Mikayıl İsmayılovun “E-manat”ı müştərilərin cibinə girir
“E-manat” terminalları müştərilərin hüquqlarını pozmaqdadır. Məlumata görə, vətəndaşlar bu ödəmə aparatında cərimə ödəyərkən 1 manat komission haqqı tutulur.Məsələn, müştəri yol polisinə inzibati xəta ilə bağlı cərimə ödədikdə, ondan 1 manat əlavə pul çıxılır. Bu isə həm qanunsuzluq, həm vətəndaşın cibinə girməkdir.
Hər hansı xidmətdən istifadə edərkən ondan əlavə komission haqq alına bilməz. Bu ödəmə cihazları bir vasitədir. Lakin “e-manat” xidməti cərimələrin ödənişi zamanı 1 manat özünə qazanc götürür. Bu da insanlarda kütləvi narazılıq yaratmaqdadır.
Son zamanlar sosial mediada da bu haqda şikayətlərə rast gəlmək olar. Hətta sözügedən şirkətin boykot olunmasına çağırışlar belə səslənməkdədir. “eManat” brendi “Modern Group of Companies” şirkətlər qrupuna aiddir.
“Modern Group of Companies” SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun şirkəti kimi tanınır. M.İsmayılov oliqarx məmurlardan olub. İndi də böyük sərvətə, eniş biznes imkanlarına malikdir. Mediada yayılan xəbərlərə görə, Mikayıl İsmayılov “MilliÖn” ödəmə sisteminə qarşı “eManat”ı yaradıb.
Qeyd edək ki, “MilliÖn” ödəmə sistemi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qeyri-rəsmi nəzarətindədir və keçmiş deputat Hacı Salayev tərəfindən idarə olunduğu deyilir.