azia.az
azia.az

Makronun Ermənistan “planı” - Cənubi Qafqazda yeni geosiyasi oyun?

Bu gün, 10:51

İrəvanda keçirilən Avropa Siyasi Birliyinin zirvə görüşü Ermənistanın xarici siyasətdə hələ də strateji tərəddüdlər içində olduğunu bir daha üzə çıxardı. Rəsmi İrəvan uzun illər Rusiyanın təhlükəsizlik orbitində mövcud olduqdan sonra indi Qərbə yaxınlaşmağa çalışır. Ancaq müşahidəçilərə görə, problem təkcə geosiyasi istiqamətlərin dəyişməsi deyil.

Əsas məsələ Ermənistanın həqiqətən də müstəqil siyasi kurs formalaşdıra bilməməsidir. Çünki bu ölkənin siyasi davranışında hələ də böyük güclər arasında himayədar axtarışı tendensiyası açıq görünür. Ola bilsin ki, bu da milli şüur məsələsidir, çünki əsrlərlə dövlətçilik ənənələri olmayan ermənilər qlobal siyasətin həmişə al-ver predmeti olublar, böyük güclərin əlində daim “alət” missiyasını icra ediblər. Elə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin növbəti sammiti də bütün bunları bir daha təsdiqlədi. Belə ki, siyasi teatrı xatırladan sammitdə Ermənistan sanki artıq Rusiyadan uzaqlaşaraq Avropa istiqamətini seçən bir ölkə obrazını və həm də  təəssüratlarını  yaratmalı idi. Bəli, məhz təsəvvürlər yaratmalı idi, əslində Ermənistanın özü elə təsəvvürlər, əfsanələr, boş və xam xəyallar ölkəsidir və deyəsən elə belə də qalmaq fikrindədir. Belə olmasaydı yenə də xam xəyallar, yeni ağalar, isti qucaqlar axtarışına çıxmazdı. İrəvan indi də prezident Makronun simasında təzə protektorat tapdığını düşünür, yeni təhlükəsizlik çətiri əldə etdiyini xəyal edir. Amma  unudulur ki, baş nazir Paşinyanın ermənilərə yeni böyük qardaş kimi sırımağa çalışdığı Makron böyük müstəmləkəçilik tarixinə və “təcrübəsinə” malik Fransadan gəlib. Və bu gün  Ermənistan rəsmiləri daha bir qanlı imperiya keçmişi olan Rusiyanın yerini Fransa və Avropa ilə doldurmağa çalışır. Xüsusilə Prezident Emmanuel Makronun aktiv dəstəyi İrəvanda yeni güvən yeri kimi təqdim olunur. Ermənistan hakimiyyəti Fransanı həm siyasi, həm də diplomatik baxımdan əsas tərəfdaşlardan biri kimi önə çıxarmağa çalışır. Lakin burada başqa məqamlar da var. Axı Fransanın özü qeyd etdiyimiz kimi uzun illər kolonial keçmişi və Afrika siyasəti ilə bağlı beynəlxalq tənqidlərin daim hədəfində olub. Paris indi Rusiyanın Cənubi Qafqazda zəifləyən təsirindən istifadə edərək bölgədə öz siyasi mövqeyini gücləndirməyə çalışır. Ermənistan isə bunun yeni strateji himayə olduğunu düşünür. Ancaq Azərbaycan prezidenti İlham Əliyevin mayın 10-da Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı regionional siyasi proseslərlə bağlı səsləndirdiyi fikirlər gerçək reallıqlardan xəbər verirdi və həm İrəvana, həm də onun yeni “himayədarlarına” açıq ismarışlar idi.


Prezident bildirdi ki: “Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir.”

Azərbaycan prezidenti həmin siyasi boşboğlara xatırladır ki, indi Cənubi Qafqazda əvvəlki dövr deyil. ATƏT-in Minsk qrupunun Azərbaycan torpaqlarının ilhaqını rəsmiləşdirmək istiqamətindəki  “fəaliyyəti” dövrü artıq çoxdan keçib. Regionda artıq yeni geosiyasi reallıqlar formalaşıb və əsas siyasi gündəliyi bölgə dövlətləri müəyyən edir. Bu baxımdan Fransanın Ermənistan üzərindən bölgədə təsir imkanlarını genişləndirmək cəhdlərinin nə dərəcədə uğurlu olacağı hələ açıq sual olaraq qalır.

Fransa prezidenti Emmanuel Makronun da son illər daxili siyasi mövqeyi zəifləyib. Pensiya islahatları, sosial narazılıqlar və siyasi böhranlar onun reytinqinə ciddi təsir göstərib. Analitiklər hesab edirlər ki, Makron bu səbəbdən beynəlxalq siyasətdə daha fəal lider obrazı yaratmağa çalışır. Xüsusilə Ukrayna məsələsi və Avropanın təhlükəsizliyi ilə bağlı təşəbbüslərdə ön planda görünmək istəyi bunun nümunəsi sayılır. Ermənistanla yaxın münasibətlər də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Güclü erməni diasporunun Fransadakı təsiri də Parisin İrəvan siyasətində mühüm amillərdən biri hesab olunur.  Ancaq bütün bu proseslər fonunda bir reallıq dəyişmir: Cənubi Qafqazda siyasi balansı və regional gündəliyi müəyyən edən əsas aktorlar artıq bölgənin öz dövlətləri – Türkiyə və Azərbaycandır.


Xarici güclərin bölgədə təsir uğrunda rəqabəti davam etsə də, yekun qərarların harada və necə veriləcəyini məhz regional reallıqlar, eləcə də bu reallıqları yaran Türkiyə və Azərbaycan liderləri müəyyən edir.


QAFQAZ  CƏNUBLU 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi