Ali Baş Komandanın “Müharibə hələ bitməyib!” bəyanatı və onun anlamı
Aprel döyüşləri – şanlı zəfər salnaməsi
Təqvimdə işğal, faciə günlərimiz çox olsa da, xalqımızın şanlı qələbə tarixləri də az deyil. Mövzu həmin təqvimləri sadalamaq deyil, məhz həmin günlərdən bizə ən yaxın olanı, Qarabağda Böyük Qələbəyə çatmağımıza yol açan APREL DÖYÜŞLƏRİdir. Bu səbəbdən yalnız ondan, onun nəticələrindən danışacağıq.
2016-cı ilin aprel döyüşləri hərb tariximizin ən şanlı səhifələrindən biridir. 3 il öncə bu günlərdə - 2-5 apreldə Azərbaycan Ordusu, Azərbaycan xalqı düşmənin faktiki olaraq dişini qırdı. Ermənistana, erməni ordusuna, erməni havadarlarına anlatdıq ki, cəmi bir neçə günə ta Xankəndinə qədər gedə bilərik!
Aprel döyüşləri faktiki olaraq zəfər salnaməmizdir. Gələcək nəsillərimiz də aprelin ilk günlərini məhz zəfər, qələbə günlərimizdən biri kimi qeyd edəcək, buna söz yoxdur.
Aprel döyüşləri daha böyük qələbələrimizin başlanğıcı oldu desək, qətiyyən yanılmırıq. Həm hərbi baxımdan, həm diplomatik prosesdə biz düşmənə əməllicə dərs verdik və anlatdıq ki, işğal etdikləri əraziləri azad etməsələr, sülhə gəlməsələr, hərbi qüdrətimiz, vətənpərvərliyimiz onları qısa bir müddətdə torpaqlarımızdan qovub çıxarmağa yetərlidir.
Aprel döyüşləri həm də bir daha onu sübut etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna, Azərbaycan xalqına tam arxayındır və istənilən an QƏLƏBƏ DÖYÜŞÜ əmrini verə bilər.
Prezidentin aprel döyüşləri ilə bağlı 2 aprel 2019-cu ildə N saylı hərbi hissədə olarkən verdiyi bəyanatları, açıqlamaları bu xüsusda kifayət qədər cəlbedici və qürurvericidir.
Ali Baş Komandan qeyd edib ki, Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır...
Ali Baş Komandanın “müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb” fikri həm də dünyaya bir mesaj, həssas bəyanat kimi qiymətləndirilə bilər.
Cənab Prezidentin aprel döyüşləri ilə bağlı yanaşması da xüsusi qeyd edilməlidir. Ali Baş Komandan bildirib ki, aprel döyüşləri tariximizin şanlı səhifəsidir: “Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır”.
Və ən mühüm məsələ: Dövlətin aprel döyüşlərində şəhid olan şəxslərin xatirəsinə ehtiramı, onların ailələrinə, habelə bu döyüşlərdə yaralanan şəxslərə xüsusi qayğı və diqqəti cəmiyyətdə və ordumuzda vətənpərvərlik, döyüş ruhunu daha da yüksəldir. Ümumiyyətlə, nəinki aprel döyüşlərində, ümumiyyətlə Qarabağ uğrunda 1988-ci ildən bu günə qədər şəhid olan, iştirak edən şəxslərə Prezident İlham Əliyevin olduqca diqqətli, qayğıkeş yanaşmasının hər addımda şahidiyik. Şəhidlərin ailələrinə yüksək məbləğdə sığorta pulu təyin edilməsi, bir neçə ay öncə bu məsələdə anlaşılmazlıq yaranarkən prezidentin məsələyə dərhal müdaxilə etməsi, şəhid ailələrinin məişət məsələlərinin həlli, onların daim diqqətdə saxlanılması göz önündədir. Təkcə aprel ayının ilk günlərində iki hadisə baş verdi bu xüsusda: Bir tikinti şirkətinin şəhid Sənan Axundovun ailəsinin mənzilini əlindən aldığına dair xəbər yayıldı. Dərhal Birinci Vitse-Prezident Mehriban Əliyeva məsələyə müdaxilə etdi və şəhidin ailəsinə yeni bir mənzil verildi. Aprelin 2-də isə Şəhid ailələrinin üzvlərindən birinin 1000 manatadək olan kreditləri bağışlanması məlum oldu.
Prezident İlham Əliyev çıxışında bu məsələyə dair də danışıb. O, nəzərə çatdırıb ki, dövlət hərbçilərin müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər gördü: “Döyüşlər zamanı itkilərimiz də olub, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülmüşdür”.
Habelə, Azərbaycanda hərbçilərin məişət problemlərinin həllinə böyük diqqət göstərilir. Prezident buna dair qeyd edib ki, hərbçilərin məişət problemləri həll olunur. Buna da böyük diqqət göstərilir: “Keçən ilin sonunda 300-dən çox hərbçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bu proses davam etdirilir. Eyni zamanda, hərbi hissələrin yenidən qurulması prosesi geniş vüsət almışdır. Son illərdə bir çox hərbi hissələrin şəhərciklərinin açılışında olmuşam. Hər yerdə səviyyə yüksəkdir, şərait çox gözəldir, o cümlədən bu hərbi hissədə. Burada mənə əvvəlki illərdə olan vəziyyəti əks etdirən fotoşəkillər təqdim olundu. Əlbəttə ki, vəziyyət çox ağır idi. Ancaq mənim xüsusi tapşırığım əsasında hərbi hissə qısa müddət ərzində yenidən quruldu, burada yaxşı şərait yaradıldı. Həm burada çalışanlar, həm yataqxanalarda qalanlar üçün gözəl şərait yaradıldı. Onu da bildirməliyəm ki, bizim hərbi hissələrimizdə mülki işlərdə mülki vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik, eyni zamanda, 20 minə yaxın mülki şəxs işlə təmin edilmişdir”.
Aprel döyüşlərinin xalqımıza yaşatdığı qürur, fəxarət hissi xüsusi qeyd edilməlidir. Məhz aprel döyüşləri nəticəsində işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır! Erməninin gözünü çıxarır Uca Bayrağımız!
Prezident hərbi hissədəki çıxışında bu məqamı xüsusi vurğulayıb: “Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Azərbaycan əsgəri, zabiti istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır.
Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi”.
Aprel döyüşləri bizə həm də Cocuq Mərcanlını bəxş edib. 1993-cü ildən bəri bu kəndə faktiki olaraq nəzarət edə bilmirdik. Çünki Lələ Təpə yüksəkliyi ermənilərdə idi və düşmən bu kəndi atəş altında saxlayırdı. Aprel döyüşləri zamanı strateji Lələ Təpə yüksəkliyini azad etməklə, Azərbaycan Ordusu Cocuq Mərcanlı kəndinə yeni həyat vermiş oldu.
Prezident çıxışında bu haqda danışarkən bildirib ki, Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradılır: “Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır - bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin”.
Sirr deyil, düşməni sülhə məcbur etmək üçün ondan həm hərbi, həm də iqtisadi baxımdan qat-qat yüksək olmaq lazımdır. Azərbaycanın iqtisadi imkanları təbii ki, Ermənistandan müqayisə olunmaz dərəcədə böyükdür. Hərbi qüdrətimizi isə apreldə həm ermənilər, həm də onların dünyadakı havadarları görmüş oldular. Bu baxımdan aprel döyüşləri həm də diplomatik prosesdə, sülh danışıqlarında bizim mövqelərimizi möhkəmləndirib.
Prezidentin buna dair fikirləri çox önəmlidir. Sitat: “Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi.
Uğurlu Naxçıvan əməliyyatı, lərzəyə salan hərbi parad
Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”.
Təbii, bütün bu nailiyyətlərimiz Azərbaycanın danışıqlarda daha ötkəmli, haqlı mövqeyini müdafiə etməkdə daha əmin, arxayın danışmasına, Ermənistana sadəcə sülhə gəlmək şansı verdiyimizi isbatlamağa səbəb olub.
“Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq”
Prezident İlham Əliyev münaqişənin həllinə dair danışıqlar prosesindən danışarkən bu məsələyə dair birmənalı danışıb: “O ki qaldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır. Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”.
Aprel döyüşlərindən əvvəl bəlkə kimlərdəsə belə fikirlər ola bilərdi ki, Azərbaycan xalqının vətənpərvərlik, döyüşkənlik ruhu zəifləyib, torpaqlarımızın uzun illər ərzində işğalda saxlanılması xalqımıza mənəvi-psixoloji təsir edib. Şanlı aprel döyüşlərində isə biz şahidi olduq ki, Azərbaycan ordusunun qüdrəti, vətənpərvər ruhu ilə yanaşı, bütövlükdə Azərbaycan xalqının döyüş ruhu çox yüksəkdir. Yada salaq, hər kəs cəbhə xəttinə yollanmağa qərar vermişdi. Minlərlə gəncimiz şəxsi maşınları ilə döyüş bölgəsinə yollanmışdı. Hamı döyüşməyə hazır idi və Ali Baş Komandanın döyüş əmrinə müntəzir olduğunu bəyan edirdi.
Əlbəttə, bu məsələ prezidentin də xüsusi diqqət yetirmiş olduğu məqamdır və aprelin 2-də çıxış edərkən buna dair fəxarətlə danışıb: “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir. Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir”.
Elşad MƏMMƏDLİ,
“YENİ MÜSAVAT”