azia.az
azia.az

Sənədsiz evlər problemi necə həll olunacaq? –Reportaj + VİDEO

27-09-2017, 15:40

Sabunçu rayon sakini Yaqub Əliyev 8 ildir fərdi yaşayış evini sənədləşdirə bilmir.

O, tikintiyə başlamaq üçün icazə sənədini bələdiyyədən aldığını bildirir: "Evimin sənədləşdirilməsi ilə bağlı bələdiyyəyə, kən sovetinə dəfələrlə müraciət etmişəm. Onların bu günə kimi bir cavabı olub ki, biz sənəd verə bilmərik. Heç bir səbəb göstərilmir. Bütün kommunal xərcləri vaxtında ödəyirəm. Qeydiyyatım Sabunçu rayon Qaraçuxur qəsəbəsidir".

Malik Şirinov da sözügedən problemdən əziyyət çəkənlər sırasındadır: "2011-ci ildə bələdiyyədən torpaq almışam. 3 ildir aldığın torpağın rüsumunu da ödəyirəm. Texniki sənədim və evimin çertyoju da var. Heç kim qeydiyyata almır. Bütün kommunal xərclər ləngidilmədən ödənilir. Nə gələn var, nə baxan var. Yollarımız bərbad halda, düz beş ildir telefon çəkdirmək üçün ərizə verirəm, inanın, buna da cavab verən yoxdur".

Bakı şəhərinin və onun qəsəbələrin sənədsiz torpaq sahələri, eləcə də evlərin dövlət reyestrinə daxil edilməsi uzun illərin problemidir. Bu problem analoji torpaq və evlərin ortaya çıxması ilə getdikcə daha da böyüyür, böyüdükcə də həlli müşkülə çevrilir.

Ölkənin minlərlə vətəndaşı min bir əziyyətlə əldə etdikləri daşınmaz əmlaklarının nəhayət ki, hüquqi sahibi olmaq istəyir. Bəzi vətəndaşlar isə müvafiq sənədləri olmadığından, evlərini sata, yaxud dəyişdirə bilmirlər. Bir qisim vətəndaş da artıq illərdir evinin nə zamansa söküləcəyi ilə bağlı narahatlıq içərisində yaşayır: "On ildən artıqdır ev tikmişik. Ev tikmək üçün rəsmi qurumlardan heç bir sənəd almamışam. Yəni bildiyim odur ki, bələdiyyə və icranın birgə razılığı ilə tikintiyə başladıq. Sənədləşdirmə üçün həddindən çox müraciət etmişik, amma məhəl qoymurlar. Bilirəm ki, bunla bağlı Prezident də tapşırıq verib".

Sözügedən problemdən ən çox əziyyət çəkənlər Bakı və Bakı ətrafında sənədsiz mülk sahibi olanlardır. Problemə aydınlıq gətirmək, sənədləşdirmə ilə bağlı Prezidentin 2011-ci ildə verdiyi tapşırıqların icrasının nə yerdə olduğunu öyrənmək üçün üz tutduq Sabunçu Rayon İcra Hakimiyyətinə.

İcra hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə məsələ ilə bağlı bunları dedi: "Sabunçu Rayon İcra Hakimiyyətinin tabeçiliyində 10 qəsəbə var. Bu ərazilərin hamısında istər qəsəbə nümayəndəliyi, istərsə də artıq müvafiq siyahılar tərtib olunub. Yəni müxtəlif illərdə əhali tərəfindən tikilmiş fərdi yaşayış evlərinin qanuniləşdirilməsi və sənədləşdirilməsi ilə əlaqədar pasportlaşdırma aparılıb. Artıq bu mərhələdə işlər yekunlaşıb. Müvafiq qərar qəbul edildikdən sonra respublikanın digər rayonlarında olduğu kimi, bizim rayonumuzda da məsələ öz həllini tapacaq".

Avtandil Hüseyn-zadənin sözlərinə görə, konkret mexanizmlər olmadan görülən işlər heç bir effekt verməyəcək. İcra Hakimiyyəti hesab edir ki, torpaq və evlərin sənədləşdirilməsi təkcə onların səlahiyyətləri və imkanları daxilində olan iş deyil. Bunun üçün Nazirlər Kabineti, Prezident Administrasiyası və Bakı Şəhər İcra Hakimiyyəti birlikdə qərar qəbul etməlidir: "90-cı illərdən sonra təəssüflər ki, bələdiyyələr tərəfindən sözügedən torpaq sahələri uzunmüddətli icarəyə verilib. Bundan sonra o torpaq sahələri kiçik paylara bölünərək fərdi yaşayış evi tikmək üçün satılıb. Bu problemin də mövcudluğu var. Hazırda kənd təsərrüfatı torpaqlarında yaşayış evlərinin tikintisinə tərəfimizdən icazə verilmir".

Avtandil Hüseyn-zadə qeyd edib ki, qanunsuz tikililərlə mübarizə tədbirləri çərçivəsində İcra Hakimiyyəti tərkibində xüsusi komissiya yaradılıb. Bu komissiya hüquq-mühafizə orqanları ilə birgə icazəsiz tikililərin qarşısı alınır.

Qeyd edək ki, prezident İlham Əliyev hələ 2015-ci ilin yanvar ayında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə fərman imzalayıb. Bu fərmanda NK-ya kolxoz və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi də qeydiyyatsız sənədlərin siyahıya daxil edilməsi barədə təkliflərini Prezidentə təqdim etməli idi. Amma indiyədək bu barədə heç bir irəliləyiş baş verməyib.




Apa.TV


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi