Fərman verildi: Maliyyə amnistiyası gəlir - Şərh
Belə fərmanlar bir tərəfdən qeyri-qanuni yollarla əldə edilən pul vəsaitləri ilə bağlı məsələni tənzimləyir, eləcə də birbaşa terrora qarşı mübarizədə məsul orqanların siyahısını aydınlaşdırır
Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Fərmanını şərh edərkən millət vəkili Zahid Oruc deyib.
Millət vəkili bildirib ki, qanunsuz yolla əldə olunan vəsaitlərin ölkədən çıxışı bütün hallarda hər bir dövlətin daxili həyatına, iqtisadi proseslərə mənfi göstərir:
“Maliyyə amnistisiyası ilə bağlı bundan öncə 2009 və 2015-ci ildə iki fərman imzalanıb. Əslində, bu məsələnin mahiyyəti bəllidir və dünyada tətbiq edilən bir modeldir. Bir tərəfdən böyük çəkili vəsaitlər ölkə iqtisadiyyatına qoyulmur, digər tərəfdən bu, özlüyündə başqa ölkələrin həyatına təsir edir. Əksər hallarda isə mənimsənilər, yaxud da müsadirə olunur. Dünyada belə praktika geniş yayılıb. Ofşor zonalara çıxan vəsaitlər isə demək olar ki, o ölkələrin iqtisadiyyatının inkişafına sərf olunur. Ancaq burada çox həssas bir məqam var. Dövlət başçısının yeni fərmanı məhz ona xidmət edir ki, ölkə daxilində və xaricində çirkli maliyyə vəsaitlərinin terror fəaliyyətinə qoyulmasının qarşısı alınsın və bu halda məsul orqanlar müəyyənləşdirilsin. Yəni ölkə xaricində olan şəxslərin fəaliyyəti, onların müvafiq siyahısının tərtibi, hərəkətlərinin izlənilməsi və hüquqi vəziyyətləri ilə bağlı qərarların verilməsi Xarici İşlər Nazirliyinə həvalə edilir. Ölkə daxilində isə bu, Dövlət Təhlükəsizlik Xidməti vasitəsilə reallaşdırılır”.
Z.Orucun sözlərinə görə, hazırda cəmiyyətdə, xüsusilə iqtisadi sferada fikir sahiblərində bu məsələyə baxış birmənalı deyil:
“Bir çoxları hesab edir ki, maliyyə amnistisiyası tətbiq edərkən, bu, qanunsuz yollarla müxtəlif mal, mülk, varidat, danışmaz əmlak və s. qazanclarını stimullaşdırır. İkinci bir baxış isə ondan ibarətdir ki, yüz milyonlarla, bəzən isə milyardlarla vəsait əgər özünə təhlükə hiss edərək ölkədən çıxarılırsa, bu halda biz o vəsaitə sahibliyi itirik. Bəli, bu, xalqın əmlakı, puludur. Ancaq mahiyyət etibarilə onun leqallaşması yenidən iqtisadi həyata canlanma gətirir, müxtəlif şərtlər altında qanuniləşməsi mümkün olur. Sual oluna bilər ki, bu gün Azərbaycan Beynəlxalq Bankı ətrafında baş verənlər həmin maliyyə amnistisiyasının subyekti ola bilərmi? Xeyr. Çünki bu məsələ bilavasitə hazırkı dövr məhkəmə baxışının predmetidir, onun təsdiqinə də düşə bilməz, çünki ümumi hökm hələ verilməyib. Söhbət faktiki olaraq ilk növbədə o vəsaitləri ölkənin büdcəsinə qaytarmaqdan gedir”.
Millət vəkili vurğulayıb ki, prezidentin bundan əvvəlki dövrlərdə verdiyi eyni xarakterli sərəncamların başlıca hədəfini məhz maliyyə şəffaflığı təşkil edib:
“Kimsə istər iqtisadi, istərsə də maliyyə-bank sektorunda dövlət büdcəsinin vəsaitini talamaqla, yaxud da təyinatından yayındırmaqla məşğul olubsa, onlara bu halda bəraət ola bilməz. Lakin maliyyə amnistisiyası müəyyən bir müddət elan oluna bilir və konkret zaman çərçivəsində o vəsaitləri geri qaytaranlar müxtəlif təqib, təhdid və yoxlamalardan azad olurlar. Dünyada terrora qarşı mübarizədə hər bir maliyyə vəsaitinin mənbəyinin müəyyənləşdirilməsi mühüm bir məsələ kimi qəbul olunub.
Azərbaycan da bu yöndə çirkli pulların yuyulmasına qarşı on illərdir müxtəlif konvensiya və hüquqi aktları ratifikasiya edib. Bu o deməkdir ki, Azərbaycan da maraqlıdır ki, nəzarətdən kənar pullar müxtəlif ekstremizm, fundamentalizm və yaxud terror fəaliyyətləri ilə mütəşəkkil cinayətkarlığa, narkotik və silah qaçaqmalçılığına qoyulmasın. Hər kəs başa düşməlidir ki, qanunsuz silah alverindən, narkotik trafikindən və başqa cinayətlərdən külli miqdarda vəsait əldə edib onu leqallaşdıra bilməz. Bu, cinayət təqibi yaradır. Ancaq hökumət konkret olaraq bir siyahı hazırlayır ki, hansı xarakterli əməllər vasitəsilə əldə edilən vəsaitlər təkrarən ölkəyə qayıda və həmin şəxslər təqibdən azad oluna bilər. Bu, bütün cinayətkarlara amnistiya elan etmək, bütün çirkli pul sahiblərinə yaşıl işıq yandırmaq anlamına gələ bilməz”.