azia.az
azia.az

Tanış kişi: “Xəbərin var, arvadın hamilədir?..” – Masazırda şok hadisə

3-12-2021, 09:05

Tanış kişi: “Xəbərin var, arvadın hamilədir?..” – Masazırda şok hadisə
Abşeron rayonunda 1993-cü il təvəllüdlü Bəxtiyar qeyri-rəsmi yaşadığı Azadəyə (adlar şərti verilib – red.) qarşı cinayət törədib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bəxtiyar 2020-ci ildə əvvəllər qeyri-rəsmi yaşadığı Azadə barəsində tanısı Səlimin ona dediklərinə əsəbiləşib.

O, sərxoş vəziyyətdə yaşadığı evə gedib, bıçaq götürüb, Azadənin məskunlaşdığı Zəmgilan şəhərciyinə gəlib.

Bəxtiyarla Azadənin arasında həmin vaxtı qısqanclıq zəminində mübahisələri olub. Mübahisə zamanı Bəxtiyar bıçağı Azadəyə nümayiş etdirib, onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələyib.

İstintaq orqanı tərəfindən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə ittiham elan edilib.

“Dəfələrlə ayrılmalı olduq”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar özünü qismən təqsirli bilib. Bəxtiyar ifadəsində göstərib ki, Masazır qəsəbəsindəki “Qurtuluş 93” massivində qardaşı Taryel və onun ailəsi ilə birlikdə yaşayır: “2018-ci ildə Azadə ilə tanış oldum, evlənmək qərarına gəldik. Azadənin öz razılığı ilə birlikdə bibimin evinə getdik. Valideynlərim bundan xəbər tutduqdan sonra toyumuz oldu. Amma nikahı rəsmiləşdirmədik.

Toydan sonra yaşamaq üçün Quba rayonuna getdik. Daha sonra Masazıra məcburi köçkünlər şəhərciyinə qayıtdıq. Azadənin anası və nənəsi bizim ailə işlərimizə qarışdıqları üçün aramızda tez-tez mübahisələr, münaqişələr baş verdiyindən dəfələrlə ayrılmalı olduq. Lakin sonradan barışmışıq. Aramızda baş verən münaqişələrlə bağlı hətta Zəngilan rayon polis şöbəsində araşdırma da aparılmışdı”.

“Məni rüsvay edəcəyini dedi”
Tanış kişi: “Xəbərin var, arvadın hamilədir?..” – Masazırda şok hadisə
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin dekabrında Azadə ilə barışıb: “2020-ci ilin fevralında kirayə ev tutaraq birlikdə yaşadıq. Lakin barışsaq da, təxminən bir həftə sonra yenidən aramızda mübahisə yarandı və ayrılmağa məcbur olduq. O vaxtdan bir-birimizi görməsək də, aramızda bir neçə dəfə telefon yazışmalarımız olub. Mübahisə etdiyimizə görə Azadəni “instaqram” səhifəsində bloka atdım.

Azadə “instaqram” səhifəsində dostlarıma yazaraq məni rüsvay edəcəyini dedi. Mənə yaza bilmədiyi üçün məni nüfuzdan salmaq məqsədi ilə “instaqram”da Ədil adlı dostuma yazdı. Ədil də Azadəni “instaqram” səhifəsində bloka saldı”.

“Sən bilirsən ki, yoldaşın hamilədir?”

Bəxtiyar bildirib ki, 2020-ci ildə evdə günorta yeməyi zamanı araq içib: “Günortadan sonra Masazır qəsəbəsində kafeyə getdim. Əlavə iki bakal pivə də içdim. Evə qayıdanda məcburi köçkünlər şəhərciyində yaşayan Səlimlə qarşılaşdım.

2019-cu ilin payızında Səlim guya məni başqa qızla gəzdiyimi görməsi barədə məlumat yaymışdı, demişdi ki, Azadə telefonda mənə söyüşlər yazıb. Səlimlə söhbət edən qızla gördüyü oğlanın mənə oxşatdığını, amma mənim olub-olmadığımı dəqiq bilmdiyini söylədi.

Söhbət zamanı Səlim mənə “kişi olsan, ailənə-uşağına sahib olarasan, sən bilirsən ki, yoldaşın hamilədir?” dedi. Ondan Azadənin hamilə olmasını hardan bildiyini soruşdum. Cavabında hətta Azadənin mənə yazdığı sonuncu məktubdan da xəbəri olduğunu bildirdi. Səlimdən həmin məktubları harada oxuduğunu soruşdum. Əvvəl cavab verə bilmədi, sonra evdə anası danışan zaman eşitdiyini dedi”.

“Söyüşlər söydü, evdən getməyimi tələb etdi”

Bəxtiyar deyib ki, Səlimlə danışdıqdan sonra dəfələrlə Azadəyə onun dediklərini aydınlaşdırmaq, aralarında olan münaqişlərə son qoymaq üçün zənglər edib:

“Azadə zənglərimə cavab vermədiyi üçün evə gedib mətbəxdən bıçaq götürdüm, Azadənin yaşadığı evə yollandım. Evdə azyaşlı oğlum Raul və Azadənin nənəsi Xatirə vardı. Xatirə Azadənin marketə getdiyini dedi. Evdən çıxaraq yaxınlıqdakı marketləri gəzdim. Lakin Azadəni heç bir marketdə tapa bilmədim.

Evin qarşısına gələrək onu gözləməyə başladım. Gəldiyini gördükdə isə ondan əvvəl evə girdim. Azadə evdə məni gördü. Nənəsinə nə üçün mənim evə girməyimə icazə verdiyini soruşdu. Sonra söyüşlər söydü, evdən getməyimi tələb etdi. Ondan haradan gəldiyini soruşdum. Cavabında qonşudan gəldiyini dedi. Azadəyə xəstə uşağı evdə qoyaraq getdiyi üçün öz iradımı bildirdim”.

“Nənəsi qışqırdı: Get polis çağır...”

Bəxtiyar bildirib ki, Azadə ona söyüşlər söyməyə davam edib: “Azadədən telefonda yazdıqları məktublardan Səlimin necə xəbər tutduğunu soruşdum. O da “nə edirəm, yaxşı edirəm” cavabını verdi. Bir qədər mübahisədən sonra getmək istəyəndə Raul öskürdüyü üçün geri qayıtdım. Raulu qucağıma almaq istədim. Uşağı qucağıma alanda özümlə gətirdiyim bıçağı stolun üzərinə qoydum ki, Azadə görsün.

Azadənin nənəsi bıçağı götürdü, mətbəxə keçdi. Bıçaqla nəsə edib, mənə böhtan atacaqlarını düşündüyüm üçün mətbəxə getdim, bıçağı götürərək şalvarımın arxa tərəfindən bel hissəsinə qoydum.

Ayaqqabımı geyinib getmək istəyəndə Azadəyə uşağa baxa bilmirsə, mənə verməsini dedim. Aramızda mübahisə oldu. Azadənin nənəsi ona polis çağırmağı tapşırdı. Azadə çölə çıxdı, yenidən qayıdaraq şikayət etmək istəmədiyini bildirdi. Azadənin nənəsi qışqıraraq “get polis çağır” dedi”.


“Başını kəsəcəyim ilə hədələməmişəm”

Bəxtiyarın ifadəsinə görə, həmin vaxt getmək imkanı olsa da dayanıb, polisin gəlişini gözləyib: “Polis əməkdaşları gəldi və məndən üzərimdə bıçaq olub-olmadığını soruşdular. Üzərimdə bıçaq olduğunu dedim, bıçağı məndən götürdülər. Sonra polis şöbəsinə getdik.

Azadə ilə aramızda baş verən mübahisə zamanı onun başından yumruqla vurmamışam. Onu öldürəcəyim, başını kəsəcəyim ilə hədələməmişəm. Əlimdə bıçaqla onun üzərinə getməmişəm”.

“Kirayə ev tutduq”

Zərərçəkmiş şəxs qismində ifadə verən Azadə qeyd edib ki, Masazır qəsəbəsində məcburi köçkünlər şəhərciyində nənəsi və azyaşlı oğlu ilə yaşayırlar: “Bəxtiyarı 2018-ci ildən tanıyıram və onunla tanış olduqdan təxminən bir ay sonra evlənmək qərarına gəldik. Ailəmə məlumat vermədən Bəxtiyarla birlikdə evlənmək məqsədilə Zabrat qəsəbəsinə, onun bibisi evinə getdik.

Ailələrimizin razılığı olduğu üçün 2018-ci ilin avqustunda toyumuz oldu. Amma rəsmi nikaha girmədik. Toydan sonra Bəxtiyarın valideynlərinin yanında Quba rayonunda yaşadıq.

Lakin Bəxtiyarın valideynləri ilə münaqişlərim olduğu üçün Abşeron rayonuna gəldim. Bəxtiyar da yanıma gəldi. Masazır qəsəbəsində məcburi köçkünlər şəhərciyində anamın yanında yaşadıq. Daha sonra kirayə ev tutduq”.

“Hamilə olduğum üçün barışdıq”

Zərərçəkimiş şəxsin sözlərinə görə, bir müddət yaşadıqdan sonra Bəxtiyar içkili vəziyyətdə evə gəlib: “Bəxtiyar səbəb olmadan evdəki əşyaları qırıb dağıtdığı üçün anam məni öz evinə aparmalı oldu. Bəxtiyardan qorxduğum üçün onunla yaşamaq istəmədim. Təxminən bir ay ayrı yaşadıq.

Lakin hamilə olduğumu öyrəndikdən sonra yenidən Bəxtiyarla barışdım. Anamın evində yaşayan zaman aramızda münaqişlər olduğu üçün həmin evdən çıxdıq, Bəxtiyarın qardaşının kirayə qaldığı evə getdik.

Sonradan anam öz evini iki hissəyə bölərək evin bir hissəsini yaşamağımız üçün bizə verdi”.

“Zənglərinə cavab vermədim”

Azadənin ifadəsinə görə, Bəxtiyarla qısqanclıq zəminində aralarında münaqişə olub: “Bəxtiyar məni döydüyü üçün Zəngilan rayon polis şöbəsinə müraciət etdim. Araşdırma aparıldıqdan sonra Zəngilan rayon Məhkəməsi tərəfindən Bəxtiyar 300 manat cərimə edildi. Sonuncu dəfə 2019-cu ilin dekabrın 9-da Bəxtiyarla barışdıq. Lakin o, yenidən spirtli içkilər içib, evdə münaqişlər yatardığı üçün ayrılmalı olduq.

Hadisə baş verən günü işə getmişdim. İşdən çıxaraq evə gələndə Bəxtiyar bir neçə dəfə mobil telefonuma zəng etdi. Onunla danışmaq istəmədiyim üçün zənglərə cavab vermədim”.

“Nənəm polis çağırmağımı dedi”

Azadə deyib ki, həmin gün axşam saat 22 radələrində evə çatıb və Bəxtiyarı evdə görüb: “Bəxtiyar harada olduğumu və telefona nə üçün cavab vermədiyimi soruşdu. Sonra başımdan bir neçə dəfə yumruqla vurdu. Həmin vaxtı Bəxtiyarın içkili olduğunu hiss etdim. Mübahisə zamanı bıçaqla başımı kəsəcəyi, öldürəcəyi ilə hədələdi, oğlumu ona verməyimi istədi. Oğlumu Bəxtiyara verməyəcəyimi dedim.

Bəxtiyar cibindən bıçaq çıxararaq mənə tərəf gəldi, nənəm aramıza keçdi və Bəxtiyarın bıçaq olan qolundan tutdu.

Nənəm mənə polis çağırmağı dedi. Oğlumu da götürdüm və evdən getdim. “Qarabağ” adlanan marketin yanında polis əməkdaşı Zamini gördüm. Ona yaxınlaşdım, baş vermiş hadisə ilə bağlı danışdım. Zamin başqa polis əməkdaşları ilə birlikdə yaşadığım evə gəldilər”.

“Məni öldürmək üçün gəldiyini düşündüm”

Azadənin sözlərinə görə, Bəxtiyarla münaqişə zamanı ətrafdan heç kim gəlməyib: “Bəxtiyarla münaqişələr zamanı onun məni öldürəcəyi, başımı kəsəcəyi ilə hədələməsi real olub. Əvvəllər də sərxoş olduğu üçün o, bir neçə dəfə məni döyüb.

Sonuncu münaqişə zamanı Bəxtiyar bıçağı şalvarının bel tərəfindən çıxardı, mənim üzərimə gəldi. Bəxtiyarın məni öldürmək üçün gəldiyini düşündüm. Lakin Bəxtiyarın başqa hərəkəti olmayıb”.

Bu cinayət işinə Zəngilan rayon Məhkəməsində baxılıb.

Bəxtiyarın barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Müəllif: Hacı Zeynalov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi