Tək yaşayan yaşlılar üçün yeni sistem təklif edildi – Fərdi dəstək planı hazırlansın
Cəmiyyət dəyişdikcə ailə münasibətləri və insanların həyat tərzi də dəyişir. Əvvəllər bir neçə nəslin eyni evdə yaşaması daha geniş yayılmışdısa, bu gün övladların iş, təhsil və digər səbəblərlə ailədən uzaqda yaşaması adi hala çevrilib. Nəticədə həyatının böyük hissəsini ailəsi ilə keçirən bəzi yaşlı insanlar yaşlılıq dövründə tək qalırlar.
Tək yaşayan yaşlı insanların sayının artması yalnız sosial müdafiə məsələsi kimi qiymətləndirilməməlidir.
Bu fikirləri sosioloq Nailə İsmayılova KONKRET.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, məsələ həm də cəmiyyətin yaşlı insanlara münasibətini göstərən mühüm göstəricilərdən biridir:
“Yaşlı insanın əsas ehtiyacı yalnız maddi təminat deyil. Onun gündəlik qayğıya, ünsiyyətə, təhlükəsizliyə, tibbi və sosial xidmətlərə çıxışa, ən əsası isə özünü cəmiyyətin bir parçası kimi hiss etməyə ehtiyacı var.
Bu baxımdan dövlətin həyata keçirdiyi sosial xidmətlərin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Hazırda evdə tək yaşayan yaşlı insanlara göstərilən sosial xidmətlərin əhatəsinin genişləndirilməsi, xüsusilə gündəlik işlərini müstəqil şəkildə yerinə yetirməkdə çətinlik çəkən şəxslər üçün böyük dəstəkdir”.
Sosioloq hesab edir ki, tək yaşayan yaşlı insanların ehtiyacları əvvəlcədən müəyyənləşdirilməlidir. Onun fikrincə, insanın vəziyyəti ağırlaşdıqdan sonra yardım göstərməkdənsə, risk qrupunda olan yaşlılarla əvvəlcədən əlaqə yaradılması və onların sosial-məişət ehtiyaclarının mütəmadi öyrənilməsi daha səmərəli yanaşmadır.
“Məsələn, hər bir yaşlı insan üçün fərdi sosial dəstək planının hazırlanması mümkündür. Kiminsə əsas ehtiyacı ev işlərində köməkdirsə, digərinin həkimə getməkdə, üçüncünün isə sadəcə mütəmadi ünsiyyətdə ehtiyacı ola bilər. Deməli, hamıya eyni xidmət göstərmək əvəzinə, fərdi ehtiyaclara uyğun yanaşma daha səmərəli nəticə verə bilər.
Digər mühüm məsələ günərzi qayğı xidmətlərinin genişləndirilməsidir. Yaşlı insanın bütün günü evdə tək qalması onun sosial həyatdan uzaqlaşmasına səbəb ola bilər. Günərzi mərkəzləri isə yaşlıların həm sosial xidmətlərdən yararlanmasına, həm də digər insanlarla ünsiyyət qurmasına imkan yaradır.
Belə mərkəzlər yalnız qayğı göstərilən məkan deyil. Burada müxtəlif tədbirlər, intellektual oyunlar, kitab müzakirələri, musiqi və yaradıcılıq məşğələləri, sağlam həyat tərzinə dair görüşlər təşkil edilə bilər. Yaşlı insanların öz bacarıqlarını nümayiş etdirməsinə də şərait yaradılmalıdır”.
N.İsmayılovanın sözlərinə görə, könüllülərin bu prosesə daha geniş cəlb olunması da faydalı ola bilər.
“Gənclərin tək yaşayan yaşlılarla mütəmadi əlaqə saxlaması, onların ehtiyacları ilə maraqlanması, alış-verişdə və gündəlik işlərdə kömək etməsi həm yaşlı insan üçün mənəvi dəstəkdir, həm də gənclərdə sosial məsuliyyət hissini formalaşdırır.
Bu istiqamətdə “Bir yaşlıya bir könüllü” kimi layihələr həyata keçirilə bilər. Könüllü yalnız hansısa ehtiyac yarandıqda deyil, mütəmadi olaraq yaşlı insanla əlaqə saxlamalı və onun vəziyyəti ilə maraqlanmalıdır. Bəzən bir telefon zəngi belə tək yaşayan insan üçün böyük mənəvi əhəmiyyət daşıyır.
Digər tərəfdən, müasir dövrdə rəqəmsal savadlılıq da sosial dəstəyin bir hissəsinə çevrilib. Elektron xidmətlərdən istifadə edə bilməyən yaşlı insanlar üçün xüsusi “rəqəmsal yardım” xidmətlərinin yaradılması onların dövlət xidmətlərinə çıxışını asanlaşdıra və gündəlik problemlərinin həllinə kömək edə bilər”.
Sosioloq tibbi xidmətlərə çıxışın da xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
“Yaşlı insanın xəstəxanaya və ya poliklinikaya getməsi çətinləşdikdə evdə ilkin tibbi qiymətləndirmə, həkim məsləhəti və digər uyğun xidmətlərin əlçatan olması onun həyat keyfiyyətinə ciddi təsir göstərir.
Lakin mən bu məsələnin ən vacib tərəflərindən birini psixoloji və mənəvi dəstək hesab edirəm. Çünki uzun müddət tək yaşayan insan zaman keçdikcə cəmiyyətdən uzaqlaşa, özünü unudulmuş və lazımsız hiss edə bilər.
Ona görə də sosial xidmət yalnız “nəyə ehtiyacınız var?” sualı ilə məhdudlaşmamalıdır. Eyni zamanda “Özünüzü necə hiss edirsiniz?”, “Sizinlə kim əlaqə saxlayır?”, “Nəyə ehtiyacınız var?” kimi suallar ətrafında da dəstək göstərilməlidir.
Bu istiqamətdə QHT-lərin və yerli icmaların imkanlarından istifadə edilə bilər. Yaşlı insanların həyat təcrübəsini gənc nəslə ötürməsi üçün müxtəlif nəsilləri bir araya gətirən layihələr təşkil olunmalıdır. Yaşlı insanların həyat hekayələrini, peşə təcrübələrini və xatirələrini gənclərlə bölüşməsi həm onların cəmiyyətə bağlılığını artırır, həm də nəsillərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir”.
N.İsmayılova qeyd edib ki, tək yaşayan yaşlı insanlara qayğı yalnız dövlətin və sosial xidmət qurumlarının vəzifəsi deyil. Bu, həm də ailənin, qonşuluğun, yerli icmanın və bütövlükdə cəmiyyətin məsuliyyətidir.
“Övladın başqa şəhərdə və ya ölkədə yaşaması valideynlə münasibətin kəsilməsi anlamına gəlməməlidir. Müasir texnologiyalar məsafəni müəyyən qədər aradan qaldırmağa imkan verir. Amma heç bir texnologiya canlı ünsiyyəti tam əvəz edə bilməz.
Hesab edirəm ki, yaşlı insanların sosial müdafiəsində əsas məqsəd yalnız onların ehtiyaclarını qarşılamaq deyil, həm də ləyaqətli, təhlükəsiz və sosial baxımdan aktiv həyat yaşamasına imkan yaratmaq olmalıdır.
Çünki insanın yaşının artması onun cəmiyyət üçün əhəmiyyətinin azalması demək deyil. Əksinə, uzun illərin təcrübəsini daşıyan yaşlı nəslin özünü cəmiyyətə lazım olan insan kimi hiss etməsi həm onun üçün, həm də bütövlükdə cəmiyyət üçün vacibdir.
Tək yaşayan yaşlı insanların sayının artması bizə bir həqiqəti xatırladır: insan həyatının hansı mərhələsində olmasından asılı olmayaraq, qayğıya və diqqətə ehtiyac duyur.
Yaşlı insanın qapısını döymək, halını soruşmaq və “Siz tək deyilsiniz” mesajını vermək bəzən ən böyük sosial dəstəkdir”.
Aynurə İsmayıl