İsrail –Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Bakı Ali Neft Məktəbində
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsrail –Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Rektor Elmar Qasımov BANM-də yüksək səviyyəli tədris və təhsil üçün yaradılan şərait, Ali Məktəbin fəaliyyətindəki yeniliklər, nailiyyətləri, beynəlxalq əlaqələri və tədris prosesinin təşkili haqqında məlumat verib.
Qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplayan tələbələrin BANM-də təhsil aldığını vurğulayan rektor onların yerli və transmilli şirkətlərdə, beynəlxalq səviyyəli müəssisələrdə istehsalat təcrübəsi keçdiklərini də diqqətə çatdırıb. Elmar Qasımov qeyd edib ki, məhz bunun nəticəsində BANM-in məzunları ingilisdilli peşəkar kadrlar kimi irimiqyaslı yerli və xarici şirkət və müəssisələrdə çalışırlar.
Qonaqpərvərliyə görə Bakı Ali Neft Məktəbinin rektoruna xüsusi təşəkkür edən Aleks Kaplun Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Aleks Kaplun İsrail mütəxəssislərinin iştirakı ilə BANM-də kibertəhlükəsizlik mərkəzinin yaradılmasını təklif edib. Ali Məktəbin rektoru Elmar Qasımov bu təklifi yüksək qiymətləndirib və bu sahədə işlərin sürətlənməsi üçün dəstək verəcəyini bildirib.