azia.az
azia.az

Döyüşü zabit, komandir, sərkərdə aparır, əsgər isə qalib gəlir

15-10-2022, 09:14


 

Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirdi. Cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu bu gün öz dövlətinin yeni tarixini yazdı. Azərbaycan xalqı ən şərəfli anları yaşayır. Azərbaycan xalqının həsrətinə son qoyuldu. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olundu. Rəşadətli Azərbaycan Ordusu bütün torpaqları öz sahibinə qaytardı. Bütün dünya bilməlidir ki, Qarabağ bizim əbədi, əzəli torpağımız, ocağımızdır. Qarabağ Azərbaycanımızdır! Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ordumuzun əzmi, qüdrəti nəticəsində hər gün tariximizin şanlı səhifələrinin yazıldığı günlərdir. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır. İllərdir torpaqlarımızın itkisini, acısını Azərbaycan Ordusunun zəfər yürüşünün gətirdiyi qürur, qələbəyə inam, əzm hissi üstələyib. Ölkəmiz üçün bu taleyüklü məsələni bu gün Azərbaycan Ordusunun şəxsi heyəti də dərindən dərk edir.

Qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz.

Bu ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil! Vətən adı gələndə belələrini hər zaman qəribə bir hiss bürüyür, qəlblərinin dərinliklərində bir daha Vətənlə yaşadıqlarını, Vətənlə nəfəs aldıqlarını, Vətənlə var olduqlarını yenidən duyurlar!

“Əsgəri qəhrəman olmayan zabit qəhrəman ola bilməz. Döyüşü zabit, komandir, sərkərdə aparır, əsgər qalib gəlir” deyərdilər. Bəli bu belədir. Öz əsgərləri ilə çiyin- çiyinə səngərdə döyüşən qəhrəman komandirlərdən biri də Birinci Qarabağ müharibəsinin qəhrəman döyüşçüsü, Azərbaycan DİN-in Ləğv olunmuş Xüsusi Təyinatlı Polis Dəstəsinin Komandirinin I müavini polkovnik-leytenant Cəfərov Cəfər Sərdar oğludur. 

Azərbaycan DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin Komandirinin I müavini polkovnik-leytenant Cəfərov Cəfər Sərdar oğlu 1955-ci il 27 avqustda Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1976-cı ildə Universitetin Hərbi kafedrasını uğurla bitirmiş və leytenant rütbəsi almışdır. 1978-1980-ci illərdə SSRİ MN-in Baş Qərargahının tabeliyində XTD-də xidmət etmiştir. Hərbi xidmətini baş leytenant rütbəsi ilə başa vurmuş, daha sonra hərbi kurslar keçərək kapitan rütbəsi almışdır.

1991-ci ildə, ölkədə ordu quruculuğu başlayanda Bakı şəhəri Suraxanı rayonu sabiq hərbi komissarı polkovnik Rəhimzadə Oktayın rəhbərliyi ilə bir çox yeni yaranan dəstələrə təlim keçmişdir. 1992-ci ilin fevralında yeni yaranan Suraxanı batalyonuna rota komandiri təyin olunmuşdur. 1992-ci ilin iyununda DİN-in XTPD-də düşmənə qarşı vuruşan, bacısı oğlu qəhrəman Şəhid Məmmədov Bayram Məhəmməd oğlunun dəfn mərasimində XTPD-nin komandiri polkovnik Rövşən Cavadovla görüşmüşdür. Söhbət əsnasında Cəfərovun hərbi ixtisasının zirehli texnika əleyhinə idarə olunan raketlər olduğunu bilən polkovnik Cavadov, Cəfər Cəfərova XTPD-də işləməyi təklif etmişdir.



Beləliklə C.Cəfərov 1992-ci ilin iyununda DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsində (XTPD) rota komandiri təyin olunmuşdur. XTPD-də ilk döyüş avqustda Gədəbəyin Başkənd kəndinin azad olunması, Mormor, Motudərə uğrunda gedən döyüşlər olmuşdur. Həmin döyüşlərdə düşmənin 1 tankını və 1 rabitə maşınını sıradan çıxarmışdır. Azərbaycanda ilk dəfə tank əleyhinə idarə olunan raket sistemini (FAQOT) Cəfər Cəfərov istifadə etmişdir. 1992-ci il sentyabr-oktyabr aylarında Ağdərə uğrunda gedən ağır döyüşlərdə düşmənin xeyli texnikasını məhv etmişdir.

1994-cü il aprelində qəbul olunmuş atəşkəsə qədər düşmənin 11 tank və hərbi texnikasını məhv etmiştir. Bunlardan biri də T-80 idi. XTPD-də C.Cəfərovun öyrətdiyi döyüşçülər İsmayılov Nəsrəddin, Nüsrətov Seyran, Yusifov Vaqif və digərləri FAQOT-dan istifadə edərək düşmənin hərbi texnkasını və canlı qüvvəsini məhv 

etmişlər.

1993-cü ilin fevralında C.Cəfərov ADİN XTPD-nin komandirinin I müavini təyin olunmuşdur. Onun ən uğurlu əməliyyatlarından biri də 27 Fevral 1993-cü ildə Ağdərənin strateji əhəmiyyətli Kasapet yüksəkliyi uğrunda gedən döyüşdür. Həmin döyüşdə məhv edilmiş yüksək rütbəli erməni hərbi zabitinin komandir qovluğunda tapılan mühüm sənədlər dövlət əhəmiyyətli olmuşdur. Bu xüsusi sənəd və xəritələr sübut etdi ki, Ermənistan MN-in xüsusi əmri ilə Qarabağa batalyon göndərilmişdir. Həmin vaxta kimi Ermənistan Qarabağda erməni ordusunun olduğunu inkar edirdi.

Uğurlu əməliyyatlardan biri də 1993-cü ilin yayında Horadiz istiqamətində olmuşdur. Bu zaman Cəbrayıl-Zəngilan-Qubadlı yoluna nəzarət edən mühüm strateji əhəmiyyətli yüksəklik düşməndən azad edilmiş və Milli Orduya təhvil verilmişdir.

Atəşkəsdən əvvəl və sonra C.Cəfərov dövlət əhəmiyyətli əməliyyatlarda, o cümlədən, Azərbaycanın Qazax, Gədəbəy, Kəlbəcər, Ağdam, Ağdərə, Zəngilan, Füzuli, Qubadlı rayonları istiqamətində gedən qızğın döyüşlərdə fəal iştirak etmişdir. Bir çoxlarına isə şəxsən rəhbərlik etmiş, bunlardan əksəriyyəti uğurla nəticələnmişdir.

Döyüşlərdən əlavə bir çox dövlət əhəmiyyətli əməliyyatlarda iştirak edərək verilən əmr və tapşırıqları uğurla yerinə yetirmişdir.

Cəfər Cəfərovun döyüş yolundan görünür ki, onun vətəninə, dövlətinə olan sevgisi hər şeydən üstündür. Bu yolda fədakar və qəhrəman, Birinci Qarabağ müharibəsi döyüşçüsünə şanlı qələbə münasibəti ilə təbriklərimizi bildiririk. 

Qarabağ Azərbaycandır!


Subut Mehdiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi