Sərhədlərin açılması: Qars sakinləri səbrsizliklə gözləyir, Yerevanda isə ...
Sərhədlərin açılması: Qars sakinləri səbrsizliklə gözləyir, Yerevanda isə ...
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi üçün ilk addımlar atılıb.
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş olub. Habelə iki ölkə arasında fevralın 2-dən etibarən çarter reysləri həyata keçiriləcək və xüsusi nümayəndələrin yaxın günlərdə yenidən görüşəcəyi gözlənilir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün jurnalistlərə açıqamasında deyib ki, hədəf münasibətlərin tam normallaşmasıdır və Ermənistan da bundan məmnundur.
“İlk görüşdə prosesin başlamasının məqsədləri və bu prosesdən gözləntilər müzakirə olundu. Xüsusi nümayəndələr növbəti görüşdə təyyarə reyslərinin başlaması ilə yanaşı daha hansı addımlar atıla bilər, onun üzərində çalışacaq”, - Çavuşoğlu deyib. - Xarici işlər naziri əlavə edib ki, xüsusi nümayəndələrin növbəti görüşündə qarşılıqlı etimadın artırılmasına yönəlmiş addımlar müzakirə mövzularından biri olacaq.
Türkiyədəki erməni icması da Ermənistanla münasibətlərin normallaşmasını və sərhədlərin açılmasını ümidlə gözləyir. Türkiyə ermənilərinin patriarxı Sahag Maşalyan jurnalistlərə bildirib ki, istər investisiyalar, istər mədəni əlaqələr baxımından hər ikisi dərin tarixə malik olan ölkələrin münasibətlərini normallaşdırmağa yönəlmiş bütün addımlar önəmlidir.
Türkiyənin Ermənistanla sərhəd Qars bölgəsinin sakinləri də münasibətlərin normallaşmasını və sərhədlərin açılmasını səbrsizliklə gözlədiklərini deyirlər. Çünki bu bölgədə ticarətin canlanmasına səbəb olacaq. “Frans Press” agentliyinin müxbirinin bölgədən hazırladığı reportajda (BBC dərc edib) sakinlər deyirlər ki, sərhədlərin açılması Türkiyənin bu ucqar bölgəsində həyatı yenidən canlandıracaq. Sakinlər 44 günlük Qarabağ müharibəsindən və Azərbaycanın işğal altında olan ərazilərini azad etməsindən sonra Qarsda Ermənistanla sərhədlərin açılmasını arzu edənlərin sayının artdığını deyirlər.
Lakin Yerevan küçələrində əhval-ruhiyyə tamamilə fərqlidir və erməni cəmiyyətinin hələ də başlarına gələndən dərs çıxarmadığını, Türkiyə ilə düşmənçiliyi davam etdirməyə meyilli olduğunu göstərir. Baxmayaraq ki, Ermənistanın indiki iqtisadi səfalətdən, yoxsulluq girdabından və böhrandan çıxa bilməsi üçün Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması, eləcə də Zəngəzur dəhlizinin açılması bu ölkə üçün həyati əhəmiyyət kəsb edir.
Ermənistan hökumətinin nümayəndələri sərhədlər açılmasa ölkənin indiki səfalət içərisində boğulmaqda davam edəcəyini etiraf edirlər, amma BBC müxbirinin Yerevan küçələrindən hazırladığı reportaja əsasən, xüsusən yaşlı və orta yaşlı ermənilər Türkiyə ilə hər hansı münasibətlərin qurulmasına qarşı çıxırlar. “Milyon yarım erməninin qətlə yetirilməsi”, “Qarabağda türk “Bayraktar”larının erməni gənclərini öldürməsi” kimi mövzulardan danışıb Türkiyə ilə münasibətlərin qurulmasının “erməni dövlətinin yer üzündən silinməsi təhlükəsi ilə üz-üzə qoyacağını” deyirər. Hansı ki, belə əhval-ruhiyyə uzun illərdir erməni cəmiyyətinə sirayət etmiş türk düşmənçiliyindən irəli gəlir.