AMEA nümayəndə heyəti Lahor Dövlət Kollec Universitetində
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti Pakistanda işgüzar elmi səfərdədir.
Beynəlxalq konfransa dəvət almış Azərbaycan nümayəndə heyətinin üzvləri əvvəlcə Lahor Dövlət Kollec Universitetinin rektoru, professor Əsgər Zaidai ilə görüşüblər.
Universitetin rektoru, professor Əsgər Zaidai Azərbaycan alimlərinin dost və qardaş Pakistana səfərindən məmnunluğunu ifadə edərək, Dövlət Kollec Universitetinin iki yüz ilə yaxın tarixindən, bu ali təhsil müəssisəsində çalışaraq elmi məktəb yaratmış dünya şöhrətli alimlər, o cümlədən vaxtilə burada təhsil almış Nobel mükafatı laureatı Əbdüs Salam, görkəmli filosof və şair Məhəmməd İqbal haqqında məlumat verib, Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin gələcək uğurlu perspektivlərindən danışıb.
Sonra çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Pakistan elmi əlaqələrinin hazırkı vəziyyətindən, qarşılıqlı elmi əməkdaşlığın əhəmiyyətindən danışaraq hər iki ölkə rəhbərlərinin uğurlu siyasi-diplomatik münasibətlərinin möhkəm təməllərinin qarşılıqlı elmi əlaqələrə də böyük təkan verdiyini xüsusi vurğulayıb, AMEA-nın tarixindən, strukturda yer alan elmi bölmələrin fəaliyyət istiqamətlərindən söhbət açıb.
Sonra Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzinin açılış mərasimi keçirilib.
Açılış mərasimində universitetin rektoru, professor Əsgər Zaidai yeni mərkəzin açılmasından sonra qarşılıqlı elmi əlaqələrin daha əhatəli olacağına əminliyini ifadə edib.
Dost ölkənin aparıcı elm-təhsil qurumunun rəhbərliyinə minnətdarlığını bildirən akademik İsa Həbibbəyli Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin inkişafında mərkəzin böyük rol oynayacağını qeyd edib, gələcəkdə qarşılıqlı şəkildə həyata keçiriləcək ortaq elmi problemlərin perspektivlərindən danışıb.
Yeni açılmış Azərbaycan-Urdu Elmi Mərkəzinə ölkəmizdə çap olunmuş çoxsaylı elmi monoqrafiyalar, həmçinin Azərbaycan, Şuşa, Gəncə haqqında Azərbaycan və ingilis dillərində kitab və jurnallar bağışlayan AMEA rəhbəri mərkəzə bundan sonra da vaxtaşırı olaraq yeni çap olunmuş elmi-ədəbi nəşrlərin təqdim ediləcəyini, birgə tədqiqatların aparılacağını diqqətə çatdırıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Urdu Elmi Mərkəzinə üzərində Akademiyanın emblemi təsvir olunmuş xalça hədiyyə edib.
Azərbaycan-Urdu Elmi Mərkəzinin açılışından sonra Lahor Universitetində “Azərbaycan-Pakistan əlaqələri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfransın plenar iclasında Lahor Dövlət Kollec Universitetinin Urdu dili departamentinin rəhbəri, professor Saima İram konfransın gündəliyi barədə ümumi məlumat verərək Azərbaycan və Pakistanın ali təhsil və elmi qurumları arasında yaranmış əlaqələrdən söz açıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında Azərbaycan və Pakistan xalqları arasında tarixi dostluq əlaqələrindən söz açıb. Bu əlaqələr istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən möhkəm təməllərin atıldığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aparığı məqsədyönlü xarici siyasət nəticəsində isə yeni inkişaf mərhələsinə çatdırıldığını xüsusi vurğulayan AMEA rəhbəri iki dost və qardaş ölkə arasında qarşılıqlı elmi-ədəbi əlaqələrin də yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Xalqlarımızın böyük tarixi dostluq münasibətlərindən söz açan akademik İsa Həbibbəyli Pakistanın Multan şəhərində böyük Azərbaycan şairi Şəms Təbrizinin məqbərəsinin ucaldıldığını, Bakıda isə vaxtilə Moltanı karvansarasının salındığını diqqətə çatdırıb. Həmçinin xüsusi vurğulayıb ki, Türkiyə ilə bərabər Pakistan da Azərbaycanın İkinci Qarabağ savaşında ölkəmizin ədalətli müharibəsinə daim siyasi və mənəvi dəstək verib. Türkiyə və Pakistan xalqlarının dəstəyini hər bir azərbaycanlının minnətdarlıq hissi ilə xatırladığını, bu gün Şuşa-Xankəndi yolunda dayanaraq Qarabağdakı ekoloji terrora qarşı dinc aksiya keçirən Azərbaycan vətəndaşlarına Pakistan gənclərinin də həmrəy olduqları xəbərini internet resurslarından öyrəndiyini qeyd edən akademik İsa Həbibbəyli həmrəylik nümayiş etdirdiklərinə görə Pakistan gəncliyinə minnətdarlığını bildirib.
Elmi əlaqələrin də inkişaf yolunda olduğunu vurğulayan Akademiya rəhbəri bir il əvvəl AMEA ilə Lahor Dövlət Kollec Universiteti arasında bağlanmış müqavilə əsasında qısa müddətdə aparılan işlər barədə məlumat verərək bildirib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Mərkəzi yaradılıb, Pakistanın dünya şöhrətli alim və yazıçısı Məhəmməd İqbalın əsərləri Azərbaycan dilinə tərcümə olunaraq kitab halında nəşr edilib, eləcə də Dilçilik İnstitutunda Azərbaycan-Urdu dillərində lüğət hazırlanacaq, Pakistanın tarixindən bəhs edən monoqrafiya isə çap olunub. Bu ilin iyul ayında on nəfərlik Pakistan nümayəndə heyətinin on gün ərzində Azərbaycanda səfərdə olduğunu, Lahor Dövlət Kollec Universiteti ilə birlikdə Bakı şəhərində beynəlxalq konfrans keçirildiyini, nümayəndə heyətinin Nizami Gəncəvinin vətəni Gəncəyə səfər etdiyini xatırladan akademik İsa Həbibbəyli elmi əlaqələrimizin uğurla davam etdiyini, bugünkü elmi konfransın da Azərbaycanda keçirilmiş konfransın davamı olduğunu qeyd edib, qarşılıqlı olaraq elmi-tədqiqat mərkəzlərinin yaradılması, Azərbaycanda Məhəmməd İqbalı, Lahorda Nizami Gəncəvini öyrənən ortaq elmi layihələrin müvəffəqiyyətlə davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov çıxış edərək iki dost və qardaş ölkənin siyasi-diplomatik münasibətlərinin yüksək templə inkişaf etdiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Zəfər qazandığı 44 günlük Vətən müharibəsində Pakistan dövlətinin Azərbaycana siyasi və mənəvi dəstəyini məmnunluqla xatırladıb, elm və təhsil qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi zərurətindən danışıb.
Filologiya elmləri doktoru Bədirxan Əhmədov, tarix elmləri doktoru Eynulla Mədətli, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva, Pəncab Universitetinin rektoru, professor Nizam-ud Din, professor Mansur Afad və başqaları çıxış edərək Azərbaycan-Pakistan elmi əlaqələrinin tarixindən və əhəmiyyətindən danışıblar.
Azərbaycan nümayəndə heyətinin üzvlərindən Ağahüseyn Şükürov, Şəhla Qurbanova, Röya Səfərova, Pakistan alimlərindən Maria Ameen, Saima İram, Almas Xanum, Faiza Bəşir və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Çıxışlarda ədəbi şəxsiyyətlərdən, elmi-ədəbi problemlərdən, tədqiqatların perspektivlərindən danışılıb.
Beynəlxalq tədbirdə Lahor Dövlət Kollec Universitetinin professor-müəllim heyəti, tədqiqatçılar, ali məktəb tələbələri, media nümayəndələri iştirak ediblər.
Sonda Lahor Dövlət Kollec Universitetinin professor-müəllim heyəti və tələbələri və konfransda iştirak edən müxtəlif qurumların nümayəndələri, digər elm-təhsil müəssisələrinin əməkdaşları Azərbaycan vətəndaşlarının və QHT nümayəndələrinin Qarabağda ekoloji terrora qarşı Xankəndi yolunda keçirilən aksiyasına həmrəyliklərini bildirərək Azərbaycan-Pakistan dostluğu haqqında müxtəlif şüarlar səsləndiriblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqına verdikləri qardaşlıq dəstəyinə görə Lahor Dövlət Universitetinin rəhbərliyinə, professor- müəllim heyətinə və tələbələrinə dərin minnətdarlığını bildirib.
https://www.youtube.com/watch?v=4jSyhlcZRO8
AMEA Rəyasət Heyəti aparatının
Media və informasiya şöbəsi