Milli Məclisdə deputatların sayı 60 nəfər artırılsın – TƏKLİF
“Azərbaycanın seçki sistemində islahatlara ehtiyac var. İlk növbədə majoritar, proporsional seçki sistemi tətbiq olunmalıdır”.
Azia.az xəbər verir ki, bunu “Yeni sabah”a müsahibəsində keçmiş deputat Çingiz Qənizadə deyib. O, bildirib ki, bu seçki sistemi Ermənistan və Gürcüstanda mövcuddur:
“Digər tərəfdən deputatların sayı ilə bağlı çox ciddi problem var. Hazırda əhalinin siyahıyaalınma prosesi gedir. Və hər dairədə 2-3-4 min seçici sayı çoxdur.
1995-ci ildə biz Konstitutsiyanı qəbul etmişik. Konstitutsiyanın 82-ci maddəsində yazılır ki, Milli Məclisin tərkibi 125 nəfərdən ibarət olmalıdır. Bu 7 milyon əhaliyə hesablanmışdı. Lakin indi 10 milyondan çoxuq. Bu baxımdan dünya təcrübəsinə baxsaq, 10 milyon əhalisi olan ölkələrdə 200, hətta 300 nəfər parlamentari var.
Gürcüstan, Ermənistan bizim yarımız qədərdir. Deputatların sayı təxminən eynilik təşkil edir. Hesab edirəm ki, gələcəkdə deputatların sayı artırılmalıdır. Ona görə yox ki, parlamentdə çox deputat olsun. Ona görə ki, 1 millət vəkili 40 min seçici ilə işləmək imkanını çox çətinliklə reallaşdırır. 40-42 min seçici ilə işləmək millət vəkili üçün olduqca ağırdır. Bir millət vəkili necə 50 kəndin deputatı ola bilər?”
Ç.Qənizadə deyib ki, Azərbaycanda təxminən 20-25 min əhalisi olan dairələr formalaşmalı, millət vəkillərinin sayı artmalıdır. Onun fikrincə Milli Məclisdə təxminən 50-60 deputat yeri artırıla bilər