azia.az
azia.az

Həsən Həsənov: "Tarix təcavüzkara qarşı öz hökmünü verir"

23-12-2020, 13:34

Həsən Həsənov: "Tarix təcavüzkara qarşı öz hökmünü verir"

"Tarix təcavüzkara qarşı öz hökmünü verir."
- Bu fikri "Azərbaycan İnformasiya Agentliyi"nə Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov bildirərək qeyd edib ki...
-Tarix ibrət götürülmək üçün öyrənilən elm, arxiv isə tarixin güzgüsüdür. Arxiv materialları əsasında biz tarixi öyrənirik və onun amansızlıqlarından dərs alırıq. Arxiv sənədləri təsdiq edir ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji region kimi daimi yadelli dövlətlərin diqqət mərkəzində olmasına səbəb olmuş və bu gün də dünyanın iri güc mərkəzlərinin geosiyasi maraqlarının kəsişdiyi məkan olaraq qalmaqdadır. Artıq 200 ildən çox bir müddətdir ki, dünyanın iri güc mərkəzləri bölgədə öz geosiyasi maraqlarını təmin etmək üçün erməni faktorundan məharətlə istifadə edir, açıq və gizli şəkildə onun hərbi-siyasi müttəfiqinə, himayədarına çevrilirlər.
Tarix onu da təsdiq edir ki, hər bir xalq dövlət qurmaq, milli varlığını qoruyub saxlamaq üçün çətinliklərdən keçir, qurbanlar verir, acı məhrumiyyətlər yaşayır. Azərbaycan xalqı da zaman-zaman belə tarixi anlarla üzləşmiş, dövlətçiliyinə qarşı erməni xəyanətinin çoxsaylı nümunələrinin şahidi olmuşdur.
Məlumdur ki, XIX əsrin əvvəllərində Çar Rusiyası Qafqazı, o cümlədən Azərbaycan torpaqlarını işğal etmişdir. Bu işğal nəticəsində azərbaycanlılara qarşı məqsədəyönlü şəkildə etnik təmizləmə siyasəti həyatə keçirilmişdir. Azərbaycan xalqı ötən yüzilliklər ərzində yaşadıqları tarixi torpaqlardan mərhələ-mərhələ həyata keçirilən tədbirlər nəticəsində didərgin salınmış, yaşayış məskənləri dağıdılmış, yer-yurd adları dəyişdirilmişdir. Tarixi mənbələr arxiv sənədləri, həmçinin rus və qərb müəlliflərinin yazdıqları əsərlər təsdiq edir ki, Rusiya tərəfindən Zaqafqaziya torpaqları işğal edilərkən bu ərazilərdə yaşayan əhalinin çox cüzi hissəsini ermənilər təşkil etmişdir.
XIX əsrin əvvəllərində Rusiya ilə İran, Rusiya ilə Türkiyə arasında gedən müharibələrdən qalib tərəf kimi çıxan Rusiya işğal etdiyi ərazilərə erməniləri köçürməklə, ərazinin demoqrafik göstəricilərinin dəyişdirilməsinə ciddi cəhdlər göstərmişdir. Bu məqsədlə yerli əhaliyə məxsus ən səfalı torpaqlarda, İrəvan mahalında, Naxçıvanda, Qarabağda, Göyçənin, Zəngəzurun yaşayış məntəqələrində qonşu ölkələrdən kütləvi surətdə köçürülən erməni ailələrinin yerləşdirilməsini təmin etmişdir.
Təxminən 100 illik bir dövrdə bu ərazidə yaşayan azərbaycanlıları sıxışdırmaqla ermənilərin yerləşdirilməsinə baxmayaraq tarixi sənədlərdə verilən rəsmi məlumatlardan aydın olur ki, XX əsrin əvvəllərində indiki Ermənistanın ərazisində yaşayan əhalinin böyük əksəriyyətini, məhz öz doğma ata-baba yurdlarında yaşayan azərbaycanlılar təşkil etmişdir. İranla Rusiya arasındakı müharibələrin nəticəsi olaraq imzalanan məlum “Gülüstan” və “Türkmənçay” sülh müqavilələrindən sonra Rusiya imperiyasının hakimiyyəti altına keçən Azərbaycan ərazisində, Çar Rusiyasının, o cümlədən I Dünya müharibəsində qalib gələn Antanta dövlətlərinin diplomatik səyi və himayədarlığı ilə Qafqazda tarixdə ilk dəfə qeydə alınan müstəqil Ermənistan dövləti qurulmuşdur. 1918-ci ildə Daşnaksütyun partiyasının rəhbərliyi ilə yaradılan erməni Ararat respublikası tarixi ərazilərimizdə azərbaycanlıların say tərkibinin azaldılması və bu ərazilərin Ermənistana birləşdirilməsi istiqamətində daha riyakar və məkirli siyasət yürütməyə başlamışdır.
Bu gün arxivlərimizdə saxlanılan çoxsaylı tarixi sənədlər təsdiq edir ki, həmin illərdə erməni daşnakları tərəfindən yüzlərlə azərbaycanlının yaşadıqları kəndlər yandırılıb, əhalisi məhv edilib, yaxud didərgin salınıb. Eyni zamanda Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada, Göyçayda, Salyanda, digər şəhər və kəndlərimizdə yaşayan azərbaycanlılara qarşı misilsiz vəhşiliklər, soyqırım aktları həyata keçirilib. Xarici güc mərkəzlərinin açıq müdaxiləsi və bilavasitə iştirakı ilə Naxçıvan və Qarabağ ərazilərinin Ermənistanın idarəçiliyinə verilməsinə ciddi cəhdlər göstərilmişdir.
1920-ci ildə Zaqafqaziyada sovet hakimiyyətinin qurulması ilə ermənilər daha da fəallaşmış, bolşevik simasına girmiş havadarlarının köməyi ilə tarixi Azərbaycan torpağı olan Naxçıvan, Zəngəzur, Göyçə və Dağlıq Qarabağı ələ keçirmək üçün həm hərbi, həm də siyasi müstəvidə ciddi cəhdlər göstərmişlər. Daşnaksütyun Ermənistanla Sovet Rusiyası arasında hərbi əməliyyatların getdiyi bir vaxtda, həm də Azərbaycanın torpaqlarının Ermənistana verilməsi məsələsi ətrafında siyasi danışıqlar, müzakirələr aparılmışdır. Bu səbəbdən də Ermənistanda sovet hakimiyyəti qurulandan dərhal sonra, 1920-ci ilin dekabrında bolşevik hökumətinin Zaqafqaziyadakı nümayəndələri Azərbaycan torpaqlarının mübahisəsiz olaraq Ermənistana verilməsi barədə məlumatı Mərkəzi hökumətə çatdırmış və bununla bağlı erməni xalqına təbrik məktubu ünvanlamışlar. Göründüyü kimi, Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi məsələsi 1920-ci illərin əvvəllərindən Azərbaycanın iştirakı olmadan müxtəlif kürsülərdə həll edilməyə başlanılmışdır.
Lakin bolşevik quldurlarının 1920-ci illin dekabrında vermiş olduğu həmin fitnəkar bəyanata qarşı Naxçıvan və digər bölgələrin azərbaycanlı əhalisi kəskin etirazını bildirmişdir. Ermənistan Zəngəzur torpaqlarını özününküləşdirməyə müvəffəq olsa da, onun Naxçıvan və Dağlıq Qarabağla bağlı planları alt-üst edilmişdir. Həmin dövrdə Türkiyənin Naxçıvanla münasibətdə tutduğu mövqe hadisələrin sonrakı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Belə ki, Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan “Moskva” və “Kars” müqavilələrində Naxçıvan torpağının Azərbaycan dövlətinin ayrılmaz hissəsi olması faktı bir daha təsdiqlənmişdir. Naxçıvan və Dağlıq Qarabağın Ermənistana birləşdirmək üçün Mərkəzi hökumətdən dəstək almağa çalışan ermənilərin niyyətləri uğursuzluqla nəticələnmişdir. Bununla belə, 1923-cü ilin iyulunda Dağlıq Qarabağa Azərbaycan SSR-nin tərkibində muxtariyyat hüququnun təmin edilməsi,həmçinin 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarları əsasında Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi ilə düşmən öz istəyinə qismən də olsa nail ola bilmişdir.
Ermənistanın Azərbaycanın torpaqlarına olan iddiaları bununla bitməmişdir. 70 illik sovet hakimiyyəti illərində Ermənistan öz hiyləgər və məkirli siyasətlərini həyata keçirməklə, addım-addım ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirməyə azərbaycanlıları doğma torpaqlarından qovmağa cəhdlər göstərmişdir.
Ermənistanda hakimiyyət başına kimlərin gəlməsindən asılı olmayaraq bu məkirli siyasət ardıcıl və dönmədən davam etdirilmiş, monoetnik böyük Ermənistan yaratmaq xülyası onun dövlət siyasətinin ana xəttini təşkil etmiş və bu kurs hazırda da davam etməkdədir.
Belə ədalətsiz tədbirlərdən biri də 1948-1953-cü illərdə İttifaq hökumətinin qərarları ilə həyata keçirilən Ermənistanda yaşayan azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi deportasiyası olmuşdur. Bu xəyanətkar siyasətin icraçılarının mənfur niyyətlərini, onun icra metodlarını və nəticələrini təsdiq edən çoxsaylı sənədlər, kinoxronikalar dövlət arxivlərimizdə saxlanılır. Sənədlər köçürülməyə məruz qalan insanların acı taleləri ilə tanış olmağa imkan verməklə yanaşı, həm də köçürmənin həyata keçirilməsində tətbiq edilən təcavüzkarlıq metodlarının qeyri-insaniliyini, erməni xarakterinin mahiyyətini, onun vəhşiliyinin miqyasını subut edir. Arxiv sənədləri təsdiq edir ki, qeyd olunan qərarların icrasında böyük canfəşanlıq göstərən Ermənistan hökuməti 1948-ci ilin noyabr ayına qədər 10.584 nəfərdən çox azərbaycanlı ailəsini Azərbaycana köçürmüş, bütövlükdə, 1948-1953-cü illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür Avaz ovalığına 11.914 təsərrüfat köçürülmüşdür.(A. Paşayev: "Açılmamış səhifələrin izi ilə", Bakı- 2001,səhifə 195). Bundan başqa köçürülən əhalinin əlverişsiz ərazilərdə yerləşdirilməsini nəzərə alan azərbaycanlıların bir hissəsi özləri Ermənistan ərazisini tərk edərək, Azərbaycanın dağlıq rayonlarına(Gədəbəy, Göygöl, Şəmkir və s.)köçməyə məcbur olmuşlar. Göründüyü kimi ermənilərin zaman-zaman soydaşlarımızın öz torpaqlarından didərgin salınmasına,torpaqlarımızın işğalına yönəldilmiş məkirli siyasəti öz nəticəsini vermişdir.
XX əsrin sonlarında ermənipərəst M.Qarbaçovun SSRİ dövlətinin ali idarəetmə kürsüsünə yiyələnməsi ermənilərə öz mənfur niyyətlərinin gerçəkləşdirməsinə yeni şərait yaratmışdır. Zəif idarəsi və ermənipərəstliyi ilə seçilən M.Qarbaçovun simasında ermənilər özlərinə yeni havadar tapmış və əsrlər boyu planlaşdırdıqları niyyətlərini həyata keçirməyə fürsət əldə etmişlər. Məhz, həmin illərdə dağılmaqda olan SSRİ dövlətinin apardığı uğursuz milli siyasətin nəticəsi olaraq, Qərbi Azərbaycan torpaqlarında yaşayan 200 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulmuş, Dağlıq Qarabağ və onun əhatəsində olan 7 rayon havadarlarının hərbi-siyasi dəstəyi ilə ermənilər tərəfindən işğal edilmişdir. 1988-1993-cü illərdə ölkədə mövcud olan hərc-mərclik və hakimiyyətin zəifliyindən istifadə edən ermənilər işğal etmiş Qarabağ torpaqlarında öz hərbi üstünlüklərini təmin edə bilmişlər.
Şübhəsiz, Azərbaycan xalqı bu tarixi ədalətsizliklə barışa bilməzdi. Xalqın təkidi və çağrışı ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi.Qısa müddətdə ölkədə siyasi sabitliyi bərqərar etməklə, onun iqtisadi və hərbi gücünün təmərküzləşdirilməsi naminə müvəqqəti atəşkəsə nail oldu, dövlətin iqtisadi qüdrətinin gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində çox mühüm və təxirəsalınmaz tədbirlər gördü. Azərbaycanın müstəqilliyinin əbədiliyini və dayanıqlığını təmin edən milli inkişaf strategiyasını müəyyənləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyasını uğurla davam etdirməklə, ölkəmizi regionun və dünyanın qüdrətli dövlətinə çevirə bildi. Aparılan uğurlu daxili və xarici siyasət, idarəetmə sahələrində, ordu quruculuğunda həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasını təmin etdi. Eyni zamanda beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını təmin edən və beynəlxalq hüquqa əsaslanan qərarların qəbul edilməsinə zəmin yaratdı.
Prezident İlham Əliyevin geniş düşüncəyə və güclü məntiqə əsaslanan fəaliyyətinin nəticəsi olaraq, Azərbaycan beynəlxalq hüquq, iqtisadi və hərbi güc amilindən istifadə etməklə öz ərazi bütövlüyünün təmin edilməsinə təminat verən yeni tarixi reallıq formalaşdırdı. 30 illik müharibə şəraiti göstərdi ki, Ermənistan və onun havadarları, həmçinin bu münaqişəni həll etməli olan beynəlxalq qurumlar münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etməklə Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etmək, soydaşlarımızı ata-baba torpaqlarına qaytarmaq istəmirlər və ya bu işdə maraqlı deyillər. Yaranmış reallığı böyük siyasi uzaqgörənliklə dəyərləndirən Ali Baş Komandan İlham Əliyev mövcud status-kvonun qəbul edilməz olduğunu, münaqişənin həllinin yeganə yolunun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olduğunu bəyan etdi. Xalqın milli birliyinə, onun əzm və iradəsinə, rəşadətli ordumuzun gücünə arxalanan Ali Baş Komandan tarixi torpaqlarımızı 30 illik işğaldan azad etmək üçün müzəffər Azərbaycan Ordusuna əks hücum əməliyyatlarına başlanılması barədə əmr verdi.Müharibənin gedişi bir daha göstərdi ki, Ermənistan ölkəmizə qarşı təcavüzkarlıq siyasətini yürütməkdə davam edir, dinc əhaliyə qarşı terror aktlarını həyata keçirir, işğal olunmuş ərazilərdən uzaqda yerləşən şəhər və kəndlərimizi dağıdıcı silahlarla atəşə tutur, mədəni-tarixi irsimizi, təbii resurslarımızı dağıdır. Bunun əksinə olaraq peşəkarlıq səviyyəsi, döyüş qabiliyyəti, mənəvi-psixoloji ruhu, texniki təchizatı yüksək olan şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə şəhər və kəndlərimizi düşməndən azad etməklə uğur tarixini yazdı. Müharibələr tarixinə nəzər saldıqda görürük ki,son yüzilliklərdə vətən tariximizdə bu cür uğurla nəticələnən hərbi əməliyyatlar olmamışdır. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hərb tariximizə müasir döyüş əməliyyatlarının yeni strategiyasını və taktikasını təqdim etmiş oldu. Prezident İlham Əliyevin istər hərb sahəsindəki, istərsə də diplomatiya sahəsində apardığı mübarizə, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə, xəbər agentliklərinə vermiş olduğu çoxsaylı müsahibələr düşməni və onun havadarlarını beynəlxalq miqyasda ifşa etməklə, həm də 200 ildən artıq bir dövrdə regionda hökm sürən "erməni məsələsi"nin bir dəfəlik həllinə, ədalətin bərpasına yaxınlaşdırmış oldu.Noyabr 8-də milli mədəniyyətimizin rəmzi olan qədim qala şəhərimiz Şuşanın işğalından azad edilməsi mənfur düşmənin diz çökməsi və iki gün sonrakapitulyasiya sənədinin imzalanması ilə nəticələndi. Azərbaycan, Rusiya, Ermənistan dövlət və hökumət başçılarının 10 noyabr tarixdə imzaladığı üçtərəfli bəyanat tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən mübarizənin hərb müstəvisindən siyasi müstəviyə dönüşünü təmin etməklə, Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarında suveren hüququnun təmin olunması ilə nəticələndi. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, darmadağın olunmuş işğalçı erməni ordusunun qalıqları torpaqlarımızdan qovularaq çıxmasına məcbur edildi. Uzun müddət düşmən tapdağından əziyyət çəkən, vəhşicəsinə soyulan, təbii resursları, mədəni irsi istismar olunan, flora və faunası məhv edilən Ağdam, Kəlbəcər, Laçın rayonları, digər Qarabağ torpaqları kimi öz əzəli və əbədi sakinlərinə qovuşdu, tarixi ədalət bərpa olundu.
Lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun, xalqının bu şanlı qələbəsinə həzm edə bilməyən, ona qısqanclıqla yanaşan, 30 il müddətində münaqişənin həllinə heç bir töhfə verməyən qüvvələr bu gün də öz çirkin niyyətlərindən əl çəkmək istəmir, on illərlə qan və izdirab içində yaşayan insanların dinc həyata qayıdışına yeni sədlər, maneələr yaratmağa çalışırlar. Bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasından xoflananlar, senat kürsülərindən, parlament tribunalarından sərsəm və ağılsız bəyanatlar, təkliflər səsləndirməklə, Qarabağ faktorundan öz siyasi və maddi maraqları üçün istifadə etməyə çalışırlar. Hətta Ermənistanın belə müstəqilliyini tanımadığı qondarna"dqm" rejiminin müstəqilliyinin tanınması üçün siyasi cəhdlər edirlər. Məlumdur ki, 200 illik bir dövrdə türk xalqına, müsəlman birliyinə qarşı kin-küdurət içində yaşayan bu siyasətbazların məkirli niyyətləri baş tutmamış, şübhəsiz yenə də uğursuz nəticələnəcəkdir. Qüdrətli Azərbaycan dövlətinin gücü, xalqın birliyi və iradəsi Ali Baş Komandanın əzmi və uğurlu diplomatiyası bu cəfəng ideyaların gerçəklənməsinə imkan verməyəcəkdir. Artıq dünya ictimaiyyəti, aparıcı media qurumları bu müharibədə Azərbaycanın haqlı tərəf olduğunu dərk edir və ədalətli mübarizədə Azərbaycanın zəfər qazanmasını təsdiqləyir. Ali Baş Komandana, Müzəffər Azərbaycan ordusuna dünyanın müxtəlif ölkələrindən ünvanlanan çoxsaylı sevinc dolu təbriklər bunu bir daha təsdiq edir.
Müharibələrin təcrübəsi göstərir ki, təcavüzkara qarşı tarixin hökmü həmişə amansız olmuşdur. Millət öz milli kimliyini, dəyərini, dünən nə baş verdiyini və gələcəyə nəyi aparmalı olduğunu aydın dərk etdikdə onun gücü, qüdrəti artmış, apardığı mübarizə qalibiyyətlə nəticələnmişdir.
Əminik ki, Cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Azərbaycan Ordusunun apardığı haqq mübarizəsi,
onun şanlı döyüş salnaməsi, zəfər qələbəsi dünya hərb tarixində, insanların qəlbində əbədi yaşayacaq, üçrəngli Azərbaycan Bayrağı vətənimizin dilbər güşəsi olan Qarabağın şəhərlərində, kəndlərində dalğalandıqca bu torpaqlar daha əzəmətli görkəm alacaq, bütövləşən tarixi torpaqlarımızda azad və firavan həyat bərqərar olacaqdır. Şanlı savaş tariximizin hər bir səhifəsi sənədləşdiriləcək, mühafizə ediləcək və gələcək nəsillərə Azərbaycan dövlətinin zəfər tarixi kimi təqdim olunacaqdır!

Həsən Həsənov
"Milli Arxiv İdarəsi"nin rəis müavini
05.12.20.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi