Heydərovun bacanağı FHN-dən 438 min manatlıq tender uddu (FOTO)
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 438 min 769 manat 43 qəpik dəyərində mətbəə məhsulları alınması üçün tender keçirib.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi CBS-PP MMC olub.
Tenderin detalları barədə ətraflı məlumat verilməyib. 01.10.2020 tarixində başlanma tarixi elan olunan tenderdə iştirak haqqı kimi 800 manat tələb olunub.
Satınalmanın qalibi olan şirkət 1998-ci ilin sentyabr ayının 2-də qeydiyyata alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34, qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.
Mediada yer alan məlumatlara görə CBS-PP MMC-nin qanuni təmsilçisi olan Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Hikmət İsmayilovun həm də Kəmaləddin Heydərova məxsus AFB Bank ASC-nin əsas səhmdarı olduğu da bildirilir.