azia.az
azia.az

“Ən bahalı avtomobillər deputatların övladlarında, ən yaxşı vəzifələr qohumlarındadır” - Cümşüd Nuriyev

28-06-2022, 20:06

“Ən bahalı avtomobillər deputatların övladlarında, ən yaxşı vəzifələr qohumlarındadır” - Cümşüd Nuriyev
“Azərbaycan dövlət idarəçilik sisteminin çox ciddi islahatlara ehtiyacı var. Paralel struktur mövcuddur, yəni adətən dünya dövlətlərinin əksəriyyətində prezident idarə üsulu olanda, hökumət olmur. Azərbaycanda isə həm ali icra orqanı, həm də qanuverici orqan var. Qanunverici orqanda, yəni parlamentdə deputatlar üçün ayrılmış yerlərin artırılması məsələsi gündəmə gəlirsə, bu, yaxşı təşəbbüsdür. Hazırda Azərbaycanın cəmi 125 parlament üzvü var və bir deputat bir neçə işçi qrupda yer alır. Bu, düzgün deyil. 125 yer 7 milyon əhali üçün nəzərdə tutulmuşdu. İndi isə Azərbaycanda əhalinin sayı 10 milyondan çoxdur. Hazırda parlamentdə təmsil olunan deputatların sayının 175 olması normal hal olardı. Təkcə majoritar deyil, proporsional seçki sistemi də tətbiq edilə bilər. 125 deputat birmandatlı və 50 deputat da çoxmandatlı dairələr üzrə seçilə bilərlər. O ki, qaldı səsvermə zamanı olan üçdə iki çoxluq məsələsinə buna konstitusion çoxluq deyilir. Adətən bütün qərarlar, qanunlar sadə səs çoxluğu, yəni 50+1-lə qəbul olunur. Amma hər hansı qərar konstitusion dəyişiklikdirsə, onda bu üçdə iki səs çoxluğu ilə qəbul olunur”.



Azia.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.







C.Nuriyev bildirib ki, parlamentin plenar iclaslarında daimi olaraq 30-35 nəfər iştirak etmir: “Bu parlament kökündən dəyişilməli və biznes, dövlət strukturlarından, qeyri-hökumət təşkilatlarından olan deputatların parlamentdə yer almasına qəti qadağa qoyulmalıdır. Parlamentdə təmsil olunan deputatlar birmənalı şəkildə bütün işlərdən çıxıb gəlib orada oturmalıdırlar. Yeganə istisna hal deputatın hansısa təhsil müəssisəsində dərs keçməsidir. Bu dünyanın hər yerində qəbul olunub, yəni deputatlar dərs deyə bilərlər. Hansı deputatı deyirsən, biznes strukturları o qədər çoxdur ki, adam rayonlara gedəndə də xəcalət çəkir. Hansısa yaxşı ev görəndə deyirlər, bu, filan deputatındır. Meyvə bağları, torpaq sahələri hamısı deputatların adınadır. Ən bahalı maşınlar deputatların uşaqlarında, ən yaxşı vəzifələr deputatların qohumlarındadır. Bu, nə deməkdir? Bunun daha nəyi deputat oldu ki? Bunlar artıq deputat yox, oliqarx olublar. İndiki parlamentdə 5-10 yetim deputat var, digərləri oliqarxdır. Bu ənənəyə son qoymaq lazımdır. Yoxsa o, kiminsə qohumudur, kiminsə tanışıdır, belə olmaz axı… Parlament işləmək üçündür. Orada səviyyəli adamlar, hüquqşünaslar, iqtisadçılar olmalıdır. Bu 30 ildə olan 6 parlament seçkisi məgər göstərmədi ki, onların çoxu parlamentə yaramır. İnsanlar başı çıxmayan şeylərə daha çox can atır və özlərini orada görürlər. Ümumi olaraq, belə bir natamamlıq kompleksi var və bu, parlamentdə də özünü göstərir. İstəyərdim ki, Azərbaycanda müasir dünya standartlarına cavab verə parlamentə sahib olsun”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi