azia.az
azia.az

Azərbaycan region ölkələri ilə çoxşaxəli müstəqil siyasət həyata keçirir

25-02-2022, 08:33


Azərbaycan öz milli maraqlarına uyğun və onun müdafiəsinə yönəlmiş çoxşaxəli müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan xarici siyasətində çoxtərəfliliyə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa böyük önəm verir. Bunu Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə atdığı təşəbbüslər və əməli addımlar təsdiq edir. Qonşu dövlətlərlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində tarixi qələbənin qazanılmasında bu amilin böyük rolu olmuşdur.
Azərbaycan region ölkələri ilə çoxşaxəli müstəqil siyasət həyata keçirir
Azərbaycanla Türkiyə arasında müttəfiqlik əlaqələri ölkəmizin təhlükəsizliyinə əlavə təminat deməkdir. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Sənədi hər iki ölkənin parlamentləri təsdiqləyib. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdı və Azərbaycan öz təhlükəsizliyinə əlavə təminatlar aldı.

Azərbaycan türk dövlətləri ilə əlaqələrə də böyük önəm verir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə uyğun olaraq təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, köklərinə verdiyi önəmin bariz nümunəsidir.

Azərbaycanın qonşu Gürcüstan və İranla əlaqələri yüksək səviyyədədir. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq, ölkəmizlə Avropa İttifaqı arasında əlaqələr də inkişaf edir. Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu bu ilin martında Bakıda keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları başa çatdırmaq və sazişi imzalamaq niyyətindədir. Azərbaycanın Avropanın enerji təminatında və enerji təhlükəsizliyində rolu durmadan artır. Azərbaycan Cənub Qaz Dəhlizi kimi böyük enerji layihəsinin təşəbbüskarıdır.

NATO ilə əlaqələr də uğurla inkişaf edir. 2021-ci ilin dekabrında Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də prezident İlham Əliyevlə telefon danışığı zamanı Yens Stoltenberq Azərbaycana Avropanın etibarlı qaz təchizatçısı olduğuna və qaz ixracını artırdığına görə təşəkkür edib. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi heç bir bloka qoşulmur və qonşuları ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirir. Rəsmi Bakı hətta Ermənistanla da normallaşma prosesini sürətləndirməkdə maraqlıdır.

Öz milli maraqlarına əsaslanan müstəqil, çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq aləmdə rolunun və nüfuzunun artmasına, region ölkələri və dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına və inkişafına öz töhfəsini verib. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu məsələdə mövqeyi aydındır. Azərbaycan heç vaxt özündən üçüncü dövlətlərə qarşı istifadə olunmasına imkan verməyib. Bu mövqe Prezident İlham Əliyevin 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri zamanı təsdiqlənib.

Ölkəmizin Rusiya ilə yüksək səviyyədə əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri qurulub. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən qüdrətli dövlətlərindən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar və iqtisadi əlaqələr inkişaf edib. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf edir.

Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən müxtəlif sənədlər imzalanıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi əlaqələr ən yüksək səviyyəyə çatıb. Eyni zamanda, ticarət dövriyyəsi artıq 3 milyard dolları ötüb və 16 faiz artıb. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas bazarlardan biridir. Azərbaycanda 140 mindən çox şagirdin təhsil aldığı 340-a yaxın rusdilli məktəb var. Azərbaycanda ali məktəblərdə 15 mindən çox tələbə rus dili bölmələrində təhsil alır.

Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. Bu sənədin imzalanması Prezident İlham Əliyevin milli maraqlarımızın qorunması istiqamətində növbəti mühüm və son dərəcə uğurlu addımıdır. Azərbaycan üçün qonşu dövlətlərlə əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursunda bu məsələ prioritet kimi müəyyən edilib.

Bəyannamədə müəyyən edilmiş əməkdaşlığın əsas prinsipləri və strateji istiqamətləri aşağıdakılardır:

-Qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq.
-Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik.
-Milli maraqların aliliyi;
-Beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalarına riayət;
-Qarşılıqlı fəaliyyət;
-Qafqaz və Xəzər regionlarında sabitlik naminə əməkdaşlıq;
-Tərəflərin təhlükəsizlik maraqlarının qorunması;
-Məsləhətləşmələr mexanizminin yaradılması;
-Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması və Rusiya Federasiyasının vasitəçilik rolu;
-Uzunmüddətli sülh naminə əməkdaşlıq;
-Ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısının alınması;
-Hərbi-texniki və siyasi əməkdaşlıq;
-Maliyyə institutlarının əməkdaşlığı;
-Tranzit-nəqliyyat fəaliyyətinin potensialının inkişafı;
-Atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq;
-İnformasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafı;
-Aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq; Səhiyyə sahəsində əməkdaşlıq;
-Parlamentlərarası əməkdaşlıq; Humanitar sahəsində əməkdaşlıq.
Göründüyü kimi, Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən və hər iki tərəfin, o cümlədən Rusiyanın üzərinə ciddi öhdəliklər qoyan sənəddir. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmlə mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Bununla Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır.

Elşad Eyvazov, Əməkdar müəllim

www.sumqayitxeber.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi