Naxçıvana dəhlizin açılacağını eşidib Qars və İğdırda torpaqları beşqat baha alanlar kimlərdir...
Ermənistanın təslim olması ilə nəticələnən Qarabağ müharibəsini dayandıran 10 noyabr üçtərəfli razılaşması Naxçıvanla Azərbaycan arasındakı “Zəngəzur dəhlizi” kimi bilinən nəqliyyat dəhlizinin açılmasını da nəzərdə tutur. Və bu dəhlizin açılmasına dair hazırlıqlar Türkiyənin Ermənistanla həmsərhəd bölgələrində ərazi almaq istəyənlərin də kəskin artmasına səbəb olub. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey deyib.
“Azərbaycanla Ermənistan arasında yaşanan Dağlıq Qarabağ savaşından sonra Naxçıvanla Azərbaycan arasında Zəngəzur dəhlizinin də açılması qərara alınıb. Bu dəhlizdən keçən quru və dəmir yollarının açılacağını eşidən yerli və xarici iş adamları diqqətini Qars və İğdıra çevirib”,-Gülbey bildirib.
ASİMDER başqanı əlavə edib ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına səbəb olan Qarabağın işğalı probleminin bu müharibə ilə aradan qalxması sərhədlərin açılacağına dair xəbərlərin də yayılmasına səbəb olub. Bu xəbərlərin təsiri ilə Qars və İğdırda əraziləri dəyərindən beşqat artıq ödəyərək almaq istəyən, mənşəyi məlum olmayan xarici iş adamları və ya firmalar bölgəyə axın edir. “Qars və İğdırdakı vətəndaşlarımızı ərazilərini satarkən diqqətli olmağa, şübhələndikləri durumla bağlı təhlükəsizlik orqanlarına xəbər verməyə çağırırıq”,-o deyib.
Göksel Gülbey istisna etmir ki, həmin xarici iş adamları və ya firmalar erməni diasporuna bağlıdır. Çünki ötən əsrin 90-cı illərində ermənilər bölgənin gələcəkdə hansı strateji əhəmiyyətə malik olacağını görərək İğdırdan torpaq sahələri almağa çalışırdı.