azia.az
azia.az

Göyçayda baş verən qanun pozuntularının DETALLARI - İcra başçısı İdman Kompleksindəki avadanlıqları satıbmış?

9-03-2022, 18:45

Göyçayda baş verən qanun pozuntularının DETALLARI - İcra başçısı İdman Kompleksindəki avadanlıqları satıbmış?
Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır. Bir neçə gün əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin də vəzifəsindən azad edilmə səbəbi bəzi qanun pozuntuları ilə əlaqəli olub. Belə ki, gənclər və idman naziri Fərid Qayıbovun regionlardakı vəziyyətlə tanış olmaq üçün bu yaxınlarda səfər etdiyi yerlərdən biri də Göyçay olub. Nazir tikilməkdə olan, eləcə də mövcud idman və gənclər infrastrukturunun fəaliyyəti ilə maraqlanıb, Göyçay Gənclər Evində, Göyçay Olimpiya İdman Kompleksində gənclər üçün yaradılan şərait və göstərilən xidmətlər barədə məlumat alıb.

Lakin iddialara görə, Qayıbovun qarşılaşdığı mənzərə heç də ürəkaçan olmayıb. Səfər zamanı nazirin iştirakı ilə sözügedən məkanlarda invertarlaşdırma və monitorinqlər aparılıb, amma rəsmi sənədlərdə qeyd edilənlərdən fərqli görüntü ortaya çıxıb – müəssisələrə məxsus olan avadanlıqların, ləvazimatların yerində olmadığı, satıldığı müəyyən edilib.

Mehdi Səlimzadənin əməllərinin təkcə bununla bitmir. Əldə etdiyimiz məlumata əsasən, icra başçısı ölkə büdcəsindən hər il rayonlara ayrılan milyonlarla pula da göz dikib – yolların təmir-bərpa işlərinə, işıqlamasına ayrılan, həmçinin bağçalar üçün nəzərdə tutulan büdcədən əsər-əlamətin olmadığı bəlli olub.

Məsələn, Bərkuşat yoluna ayrılan 3 milyon manat yoxa çıxıb. Hətta bu yol infrastrukturu daha da bərbad hala salınıb. Belə ki, yolun köhnə asfalt örtüyü təmizlənib və satılıb, yeni asfalt isə çəkilməyib. Eyni zamanda, Göyçay şəhərinin işıqlandırılması, ağacların suvarılması istiqamətində heç bir iş görülməyib. Nəticədə ağaclar susuzluqdan çürüyərək evlərin üzərinə aşıb.

Qeyd edilən faktlar bir neçə dəfə mediada işıqlandırılıb. Məhz bunun nəticəsidir ki, məsələ icra başçısının vəzifədən azad edilməsi ilə yekunlaşmayıb, həm də Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi, o cümlədən Səlimzadənin köməkçisi Vahid İsayev, sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə dindirilməyə aparılıb. Sözügedən şəxslərlə yanaşı, bir neçə sahibkarın da dindirildiyi gələn məlumatlar arasındadır. Buna səbəb kimi isə, bir sıra ərazilərdə qeyri-qanuni torpaq satışının həyata keçirilməsi göstərilir. Bir torpaq sahəsinin saxta yollarla bir neçə nəfərə satışının təmin edildiyi ehtimal olunur.
Göyçayda baş verən qanun pozuntularının DETALLARI - İcra başçısı İdman Kompleksindəki avadanlıqları satıbmış?
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi