Yol polisindən sürücülərə vacib MÜRACİƏT – Qaynar xətt yaradıldı – TƏLƏSİN!
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə idarə etdikləri nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar bir daha məlumatlandırır.
Azia.az xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar sürücüləri maraqlandıran məsələlərin daha dəqiq və operativ öyrənilməsi üçün “012-511-08-40” nömrəli “qaynar xətt” yaradılıb.
Onun sözlərinə görə, “qaynar xətt” saat 08:00-dan 18:00-dək sürücülərin və avtomobil sahiblərinin ixtiyarındadır.
Məqsəd sürücülərə idarə etdikləri nəqliyyat vasitələri, onların texniki baxışdan keçməsi müddətinin vaxtı, ödənilməyən cərimə borclarının olub-olmaması və sairə məsələlər barədə məlumatların vaxtında verilməsi ilə bağlıdır: “Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər”.
Vaqif Əsədov deyib ki, Bakı şəhəri üzrə 2 ərazidə avtomobillərin diaqnostika mərkəzləri yerləşir. Bunlardan biri Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzidir, digəri isə Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzinin yanında fəaliyyət göstərir: “Paytaxt və Bakı ətrafı ərazilərdə yaşayan avtomobil sahibləri və sürücülər sözügedən məntəqələrdə şənbə-bazar günləri də daxil olmaqla saat 08:00-dan 18:00-dək nəqliyyat vasitələrini təqdim edə bilərlər”.
Şöbə rəisi nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar informasiyaların daha dəqiq və operativ alınması üçün “012-511-08-40” nömrəli “qaynar xətt”ə zəng etməyi tövsiyə edib.
Qeyd edək ki, son vaxtlar əksər vətəndaşlarımız da Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika mərkəzlərinin fəaliyyətindən və burada göstərilən xidmət səviyyəsinin yüksək olmasından məmnunluqlarını dilə gətirirlər. Hətta, redaksiyamızın əməkdaşları “012-511-08-40” nömrəli “qaynar xətt”in iş fəaliyyətini yoxlamaq üçün gün ərzində bir neçə dəfə həmin nömrə ilə əlaqə saxlayaraq, avtomobillərin texniki baxışı və sürücüləri maraqlandıran digər mövzularda suallar ünvanlayıb. Əvvəlki illərlə müqayisədə sevindirici hal idi ki, “qaynar xətt”də çalışan əməkdaşlar bütün suallarımıza səbrlə çox peşəkar və operativ şəkildə cavab veriblər.