hərbi birləşmələrin və Ermənistan silahlı qüvvələrinin bölgədəki qalıqlarının əsgərlərinin mülki geyimdə gətirildiyi də yayılan xəbərlər sırasındadır.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Ruben Vardanyan Qarabağa sentyabr ayında gəlib və cəmi 4 ay içərisində separatçıların lideri halına gəlib, o, Araik Arutyunyanı arxa plana keçirib: "Ruben Vardanyan şəxsi reklamına xüsusi diqqət ayırıb. Gəldiyi 4 ayda müxtəlif ölkələrin nəşrlərinə müsahibələr verib, onun tez-tez Rusiyanın televiziya kanallarında müsahibələri yayımlanır. Rusiya xarici işlər naziri Sergey Lavrov “o, bizdən deyil” desə də, Kremlin nəzarətindəki media Vardanyana informasiya dəstəyini artırıb. Vardanyan Xankəndidəki mitinqin piarını da təşkil edib, elə indicə "Evronyus" kanalında geniş reportaj yayınlandı, proqramda ermənilərin mövqeyi işıqlandırılıb. Əlbəttə, biz haqlıyıq və doğru bildiyimiz yolla gedirik, müxtəlif istiqamətlərdən təzyiqlər qərarımıza təsir etmir. Ancaq qızışan informasiya müharibəsində geri qala bilmərik, bu, hərbi qarşıdurma ilə yanaşı həm də bir beyin yarışmasıdır, əks-həmlələr barədə düşünməli, Vardanyan amilinin zəifləməsinə çalışmalıyıq. Ermənistan hakimiyyəti + Qarabağ separatçıları + erməni lobbisi Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlıların etirazını dayandırmaq üçün bütün alətlərdən - Fransa, BMT Təhlükəsizlik Şurası, telefon zəngləri və sonda Xankəndidə mitinqdən istifadə ediblər. Nəticə yoxdur, etiraz davam edir. Rusiya hərbi kontingentindən kimsə Qarabağ ermənilərinə deyib ki, bəs 26 dekabrda guya yol açılacaq. Niyə məhz 26 dekabrda? Görünür, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin liderlərinin 26 dekabrda Sankt-Peterburqda qeyri-rəsmi toplantısında hansısa “razılaşmaya” ümid edirlər. Ancaq həmin toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü nəzərdə tutulmayıb. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüş baş tutsa belə, bunun yoldakı etiraza təsir edəcəyini söyləmək mümkün deyil. Çünki ermənilər etirazı dayandıracaq şərti - yataqlarda monitorinqə icazə vermək fikrində deyillər".
Politoloq deyib ki, beynəlxalq aləmə yolun bağlanmadığını, nəzarət altına alındığını təlqin etmək lazımdır: “Ermənilər xəstələrini keçirirlər, humanitar yüklərə maneə yoxdur, üstəgəl, erməni mənbələrinin məlumatına görə, Qırmız Xaç Komitəsi 4 xarici ölkə vətəndaşının Ermənistana keçidini də təmin edib. Aydındır ki, həmin xarici vətəndaşlar Azərbaycan qanunlarını pozaraq ərazimizə keçiblər, kimlikləri və hansı ölkəyə məxsus olduqları barədə məlumat yoxdur. Belə halların qarşısını almaq üçün yol daima nəzarət altında olmalıdır”.
Politoloq Asif Nərimanlı isə bildirib ki, Xankəndidə keçirilən mitinq Vardanyanın timsalında separatçı-terrorçu rejimin “tərəf” olaraq qəbul etdirilməsi istiqamətində ikinci cəhddir: “Birincisi, oktyabrın 3-də edildi: bir gün sonra - 31 oktyabrda Soçidə Əliyev-Putin-Paşinyan görüşü keçirilirdi və İrəvan və Qərbdə bəlli ölkələrin dəstəklədiyi, Moskvanın təşkilinə yardım etdiyi mitinqlə Bakıya "əzələ nümayişi" etdirildi. İkincisi, Sankt-Peterburqda gözlənilən görüşdən öncə edildi: 26-27 dekabr tarixində İlham Əliyev MDB dövlət başçılarının sammitində iştirak edəcək. Üçtərəfli görüş planlaşdırılmasa da, Əliyev-Putin görüşünün olacağı və Rusiyanın Laçın yolundakı aksiyanı da müzakirəyə çıxaracağı istisna deyil. Və mitinq ruslara Əliyevin “Vardanyan kartı”nı qəbul etməməsinə qarşı “erməni əhalisi Rubenin liderliyi altında birləşib” tezisini irəli sürmək imkanı yaradacaq. Əliyevin Laçın yolu ilə bağlı “mövqeyimiz zərrə qədər də dəyişməyəcək” mesajı da bu həftə məsələni müzakirəyə çıxaracaq Qərb ölkələri ilə yanaşı, həm də Rusiyada mümkün görüşdən öncə Moskvaya ünvanlanmışdı.
Xankəndi mitinqi eyni zamanda Avropada Azərbaycana qarşı planlaşdırılan müzakirələrə “Qarabağ əhalisi Bakını istəmir” mesajını ötürməyə də hesablanıb. Və bəllidir ki, Vardanyan kütləviliyi təmin etmək üçün “əlindən gələni” etdi. Ruben mitinqdə deyib ki, üç yolları var: “birincisi, tabe oluruq və gec-tez Azərbaycana inteqrasiya edirik, ikincisi, çıxıb gedirik, üçüncüsü, döyüşürük. Mən tabe olmayacam, getməyəcəm, burada qalıb döyüşəcəm”.
Bu, Bakıya qarşı açıq müharibə elan etməkdir. Mövcud şərtlərdə separatçılara da, Ermənistan da daxil olmaqla, üçüncü tərəflərə də veriləcək cavab Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər"./Yeni Müsavat