azia.az
azia.az

“Milyonçu olmaq istəyirsənsə, oğurla!”

12-08-2020, 12:28

Şəmsəddin Əliyev, hüquqşünas, publisist
“Milyonçu olmaq istəyirsənsə, oğurla!”

“Həqiqətən sərvətiniz dünya zinəti olduğuna və başınızı qatdığına görə sizin üçün ancaq bir imtahan vasitəsidir”.

“Təğabun (toplaşmaq, cəm olmaq) surəsi, ayə 15”

...Zaman-zaman sadə insanları bir sual çox maraqlandırıb: “Milyonlara necə sahib çıxmaq olar? İldən-ilə artan sərvət nəyin hesabına başa gəlir?” Amerikanın siyasi, iqtisadi və sosioloji ədəbiyyatında bu suallara müxtəlif cavablar verilir: Nəşr olunmuş əsərlərdə dolayısı ilə cavab belədir: “Milyonçu olmaq istəyirsənsə, oğurla!..”

Bu sahədə daha çox yayılmış fərziyyələri Amerikanın sosioloji ədəbiyyatında təbliğat maşını güclü-iri kapitalistləri təşviq edib. Amerikada ilk milyonçular şəxsi qabiliyyətləri və xüsusi sahibkarlıq fəaliyyətləri nəticəsində əldə etdikləri sərvətlərinin yolunu ictimaiyyətə, sanki təlqin ediblər. Həmin illərdə Amerikan professoru Cozef Şumbertin 1942-ci ildə nəşr etdiyi məşhur “Kapitalizm, sosializm və demokratiya” kitabında böyük sərvət sahibləri-kapitalistlər təriflənir, onların xidmətləri cəmiyyətə görk olaraq çatdırılır.
Bu mənada, Amerika ədəbiyyatının tanınmış simalarından olan Horeys Olcerin uşaqlar üçün yazdığı nağılları uzun illər diqqəti cəlb edib. Nağılların birində çox maraqlı və ibrətamiz təəssürat bağışlayan ifadələr yer alır: “Bir gənc, özünün əmək (zəhmət) sevərliyi və əziyyəti nəticəsində böyük miqdarda kapital toplamağı bacarır...” (Amma oxuculara çatdırmaq yerinə düşərdi ki, müəllif- Olcerin özü ehtiyac içində yaşamış, dərin yoxsulluq ucbatından dünyasını dəyişmişdir.Ş.Ə.).
Amerikada əks mövqeyə malik müəlliflər də olmuşdur. Qustav Mayersin 1910-cu ildə nəşr olunan “Amerikanın iri kapitalistlərinin tarixi” (“History of the Great American Fortunes”) kitabında böyük miqdarda kapital toplamaq şübhələrə söykənməyən informasiya kimi cəmiyyətə təlqin edilir. Mayers hələ Onere de Balzakın dediyi “Hər cür sərvətin (sahibinin əməlində) mənbəyində cinayətlər dayanır” fikrini, “Başqa cür varlanmaq da mümkün deyil” ifadəsi ilə bitirir. Bəli, cəmiyyət də varlı dövlətdir, onun xəzinəsi isə hamının sərvətindən toplanan, müstəsna mülkiyyət kimi fəaliyyət göstərən Dövlətin Bankıdır.
***
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin yaranması məsələsinə tanınmış Amerikan sosioloqu professor Rayt S. Mills də əsərlərində yer vermişdir. Onun 1956-cı ildə işıq üzü görmüş “Hakim elita” ( The Rower Elite) kitabında milyonerlərin şəxsi keyfiyyətləri diqqət çəkir, vəzifəli şəxslərin gizli talama faktlarını, belə şəxslərin sui-istifadələri nəticəsində sərvət sahibinə çevrilməsini qələmə alır.
Müasir Amerikan müəllifi Styudart H. Holbruk özünün “Əsr” kitabında (1954-cü ildə nəşr edilib) “Dabldey” firmasında dələduzluq yolu ilə hərbi gəlirlərin mənimsənilməsindən ətraflı bəhs edir. O,həmin firmada və ümumilikdə Amerikada 1775-ci ildə baş verən vətəndaş müharibəsindən sonra vüsət alan nəhəng korrupsiyadan bəhs edir. Holbruk Amerikada prezident Linkolnun dövründə sənayenin inkişafı, konfederasiya əleyhinə başlanan müharibə ərəfəsində korrupsionerlərin saxtakarlığı və sui-istifadələri, iri kapitala malik olmağın yolları və milyonçulara necə çevrilməsini ürək ağrısı ilə qələmə alır, hərbi sənayenin sifarişini yerinə yetirmək üçün poladtökmə zavodlarının tikilməsini, şimallı əsgərlərin geyimi üçün tikiş-trikotaj sənayesinin istehsal gücünün artırılmasını, ən mühümü ordunu yedizdirməyin vacibliyini narahatlıqla vurğulayır. Bunun üçün yüngül və yeyinti sənayenin gücləndirilməsini vətəndaş olaraq tələb edirdi və s.
Paralel olaraq Holbruk yazırdı: “Yüksək iqtisadi inkişafla yanaşı korrupsiya, vəzifəli şəxslərin pulla ələ alınması, pula hərislik və məmuru alçaldan digər hallar da vüsət almağa başlayır”.
Əsgərlərə təhkim olunan silahlar texniki cəhətdən istifadəyə yarasız idi. Vicdansız tədarükçülər orduya keyfiyyətsiz, əksər hallarda çürümüş materiallardan paltar hazırlayıb göndərirdilər, daşıdıqları çəkmələr daha çox kağız qatqısı olan dərilərdən hazırlandığına görə qısa vaxt ərzində sıradan çıxırdı, konservlər ölmüş və iylənmiş hevanların cəsədlərindən hazırlandığından qəbulu mümkün deyildi. Müharibə vaxtı və müharibədən sonrakı dövrlər Holbrukun əsərində qeyd edilən sui-istifadələr və dələduzluqlar qeyri-adi və ağıla sığmayan mərhələyə çatmışdı. Birjalarda möhtəkirlik və fırıldaqçılıq şöhrət qazanmışdı.
Həmin kitabda Holbruk qeyd edir ki, XIX yüzilliyin sonunda Amerikanın İspaniyaya qarşı müharibəsi dövründə korrupsionerlər üçün yüksək gəlir əldə etməyə, varlanmağa növbəti və sərfəli bir şans-dövr başlandı. Bu müharibənin gedişindən təkcə poladtökmə zavodunun sahibləri yox, silah istehsal edən fabrikantlar və bir az qəribə səslənsə də ilk amerika qəzet maqnatı Vilyam Rendolf Herst də əhəmiyyətli dərəcədə qabiliyyətinə, bacarığına uyğun istifadə edə bildi.
“Müharibələrdə yüksək gəlir əldə etməklə məşğul olan milyonçulara aid tipik misallar çox çəkmək olar”- yazır Holbruk. İkinci dünya müharibəsi dövründə də az sezilən tərzdə oxşar hal davam etmişdi. 1940-1944-cü illərdə iri, xüsusi konsernlər-bütün ölkə üzrə istehsal vasitələrinə xüsusi nəzarəti həyata keçirən sahibkar korrupsionerlər, “ilk əldən sifarişlər” qəbul edənlər 175 milyard dollar məbləğində yardım ala bilmişdilər.
Professor Mills oxucuların diqqətini hərbi sifarişləri qəbul edən həmin iri konsernlərin sui-istifadələrinə cəlb edir. Onlar müxtəlif güzəştlərdən istifadə etmək hüququna malik idilər. Məs: Xammal almağa, dövlət kreditlərinin və maşın detallarının alınmasında, sərfəli şərtlərlə amortizasiya, vergi güzəştlərində sərfəli imtiyazlara malik və ilk növbələrə hakim idilər.
Müharibədən sonra müxtəlif imtiyazlara malik olan bu konsern sahibləri dövlət hesabına tikilən müəssisələrin mülkiyyətçisinə çevrilirdilər. (ilk təklif-sifarişlər onlara verilirdi). Belə müəssisələr müstəsna dərəcədə sərfəli şərtlərlə mülkiyyət sahiblərinin sərəncamına və istifadəsinə verilirdi. Diqqət edin, “Sahibkarlar” dövlətin vəsaiti hesabına tikilən iri sənaye obyektləri üzərində mülkiyyət hüququnu heç bir şərt qoyulmadan əldə edirdi...
Karantin vəziyyətinin elan olunduğu müddət ərzində kitab rəfimdə Moskvada nəşr olunan (2018-ci il) “Milliarderı - istoriə krupneyhix finansovıx dinastiy”(Milyarderlər- iri maliyyə sülaləsinin tarixi”) adlı kitabı oxumağa başladım. Kitabın müəllifi tanınmış Polyak publisisti və jurnalisti Hjehoj Yaşunskidir.
Kitabda dünyanı idarə etmiş iri maliyyə sahibləri - sülaləsinin mütəşəkkil cinayətkarlığa xas yolla böyük kapitala malik olması yollarını oxuculara təqdim edilir. Kitabı həyəcansız oxumaq mümkün olmur. Sən demə, dünyanı idarə edən “tanınmış” maliyyə fırıldaqçıları Morqan, Rokfellər, Karneqi, Banderbult və başqalarının heç ali təhsilləri də yoxuymuş... Məşhur Amerika prezidentlərindən Abraam Linkolnu, Delano Ruzvelti də ələ alıbmışlar... “...100 il bundan əvvəl həmin amerika milyonçuları- zavod və fabriklərin sahibləri, dəmir yollarının və bankların müstəsna mülkiyyətçiləri arasında həmişə güclü rəqabət olmuş və antoqonist situasiyalarda şəxsi maraqlarını qorumaq məqsədilə güc tətbiq etmək metodlarından istifadə etməkdən də çəkinməmişlər.
100 il əvvəl milyonçular və milyardçılar çəkinmədən, açıq, öz sərvətləri ilə öyünür, cah-cəlalda yaşamışlar, saraylarını, obyektlərini reklam edib, nümayiş etdirsələr də cəmiyyətin, hətta rəsmi dairələrin də qıcığına səbəb olmamışdır.
Amma bu gün, dünya dəyişib və hələ çox dəyişəcək. Həmin milyardlara sahib olanlar aşkarlıqdan qaçmağa üstünlük verirlər. İndi Amerikanın və digər kapitalist ölkələrinin (niyə) Sovet İttifaqının dağılmasına canfəşanlıqlarını anlamaq olur. SSRİ kapitalizmin, korrupsiyanın, hər cürə əyriliyin, kölgə iqtisadiyyatının, vergidən yayınma və mütəşəkkil dəstənin köməyi ilə sərvətə sahib olmanın əleyhinə idi. Məmurun şəxsi qəsri, təmtəraqlı bağı ola bilməzdi. Dövlətin vəzifə ranqlarına uyğun bağ evləri var idi. Yalnız vəzifədə olduğu müddət ərzində həmin bağlardan istifadə edə bilərdilər. Kommunist ideologiyası belə tələb edirdi!”
(İndi ictimai nəzarət var. İctimai nəzarət kommunist nəzarəti deyil, onu əvəz edə bilmir. Olsa, olsa onun sönük bir kölgəsidir.)
“Əgər dövlət düzgün idarə olunarsa yoxsulluq və işsizlik utanc gətirər. Əgər dövlət düzgün idarə olunmazsa zənginlik və məşğulluq utanc gətirər.” Konfutsiy
Müəllif yazır: “Deyirlər ki, Sovet İttifaqı Komunist Partiyasının baş katibi Leonid İliç Brejnev vəzifədə-böyük bir imperiyanın “sahibi” ikən, səhhətinin ağırlaşdığı bir vaxtda həyat yoldaşı ona xitab edir: “Lyona! Niyə özünü üzürsən? Bu yaşda sənə evdə oturub dincəlmək lazımdır. İstefa ver! Çıx işdən! Bir kiçik bağ evi tikib, bu ahıl vaxtımızda həyatımızı yaşayarıq”.
Həyat yoldaşının bu tövsiyəsinə Leonid İliç belə cavab vermişdir:
- Nə ilə bağı tikəcəyəm? Aldığım təqaüdlə heç bağ tikmək olar?
- Bəs bu, bağ evini saxlamaq olmaz? Burda yaşaya bilmərik?
Leonid İliç boğuq səslə:
- Necə yaşayarıq? Bu hökumət bağıdır. Vəzifəmdən istefa verən kimi buranı tərk etməli olacağıq...
Beləcə sükut çökmüşdü... Haqlı cavab idi. Kommunistlərin Baş katibinin şəxsi-dövlət tərəfindən verilən mənzilindən başqa heç nəyi yox imiş...
Ona görə də Sovet İttifaqı dünyaya sərf etmirdi. Yıxdılar, yaman yıxdılar. Cılız millətlər dövlət oldular-müstəqil və demokratik dövlət. Hər bir müstəqil dövlətin yaranması tökülən qanların hesabına başa gəldi. Bu gün də qanlar axıdılır. Dominant ölkələr güclərini və hərbi əzələlərini aciz, öz dərdi ilə baş-başa qalan ölkələrdə nümayiş etdirirlər. Məcburi köçkünlük və qaçqın həyatı yaşanır. Sahibsiz, aciz millətlərin vətənləri arxalı köpəklərin hərbi meydanına çevrilir... Güclərini nümayiş etdirirlər”.
“Bütün ölkələrin proletarları birləşin!” şüarı əhəmiyyətini itirdi. Proletar-köməksiz vəziyyətdə olanlar doğma vətənlərini məcburi tərk edir, əcnəbi dövlətlərə pənah aparır, həyat axtardığı yollarda həlak olur, rezin qayıqlarla dəryalarda qərq olurlar. Günahsız körpələrin, qadınların və uşaqların qisasını alan yox. Aralıq dənizi günahsız insanların məzarına çevrilib... Rəbbim, qisası yerdə qoyma, qiyamətə saxlama!
***
...Zamanında Azərbaycanın xanlıqlarından olan İrəvan xanlığı sonradan Yerevan və sonra Ermənistana çevrildi. İndi isə müstəqil dövlət kimi iştahası artır, qudurub, azğınlaşıb, vəhşiləşib. O qədər azğınlaşıb ki, köməksiz vəziyyətdə olanlara - körpələrə, qadın və uşaqlara azərbaycanlıdır-düşünüb qətliama başladı. İnsanlığa qarşı xəbis hərəkətlərilə indi də dünyanın digər ölkələrində yaşayan millətimizi təqib edir. Bunun sonu olmalıdır. Sülhə razılaşsaq yenə məsələ uzanacaq, itkilərimiz yenə olacaq... Hər döyüşdən sonra çətin bir dövr başlanır-yeni dövr. Bu aclıqla, yoxsulluqla davam edə bilər... Bizə lazımdırmı?

(Davamı var)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi