Akim Bədəlovun şirkətinin 40 min vergi borcu var - Məhkəmə işi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Azgüntex” MMC-ni məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
"Azgüntex” MMC 8 noyabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Möhsünov Şərif Möhsün oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, "Azgüntex” MMC əslində ləğv olunmuş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin keçmiş sədri Akim Bədəlova məxsusdur. Şərif Möhsünov isə onun qayınatasıdır.
"Azgüntex” MMC-nin bu günə olan vergi borcu 42076.78 AZN-dir. Ehtimal olunur ki, şirkətin məhkəməyə verilməsinin səbəbi budur.
Akim Bədəlov 2012-ci ildən 2019-cu ilə qədər Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbərlik edib. Qurum 2012-ci ildə dövlət şirkəti kimi yaradılıb, 1 il sonra isə agentliyə çevrilib.
Akim Bədəlov 20 noyabr 1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndində "Mi8” hərbi vertolyotunun vurulması nəticəsində həlak olan keçmiş dövlət katibi Tofiq İsmayılovun ailə üzvləri ilə aralarında baş verən qalmaqalla yadda qalıb. Qalmaqalın səbəbinə gəlincə, Tofiq İsmayılovun qızı Səbinə İsmayılovanın o zaman mediaya verdiyi açıqlamadan məlum olur ki, Akim Bədəlov vaxtilə Tofiq İsmayılovun yaratdığı şirkəti ələ keçirib.