Komitə sədri: “Həyat yoldaşıma MAAŞ VERMİRƏM"
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda səsləndirdiyi fikirlər ajiotaja səbəb olub. Komitə sədri bildirib ki, əgər iqtisadi azadlıq olmayacaqsa, biz sosial azadlığı da təmin edə bilməyəcəyik: "Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır"
Deputatın bu fikirləri sosial şəbəkələrdə qızğın müzakirələrə və hətta təhqirlərə səbəb oldu. Azia.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev News24.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:
"Mən özüm həyat yoldaşıma gördüyü işlərə görə hər hansı bir məbləğ ödəmirəm. Bu gün qadının məişətdə xidməti kişilərdən çoxdur: Uşağın tərbiyə olunmasından evin bütün işlərinin görülməsinə qədər. Fikrimi o formada izah etməklə qadın əməyinin qiymətləndirilməsini diqqətə çatdırmaq istədim. Həm də cəmiyyəti bir qədər qıcıqlandırmaq istəyirdim ki, qadınların əməyinə dəyər verilməsi məsələsi ictimailəşsin. Bu gün Azərbaycanda qadınların əməkhaqqı kişilərin əməkhaqqının 63%-ni təşkil edir. Rəhbər vəzifələrdə çalışan kişilərin sayı qadınlardan dəfələrlə çoxdur. Qadınlara mənəvi dəyərin ön plana keçməsini istəyirəm. Onlara ilk növbədə ana kimi dəyər verməliyik. Şəhid anaları, yoldaşları öz igidlərini mərdliklə, şərəflə qarşıladılar, “Vətən sağ olsun” deməyi bacardılar. Biz həmin şəhid analarına, xanımlarına qiymət verməliyik. Pandemiya dövründə neçə tibb bacısı və qadın həkim qurban oldu. Partiyada onlara fəxri fərmanlar və ordenlər verilməsini təklif etdim. Sözdə qadına dəyər verməli olduğumuzu tez-tez bildirsək də, əməldə bunu daha çox büruzə verməliyik. Həmçinin əlavə etdim ki, mətbuat və televiziyada uğurlu qadın obrazları düzgün seçilməlidir".
Musa Quliyev həyat yoldaşına verdiyi hədiyyənin maddi dəyərinin önəmli olmadığını qeyd edib: "3 övladımız var. Onları birgə böyütdük. 30 ilimizi birgə xoşbəxt yaşamağımız özü ən dəyərli hədiyyədir".