azia.az
azia.az

Birinci Qarabağ müharibəsinin qəhrəman polis polkovnik-leytenantı

13-10-2022, 19:37



Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi Böyük Qələbə düşməni məhv etməklə yanaşı, həm də bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərən bir qələbə oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla Azərbaycanın hərb tarixinə şanlı zəfər, yeni bir salnamə yazdılar. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovmağa müvəffəq oldular. Torpaqlarımız Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində azad edildi. Və həmin torpaqlarımızda bu gün üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük müharibə tariximizin şərəfli qəhrəmanlıq səhifələrindəndir. Bu döyüşlərdə Laçın polisləri də fəal iştirak ediblər.

Vətənin azadlığı uğrunda əlində silah müsəlləh əsgərə çevrilmiş polis döyüşçülərimizin döyüş yolu olduqca maraqlıdır. Füzuli və Horadiz istiqamətində gedən döyüşlərdə 45 nəfər şəhid olmuş, 3 nəfər Oqtay Güləliyev, İsrafil Şahverdiyev, Qorxmaz Eyvazov ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüş, 2 nəfər isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. 1994-cü ilin sentyabr ayına qədər Füzuli, Horadiz, Kəlbəcər, Murovdağ yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə iştirak etmiş polkovnik-leytenant Dünyamalıyev Namiq İdris oğlunu yaxından tanıyaq.

Dünyamalıyev Namiq İdris oğlu 02.08.1971-ci il tarixdə Laçın rayonunun Minkənd kəndində anadan olmuş, 1988-ci ildə Laçın rayon Minkənd kənd orta məktəbini bitirmişdir. 1989-cu ildə keçmiş SSRİ-nin Belarusiya Respublikası ərazisində hərbi xidmətdə olmuşdur.  

1992-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına qiyabi daxil olmuş, 1997-ci ildə bitirmişdir. 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildən 1994-cü il atəşkəs elan olunanadək Laçın rayon polis şöbəsində iki dəfə daxili əmrlə bölük komandiri vəzifəsində işləmişdir. 1994-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin əmrinə əsasən leytenant rütbəsi verilərək Laçın rayon polis şöbəsində məsul növbətçi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində Azərbaycan Respublikası DİN-nin Fəxri Fərmanları və Azərbaycan Respublikası DİN-in “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, bundan başqa Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərə görə “Qarabağ veteranı” və “Vətən naminə” medalı ilə təltif olunmuşdur. Eyni zamanda 25.01.2021-ci il tarixində Azərbaycan Respublikası DİN-nin əmrinə əsasən polis polkovnik-leytenantı rütbəsi verilmişdir. Hazırda Laçın Rayon Polis Şöbəsinin “Təhqiqat Qrupunun Baş Təhqiqatçısı” vəzifəsində işləyir. Azərbaycan ordusunun tarixi qələbəsini Birinci Qarabağ müharibəsinin qəhrəman döyüşçüsü olaraq polkovnik-leytenant Namiq Dünyamalıyev arzularının həyata keçdiyi gün kimi dəyərləndirir, Müzəffər Azərbaycan Ordusu ilə qürur duyduğunu ifadə edir. 

Qarabağ Azərbaycandır!


SUBUT MEHDİYEV




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi