azia.az
azia.az

Qəhrəman komandir

13-10-2022, 18:15



Ermənistan ordusunun sentyabrın 27-də təxribat törədərək ölkəmizə qarşı hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdə atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz ordu” mifini darmadağın etdi. İşğalçı illər idi ki, mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla müharibənin ərazisini genişləndirməyə çalışırdı. Yeni bölgələr tutmaq, tapdaq altında saxlamaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmurdu. Lakin indiki Vətən savaşında səbr kasası daşan Azərbaycan Ermənistana biabırçı məğlubiyyəti yaşatdı. Əslində işğalçı belə bir acı nəticəni gözləmirdi. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi ötən 30 il ərzində güclü ordu mifini yaradaraq əhalini aldadırdı. Bu mifi Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə darmadağın etdi və Ermənistanın qoruyub saxladığı status-kvo və təmas xəttini tamamilə dağıtdı. Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Ordumuzun qalibiyyəti xarici hərbi ekspertlər tərəfindən də yüksək qiymətləndirildi. Bəli, ordumuzun əsgər və zabitlərinin əzmkarlığı, igidliyi, rəşadəti nəticəsində tarixi qələbəyə nail olduq. Elə bu qələbədə qəhrəman zabitimiz, Birinci Qarabağ müharibəsinin igid döyüşçü-komandirlərindən biri mayor Cəfərov Qənbər Yaqub oğlunun da payı var. Birinci Qarabağ savaşında yarımçıq qalan döyüş Vətən müharibəsində qələbə ilə tamamlandı. Mayor Cəfərov bu qələbəni arzularının həyata keçdiyi an kimi dəyərləndirir və Azərbaycan əsgəri ilə qürur duyduğunu ifadə edir. Qəhrəmanımızı tanıyaq. 

Mayor Cəfərov Qənbər Yaqub oğlu 05.06.1958-ci ildə Laçın rayonunun Minkənd kəndində kolxozçu ailəsində doğulmuşdur. 1965-ci ildə Minkənd kənd orta məktəbinin birinci sinfinə getmiş və 1975-ci ildə orta məktəbi bitirmişdir. 1975-1976-cı illərdə Laçın rayon kolxozlararası tikinti idarəsində fəhlə və Ocaqqulu adına kolxozda meşə gözətçisi işləmişdir. 1976-cı ildə S.M.Kirov adına ADU-nun (indiki BDU) kimya fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin fakültəni bitirmişdir.

1981-84-cü illərdə Laçın rayonunun Minkənd kənd orta məktəbində kimya müəllimi işləmişdir. 1984-cü ildən Bakı şəhəri Qaradağ rayonunda yerləşən Bakı Dərin Özüllər zavoduna kimyaçı-mühəndis kimi işə qəbul olunmuş, laboratoriya rəisi və eyni zamanda Texniki Nəzarət şöbəsinin baş ustası vəzifəsində işləmişdir.

Vətənin başını qara buludlar alanda könüllü olaraq QRHK-na müraciət etmiş və komissarlıq tərəfindən Azərbaycanın ilk şanlı briqadası olan “N” saylı hərbi hissəyə (Şıxov briqadasına) göndərilmişdir.

1991-ci ilin 26 oktyabrından tağım komandiri kimi xidmətə başlamışdır. Tağım komandiri kimi Laçın, Kəlbəcər və Ağdərə rayonlarında döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə Laçında yaralandığına baxmayaraq, az müddətdən sonra döyüşlərə davam etmişdir. 1992-ci ildə ona kapitan rütbəsi verilmişdir.

1993-cü ilin dekabr ayında Müdafiə nazirinin əmri ilə “N” saylı hərbi hissədə tabor komandiri təyin olunmuşdur. 1993-cü ilin dekabr ayının sonunda Kəlbəcərə hücuma keçmişlər. Uğurlu əməliyyatlar nəticəsində Qızılqaya yüksəkliyi, Bağırlı kəndi yağı düşmənlərdən azad edilmişdir. Ermənilər təqribən 10-a yaxın canlı qüvvə itirərək, ağır texnikalarını qoyub qaçmışdılar. Həmin taborun uğurlu əməliyyatı nəticəsində Yanşaq kəndi də azad edilmişdir. Bu əməliyyat zamanı bu döyüşdə bir şəhid və altı yaralı olmuşdur.

Davamlı olaraq Qasımbinə, Qamışlı və Suqovuşan istiqamətində hərəkət edilmiş və burada heç bir müqavimətə rast gəlmədən, Qamışlı və Çiçəkli dağ istiqaməti nəzarət altına alınmışdır. Yanvarın 17-də bir qrup (28 nəfərdən ibarət) silahlı dəstə Qamışlı kəndində ferma istiqamətində hərəkət etməsi barədə  kəşfiyyat məlumatları əldə edilmişdir. Məlum olmuşdur ki, bunlar ermənilərdir. Taborun müxtəlif istiqamətlərdən başladığı hücum nəticəsində onlar fermaya sıxışdırılmış və orada onların hamısı öldürülmüşdür. Ölənlərin içərisində biri milliyyətcə rus olan polkovnik-leytenant və bir nəfər Nəsimi rayon taborundan əsir düşmüş Qax rayonunun Ləkit kəndindən olan əsgər olmuşdur. Əsgərin meyidi və rusun vəsiqəsi briqadaya çatdırılmışdır.

Yanvarın 18-də Karaul dağına hərəkətə başlanılmış və heç bir itki vermədən yüksəkliyi nəzarətə götürmüşlər. Bir gün gözlədikdən sonra verilən əmrə əsasən Nadirxanlı, Güneypəyə, Göydağ istiqamətində hərəkətə başlanılmış və itki vermədən deyilən yüksəkliklər nəzarətə götürülmüşdür. 25-26 yanvar tarixində Güneypəyə kəndində yerləşən erməni qərargahı dağıdılmış, ermənilər xeyli itki vermiş, qalanları isə qaçmışlar. Orada olarkən ermənilərin bir tankını və bir ədəd BMP-ni əsgər Hacıyev Söhbət və Kərim vurub sıradan çıxarmışlar. 

Fevral ayında briqadaya məlum səbəblərdən Daşkəsənə çıxmaq əmri verilmiş və tabor Zivliyan kəndinə çıxmışdır. Seyfəlli təlim mərkəzində yenidən təlim keçdikdən sonra Füzuli rayonu istiqamətinə göndərilmiş və arxa cəbhə - Şükürbəyli kəndində olmaq şərtilə tabor Korqan və Yuxarı Seyidəhmədli kəndi istiqamətində hücuma keçmişdir. Korqan kəndi və kəndin solunda yerləşən erməni səngərləri boşaldılaraq ermənilərə çoxlu itkilər verdirmişlər. Bir müddətdən sonra briqada Tərtər rayonuna dəyişdirilmişdir. Nəmirli və Şurabad kəndləri uğrunda ağır döyüşlər zamanı ermənilər ağır məğlubiyyətə uğradılmışdır. Qənbər Cəfərovun taborundan 2 şəhid, 16 yaralı olmuşdur. Daha sonra atəşkəs elan olunmuş,  döyüş və hücum əməliyyatları dayandırılmışdır. 

1994-cü ilin may ayında ona mayor rütbəsi verilmişdir. 1995-ci ilin yanvar ayında səhhətilə əlaqədar olaraq ehtiyat taboruna göndərilmişdir. Nazirin əmri ilə “N” saylı hərbi hissəyə tabor komandiri, eyni zamanda Qusar qarnizonunun komandiri təyin olunmuşdur. 

1996-cı ildə Qusar qarnizonu bütünlüklə Hərbi Dəniz Qüvvələrinin tərkibinə keçirilmiş tabor komandiri və qarnizon rəisi kimi xidmət etmişdir. Müharibə iştirakçısı və II qrup Qarabağ müharibəsi əlilidir. 1997-ci ildə ehtiyata buraxılımışdır. 

Azərbaycan ordusunun 90 və 100 illiyi, müharibə iştirakçısı, orden və medalları ilə təltif olunmuşdur.


Subut Mehdiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi