“Azərbyacan-Fransa arasında diplomatik əlaqələrin qurulmasından artıq 25 il ötüb. 1992-ci ilin fevral ayında Fransanın Azərbyacanda səfirliyi, 20 noyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi fəaliyyətə başlayıb. Keçən 25 il ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr yaradılmış, iki tərəfli münasibətlər yüksələn xətlə inkişaf edib. Azərbaycanla Fransa arasında dostluq əlaqələri son illərdə daha da sürətlə inkişaf edib”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Fransa üzrə işçi qrupunun üzvü, deputat Rauf Əliyev deyib.
O, bildirib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
“Fond tərəfindən Azərbaycanın qədim və zəngin tarixinin, mədəniyyətinin dünyada təqdim olunması məqsədi ilə Fransa və onun regionlarında mədəniyyət sahəsinə aid bir sıra layihələr həyata keçirilir. Dünyanın ən seçilən festivallarının təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kan şəhərində artıq neçə ildir ki, Azərbaycan Mədəniyyəti Günləri təşkil edilir. Bu günlərin keçrilməsi dünya mədəni irsinə əvəz olunmaz şəxsiyyətlər və əsərlər bəxş edən Azərbaycan mədəniyyətinin təbliği baxımından müstəsna əhəmiyyətə malikdir. Bu tədbirlərdə Azərbaycanın birinci xanımı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak edir. Belə tədbirlərə Fransanın tanınmış içtimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxslərinin qatılması tədbirlərin əhəmiyyətini daha da artırır”.
Rauf Əliyev iki ölkə arasında münasibətlərdən danışarkən deyib ki, bu sahədə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rolu böyükdür.
“İki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində ölkəmizin Birinci xanımı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu var. Azərbaycan- Fransa münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və bir çox sahələri əhatə edir. Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanması ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradır. İki ölkə arasında parlamentlərarası əlaqələrdə yüksələn xətlə inkişaf edir. Bu sahədə Azərbaycan –Fransa paralamentlərarası işçi qrpunun rolu böyükdür. Bu ilin mart ayına kimi işçi qrupuna Mehriban xanım Əliyeva rəhbərlik edib. İnanırıq ki, bundan sonra da hər iki dövlətin və xalqın mənafeyinə uyğun olaraq Azərbaycan-Fransa arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək”.
modern.az