“Sənədsiz mənzil” problemindəki “maraq” və ya...
Bu gün cəmiyyətimizdə hər kəsi narahat edən sosial məsələlərdən biri və deyərdim ki, elə birincisi “sənədsiz mənzil” problemidir. Etiraf etməliyik ki, ölkəmizdə 2 milyondan artıq ev təssərrüfatı olsa da onların yarıdan çoxunun çıxarışı yoxdur. Biz indiki məqamda, xüsusəndə Bakı və Abşeron yarımadasında sənədsiz mənzil probleminin hansı səbəbdən yarandığını, kimlərin bu prosesə “rəvac verməsinin”, həmçinin pay torpaqlarında və kənd təsərrüfatı təyinatlı torpaqlarda mənzillərin tikintisinə kimlərin “göz yumması”nın təhlilni aparmaq niyyətimiz yoxdur.
Ancaq deməliyik ki, Bakı və Bakıətrafı ərazilərdə 500 mindən artıq sənədsiz mənzil var və bunun səksən faizindən çoxunun sənədləşdirilməsi mümkündür. Rayonlarda isə mövcud mənzil və evlərin təxminən on fazinin çıxarışı olduğu halda müvafiq orqanlar hələ də gözləmə mövqeyindədirlər. Hansısa səbəbdən əsas üstünlüyü MTK və şirkətlərin inşa etdiyi çoxmənzilli və çoxmərtəbəli yeni tikililərin sənədləşdirməsinə yönəldən xidmətin məhz bu problemin həllinə üz çevirəcəyi günü ölkəmizin böyük əksəriyyət sakinləri səbrsizilklə gözləyir.
Ölkə başçısı problemin həlliylə bağlı çoxsaylı ciddi və vacib sənəd imzalasa da təəssüf ki, Əmlak Məsələləri Dövlət Xidmətinin qeyri-müəyyən fəaliyyəti sayəsində problem hələ ki elə problem olaraq qalmaqdadır.
* * *
Biz son on il ərzində mövzuyla əlaqəli daimi olaraq mülahizələrimizi, təhlil və araşdırmalarımızı ictmailəşdirməkdəyik. İstənilən halda vətəndaş cəmiyyətinin təmsilçisi olaraq problemin həllinə öz töhvəmizi verməyə çalışırıq.
Hər halda haqqında danışdığımız məsələ bu günədək həll edilməmiş qalmaqdadır. Və çox təəssüf ki, müvafiq orqanlar, xüsusən də Əmlak məsələləri Dövlət Xidməti həmişəki kimi öz ampluasındadır və məsələni uzatmaqla problemi daha da dərinləşdirir.
Dahi Cəlil Məmmədquluzadənin qəhrəmanı “balkona çıxıb səs salan uşaqlara hərdən “tişe” dediyi kimi, bizim də bu yazının səbəbkarı olan Əmlak məsələləri Dövlət Xidmətinin əməkdaşları hərdən efirə çıxıb “tişe” deyərək vətəndaşa ehtiyac olmayan məlumatlarıyla sanki qaranlıq suallara cavab vermiş kimi görünmək istəyirlər. Ancaq problemin həll etməyin vaxtı çatıb CƏNABLAR.
Bələdiyyələrə mülkiyyətə torpaq və əmlak verməməyiniz bir yana, tərtib etdiyiniz elektron xəritələrdə problemlərin, qüsurların və ciddi çatışmazlıqların olması bir yana, heç olmasa bu problemin həllinə maraq göstərin. Bu qurumdakı bürokratik abu-havanın hesabına cəmiyyətdə ƏMDX-nə qarşı “antipatiya” hökm sürməkdədir. Vətəndaş məmnunluğunun keşiyində dayanmalı olan bir orqan əksinə vətəndaşlara (mən hələ 1606 bələdiyyəni demirəm) problemin həllinə “maraq” olanda maraqlı olur. Niyə belə olmalıdır axı? Vətəndaş istər mənzili, istərsə də torpağı sənədləşdirmək istəsə günlərlə aylarla niyə gözləməlidir? ASAN Xidmət olduğu halda, nədənsə ASAN Xidmətə bənzər yaradılan “Əmlak xidmətləri məkanı” nəyə görə yaradılb? Vətəndaş ilkin sənəd almaq üçün niyə bu qədər ləngidilir. Düşünürəm ki, mövcud problemləri “malalamaq” yox, bu sahənin ciddi şəkildə islahata ehtiyacı var. Nə isə...
Çox dərinə getmədən keçək indiyədək qəbul edilən sənədlərə.
* * *
Yanılmıramsa, 2010-cu ilin martında Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə Prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmış və sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi. Məhz həmin təqdimatdan sonra, yəni 2012-ci ilin iyun ayında Prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə adminstrasiya rəhbərinin sədrliyi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı.
Prezident daha sonra, yəni 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzaladı. Prezidentin məqamında imzaladığı sonuncu Fərmanı bu sənədlərin siyahısının daha da genişləndirilməsinə gətirib çıxardı. Burada söhbət 2004-cü ildə qəbul olunan “Reyestr haqqında” qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Yəni, bu Fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı. Yəni sovet dövründə sənədi olanlarda problemsiz şəkildə sənədləşdirməyə cəlb edildi.
Yalnız bu Fərmandan dörd il keçəndən sonra Prezident Adminstrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində tədbirlər planı təsdiq edildi. Və dörd ildən sonra təsdiq edilən tədbirlər planına uygun olaraq hər bir rayonda yerli ekspert komissiyaları yaradıldı və anket forması təsdiq edildi, inventarlaşdırma işləri sürətləndirildi. Yerli ekspert komissiyasının tərkibinə icra hakimiyyətinin məsul işçiləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri daxil edildi. Ancaq bu gün Yerli ekspert komissiyasının tərkibinə daxil olan şəxslər barədə rəsmi internet resurslarında açıq məlumatın olmaması təəssüf doğurur. Üstəlik, sənədsiz mənzil sahiblərinin müraicətlərinin elektron qaydada müraciət platforması da hazır deyil.
Deməliyik ki, inventarlaşdırma işləri bundan xeyli əvvəl başlamışdı. Yəni 2019-cu ilin yanvarından artıq qeyri-rəsmi olaraq RİH-lərdə prosesə start verilmiş və 2019-cu ilin aprelində artıq prosesin böyük hissəsi yekunlaşmışdı. Bu işlərin icrası isə icra nümayəndəlikləri və bələdiyyələrə tapşırılmışdı. Prosesin icrasında isə əsas məsuliyyət yenə Əmlak Məsələləri Dövlət Xidmətindən yan keçmiş oldu. Belə çıxdı ki, xidmət “hazırın nəziri”nə sahib çıxası oldu.
Bu arada xidmət cəmiyyətdə quruma qarşı yaranan neqativi yumşaltmaq üçün “Kütləvi çıxarış” kampaniyasına üstünlük verməklə və bu fəaliyyəti bəh-bəhlə reklam etməyə başladı. Olsun. Vətəndaş məmnunluğuna səbəb olan hər bir addımı alqışlayıram. Bu addımla yeni tikililərdə illərlə yaşayanların “çıxarış almaq” arzusu gerçəkləşdi.
2019-cu ilin sonunda mətbuatda səslənən rəqəmlərə inansaq Bakıda 163 mindən artıq, regionlarda 75 minə yaxın sənədsiz ev inventarlaşdırıldı. Nazirlər Kabinetinin (NK) 2020-ci ildə fəaliyyəti haqqında hesabatında Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşdırıldğı qeyd edilib.
Bu günlərdə isə xidmət rəsmisi indiyədək 267 min sənədsiz mənzilin qeydiyyata alındığını və bu proses yekunlaşdıqdan sonra təhlil edilərək müvafiq orqanlara hesabat veriləcəyini bildirdi. Və bir “şad” xəbər də verdi ki, vətəndaşın hər hansı bir orqana müraciət etməsinə ehtiyac yoxdur, yəni Yerli ekspert komissiyası özü bu evləri qeydiyyata alacaqdır. “Şad xəbər”lə bağlı deyərdim ki, dostlar, gəlin növbəti dəfə nağılabənzər fikirlərlə vətəndaşlar arasında çaşqınlıq yaratmayaq.
Nə isə...
* * *
Azərbaycan Prezidenti İlham Əliyev 26 iyun 2021 tarixli imzaladığı Fərman deyərdim ki, hər kəsin ürəyindən xəbər vermiş oldu. Ölkə başçısı bununla sturkturda ciddi və köklü islahatlara başlanıldığını sanki elan etmiş oldu. İnanmaq istərdik ki, bu Fərman cəmiyyətdə xidmətə qarşı yaranmış neqativi aradan qaldırlmasına təkan vermiş olacaqdır.
Beləliklə, bundan sonra Əmlak Məsələləri Dövlət xidmətinin yerlərdə daha üç ayrı- ayrı və birini qəbul etməyən sturkturu olmayacaqdır. İkinci bir tərəfdən bir sənədin öz həllini tapması üçün daha vətəndaş və bələdiyyələr aylarla və bəzən də illərlə bu qurumlara təpik döyməyəcəklər.
Fərmanda birmənalı olaraq qeyd edilir:
- 7.2. Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”;
- 8. Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu Fərmanın 7.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxsin tabeliyinə verilsin.
Demək, Cənab Prezidentin iradəsiylə daha bir problem öz həllini tapmaqdadır. Qalır Fərmandan irəli gələn məsələlərin Əmlak məsələləri Dövlət xidməti tərəfindən həllinin sürətləndirilməsi.
* * *
Son olaraq deməliyəm ki, hər bir xidmət əməkdaşı bilməlidir ki, sənədsiz mənzillərə çıxarışların verilməsi birinci növbədə vətəndaş məmnunluğunun təmin edilməsi kimi başa düşülür. Yəni vətəndaş sahib olduğu əmlakı vərəsələri arasında verə və bölə biləcək, girov qoyub kredit götürə biləcək və nəhayət sata biləcək. Necə olur ki, vətəndaş yaşadığı mənzilə ünvan verilir, kommumal xidmətlərə görə ödənişləri edir, mənzilə qaz, su və işıq xətti çəkilərək verilir, hətta telefon xətti çəkilir, lakin vətəndaş onu nə bağışlaya bilir, nə girov qoyub kredit gotürə, nə də sata və ən əsası bələdiyyələrə yerli vergiləri ödəməklə bələdiyyələrin inkişafına öz töhvəsi verə bilir.
Unutmayaq ki, sənədləşdirmə zamanı həm dövlət, həm də yerli bələdiyyə büdcəsinə kifayət qədər maliyyə vəsaiti daxil ola bilər. Xidmətin əsas vəzifəsi büdcəyə indiki məqamda bu vəsaitin daxil olmasını təmin etmək olmalıdır. Məhz bu addımın atılmaması ucbatından bələdiyyələr il ərzində kifayət qədər maliyyə vəsaiti itirirlər. Hər halda fakt göz qabağındadır.
Xidmət rəsmilərinə isə tövsiyə edərdim ki, onlara edilən hər bir müraciətə keçmiş sovet məmurlarının diliylə desək “otpiska” edib cavab vermək yox, (yəni cavab xətrinə cavab) real vəziyyətə uyğun cavab versinlər.
İkincisi isə, son 20 ildə bu qurumun “səmərəli fəaliyyəti” sayəsində gah komitəyə, gah nazirliyə və sonda xidmət qurumu səviyyəsinə salınmasının əsas səbəbləri üzərində təhlil aparmaqla yanaşı vətəndaş məmnunluğunun təmin edilməsinə ürəklə, ən əsası hansısa maraq güdmədən çalışsınlar.
Yekun olaraq inanmaq istərdik ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yeni rəhbərliyi qaldırılan məsələlərin həllini diqqətdə saxlamaqla xidmətin cəmiyyətdə əvvəlki illərdə itirilmiş nüfuzunun bərpasına çalışmaqla ölkə başçısının tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirəcəkdir.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri