"Müdafiə etdiyi şəxslə görüş zamanı vəkildən hər hansı sənədin tələb edilməsi qanunla qadağandır"
Son zamanlar tutulan və həbs edilən şəxslərlə görüşmək istədikdə vəkillərdən istintaq orqanından yazılı icazələrin təqdim edilməsi tələbi ilə bağlı məlumatlar eşidilir.
Mövzu ilə bağlı qeyd etmək istərdim ki, tutulmuş və həbs edilmiş şəxslərin müdafiəçi və digər şəxslərlə görüş qaydaları "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanun, eləcə də "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 63N-li, 26.02.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İstintaq təcridxanalarının daxili intizam Qaydaları" və "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları" ilə tənzimlənir.
Belə ki, adı çəkilən Qanunun 19.1. maddəsinə əsasən Tutulmuş və ya həbs edilmiş şəxs tutulduğu və ya barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşə və konfidensial ünsiyyət saxlaya bilər.
Eyni Qanunun 19.8. maddəsinə görə isə Tutulmuş şəxsin telefonla zəng etmək, həbs edilmiş şəxsin müdafiəçi istisna olmaqla, digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə tutulmuş və ya həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər.
"İstintaq təcridxanalarının daxili intizam Qaydaları"nın 17.1. bəndinə əsasən Həbs edilmiş şəxsə tutulduğu və ya barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın ona elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşməsinə və konfidensial ünsiyyət saxlamasına şərait yaradılır.
17.3. Vəkil istintaq təcridxanasına onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi, qanuni nümayəndə isə cinayət prosesini həyata keçirən orqanın onu qanuni nümayəndə qismində cinayət prosesində iştiraka buraxılması barədə qərarı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə və bu Qaydalara riayət etməklə keçirilir.
21.1. İstintaq təcridxanasının müdiriyyəti cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçıların və ya müstəntiqlərin, təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorların, məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlərin, habelə vəkillərin və prosessual hərəkətlərin aparılmasında iştirak edən digər şəxslərin iş vaxtı müddətində istintaq təcridxanasına daxil olmalarını təmin etməlidir.
Həmçinin "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları"nın 6.1.Tutulmuş və ya həbs edilmiş şəxs tutulduğu və ya barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşməsi və konfidensial ünsiyyət saxlaması üçün müvafiq şərait yaradılır. Tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçisi və ya digər şəxslərlə görüşmələri müvafiq kitabda qeyd olunur (11 nömrəli əlavə).
6.2. Müdafiəçi tutulmuş və ya həbs edilmiş şəxslə görüşə gələn zaman vəkillik vəsiqəsini və orderi təqdim etməlidir. Xarici ölkə qanunvericiliyinə də nəzər saldıqdan məlum olur ki vəkildən order və vəkil vəsiqəsindən başqa hər hansı sənəd tələb olunmur.
Məsələn, Rusiya Federasiyasının "Cinayət törətməkdə şübhəli və təqsirli bilinən şəxslərin nəzarət altında saxlanması haqqında" 15.07.1995 ci il tarixli Qanunun 18 ci maddəsinə əsasən Müdafiəçi order və vəkil vəsiqəsini təqdim etməklə sübhəli və təqsirləndirilən şəxslə görüşə bilər. Vəkildən hər hansı başqa sənədlərin tələb edilməsi qadağandır.
Beləliklə, həm yuxarıda adı çəkilən yerli Qanun və Qaydaların normalarından, həm də xarici ölkə qanunvericiliyindən göründüyü kimi vəkilin tutulan və ya həbs edilən şəxslə görüşməsi üçün yalnız şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədləri, həmçinin orderi təqdim etməsi kifayətdir və vəkildən əlavə sənədlərin təqdim edilməsi qanunla tələb olunmur.