azia.az
azia.az

Bakı Ali Neft Məktəbində bərpa olunan enerji üzrə təlimlər keçirilib

4-02-2022, 16:56

     Bakı Ali Neft Məktəbində bərpa olunan enerji üzrə təlimlər keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) bərpa olunan enerji mənbələri üzrə təlimlər keçirilib. Ali Məktəbin təşəbbüsü ilə keçirilən təlimlər Ekoloji Tədqiqatlar Mərkəzi tərəfindən baş tutub və beş gün davam edib. Təlimlərdə Bakı Ali Neft Məktəbinin, Bakı Mühəndislik Universitetinin müəllimləri, həmçinin Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

Sertifikatların təqdimolunma mərasimində BANM-in rektoru Elmar Qasımov hazırda dünyada bərpa olunan enerji mənbələri sahəsinin sürətlə inkişaf etdiyini diqqətə çatdıraraq bildirib ki, Ali Məktəb dünyadakı trendlərə qoşularaq bu sahədə kadr hazırlığı prosesinə başlayır və bu təlim də prosesin başlanğıcıdır. Rəhbərlik etdiyi ali təhsil ocağının bərpa olunan enerji mənbələri sahəsində kadr hazırlığı üzrə böyük işlər planlaşdırdığını qeyd edən rektor Avropa universitetləri ilə əməkdaşlıq, mütəxəssislərin təlimlərə göndərilməsi, magistratura ixtisasının açılmasının qarşıda duran planlardan olduğunu vurğulayıb.

Elmar Qasımov Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə əməkdaşlıq həyata keçiriləcəyini də diqqətə çatdırıb: “Dünyadakı ekoloji böhranın qarşısının alınması üçün bərpa olunan enerji mənbələrindən istifadə vacibdir. Bərpa olunan enerji mənbələri həm də tükənən sərvətlərdən istifadənin alternatividir. Artıq neft şirkətləri də bu sahəyə investisiya yatırır, sahənin inkişafı üçün addımlar atırlar. Azərbaycanın da bərpa olunan enerji mənbələrindən istifadə üzrə böyük planları var. Bu sahədə genişmiqyaslı layihələr həyata keçirilməyə başlanılıb. Bu layihələrdə çalışmaq üçün mütəxəssis hazırlığına əhəmiyyət veririk. Yeni yaradılan külək və günəş enerjisi stansiyalarında müəllim və tələbələrin təcrübə keçmələri, gələcəkdə hazırlayacağımız peşəkar məzunların bu layihələrdə işlə təminatı nəzərdə tutulan planlardandır”.

Rektor BANM-in yaxın vaxtlarda bərpa olunan enerji mənbələri üzrə mütəxəssis hazırlığında ən qabaqcıl ali təhsil ocağı olacağını da əlavə edib.

Tədbirdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Azərbaycanın bərpa olunan enerji mənbələri potensialından, həyata keçirilən və planlaşdırılan işlərdən danışaraq bildirib ki, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün 30%-ə çatdırılması planlaşdırılır. İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonası olmasının nəzərdə tutulduğunu bildirən Agentlik rəhbəri yaşıl enerjinin ölkənin milli prioritetlərindən biri elan edildiyini diqqətə çatdırıb. Təbriz Əmmayev bərpa olunan enerji mənbələri sahəsində genişmiqyaslı tədbirlər çərçivəsində yerli kadrların gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqda maraqlı olduqlarını, Agentliyin kadr hazırlığı üçün dəstək göstərməyə hazır olduğunu əlavə edib.

Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru, Təlim-tədris proqramının koordinatoru Rövşən Abbasov təlimin keçirilməsi təşəbbüsünə görə BANM rəhbərliyinə təşəkkür edərək bərpa olunan enerji sahəsində biliklərin əldə olunmasına istiqamətlənmiş bu təlimi irəliyə doğru böyük addım kimi qiymətləndirib. O, bərpa olunan enerji sahəsində Azərbaycanda böyük potensial olduğunu və bu sahədə mütəxəssis hazırlanmasının vacibliyini vurğulayıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

     Bakı Ali Neft Məktəbində bərpa olunan enerji üzrə təlimlər keçirilib
     Bakı Ali Neft Məktəbində bərpa olunan enerji üzrə təlimlər keçirilib
     Bakı Ali Neft Məktəbində bərpa olunan enerji üzrə təlimlər keçirilib
     Bakı Ali Neft Məktəbində bərpa olunan enerji üzrə təlimlər keçirilib
     Bakı Ali Neft Məktəbində bərpa olunan enerji üzrə təlimlər keçirilib
     Bakı Ali Neft Məktəbində bərpa olunan enerji üzrə təlimlər keçirilib
     Bakı Ali Neft Məktəbində bərpa olunan enerji üzrə təlimlər keçirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi