azia.az
azia.az

“Bu söz dilimizin qanunlarına uyğun olmayan bir kəlmədir” - Sabir Rüstəmxanlıdan ETİRAZ

1-06-2022, 19:16

“Bu söz dilimizin qanunlarına uyğun olmayan bir kəlmədir” - Sabir Rüstəmxanlıdan ETİRAZ
“Qanunların dilinin süni surətdə akademikləşdirilməsinə və aydın olmayan terminlərlə doldurulmasına ehtiyac yoxdur”.

Azia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı öz feysbuk səhifəsində yazıb.

O, Milli Məclisin sonuncu iclasında səsləndirdiyi fikirlərə aydınlıq gətirib:

“Milli Məclisin mayın 31-ində keçirilən yığıncağında Azərbaycanın İnzibatı Prosessual Məcəlləsində dəyişikliklərin müzakirəsində mən “mübahisələndirilməsi” sözünə və qanunlarımızda bu tipli yapma (süni) sözlərin çoxluğuna etiraz etmişdim. (Qanunda həmin sözün işlədildiyi cümlə də qüsurludur. Lakin bu məsələyə toxunmamışdım).

Çıxışımda onu da bildirmişdim ki, Azərbaycan Prezidentinin “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” yaratması çox ciddi, dəyərli bir addımdır və yaxşı olardı ki, həmin komissiyanın tərkibində təcrübəli filoloq da olsun.

“Mübahisələndirmə” sözü hüquqşünasların süni sürətlə yaratdıqları və dilimizin söz- yaratma qanunlarına uyğun olmayan bir kəlmədir. Ola bilsin mənim yanaşmamın özündə də mübahisəli məqam var. Həqiqət bu cür mübahisələrədə ortaya çıxır”, - deyə deputat qeyd edib.

Sabir Rüstəmxanlı vurğulayıb ki, qanunların dilinin süni surətdə akademikləşdirilməsinə və aydın olmayan terminlərlə doldurulmasına ehtiyac yoxdur:

“Mənim sözümə etiraz edən Milli Məclis sədrinin birinci müavini, hörmətli Əli Hüseynli bildirdi ki, “mübahisələndirilmə” hüquqi termindir; digər həmkarım Ziyafət Əsgərov isə qətiyyətlə dedi ki, bu termin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş orfoqrafiya lüğətimizdə vardır. Düşündüm ki, sahələr üzrə terminləri izləmək imkanımız yoxdur, bir halda ki, hörmətli hüquqşünas həmkarlarım bu sözün orfoqrafiya lüğətində olduğunu deyirlər və bu məsələdə təkid edirlər, bəyənmədiyim söz olsa da, söhbəti uzatmağa dəyməz. Doğrudan da, hüquq araşdırmalarında, nadir hallarda olsa da, bu sözə rast gəlmək mümkündür (məsələn “əqdin mübahisələndirilməsi”), lakin söz uğursuz olduğuna və mahiyyəti ifadə etmədiyinə görə dalınca açıqlama verilir, “mübahisə edilmə” və s.

“Mübahisələndirilməsi” - “qəsdən mübahisə yaratmaq” anlamı verir; halbuki qanunda söhbət “məsələnin müzakirəyə açılması”ndan, vətəndaşın Mərkəzi Seçki Komissiyasının qərarından şikayət etmək hüququndan gedir”.

Deputat qeyd edib ki, bu, kiməsə bunlar xırda şey kimi görünə bilər, lakin dildə xırda şey yoxdur: “Sözün necə deyilməsi bəzən mahiyyəti dəyişdirir. Qanunların qrammatikasının nə qədər mühüm olduğunu hüquqşünaslar yaxşı bilirlər. Orfoqrafiya lüğətimizdə müxtəlif sahə lüğətlərindən gələn və bəzi dilçilərimizin xəyal məhsulu olan yüzlərlə qondarma söz var və bu barədə mətbuatda gedən mübahisələri də unutmamışıq. Düşündüm ki, yəqin həmkarlarım düz deyir, ola bilsin, bu söz də orfoqrafiyamızda özünə yer tapıb.

Maraq üçün Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun hazırladığı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2021-ci ildə buraxılmış və Nazirlər Kabinetinin təsdiqlədiyi 7-ci nəşrini açdım və həmin sözü axtardım, sonra Orfoqrafiyanın 2004-cü il nəşrinə də baxdım.

Həmkarlarıma bildirməliyəm ki, orfoqrafiya lüğətində “mübahisələndirmə” sözü yoxdur. Bəlkə hüquq terminləri lüğətində var, bilmirəm. Lakin Milli Məclisdə məhz Nazirlər Kabinetinin təsdiqləyi lüğət vurğulanmışdı və bu rəsmi lüğətə istinad edilmişdi.

Yanılıblar...

Yeri gəlmişkən bir daha deyim ki, bəzi qanunlarımızda ana dilinə yanaşma tərzini qətiyyən qəbul etmirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi