azia.az
azia.az

Bu halda Ermənistan müharibəyə başlayacaq...

Bu gün, 18:52

Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə ölkədaxili siyasi mübarizə kimi deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturasına təsir edə biləcək mühüm proses kimi qiymətləndirilir. Xüsusilə, Rusiyaya yaxınlığı ilə tanınan sabiq prezident Robert Köçəryanın revanşist bəyanatları və Moskva yönümlü siyasəti açıq şəkildə müdafiə etməsi diqqət çəkir. Bəs Köçəryanın mümkün qayıdışı regionda sülh prosesinə və Ermənistan–Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Ermənistanda 7 iyunda keçiriləcək seçkilər ölkənin gələcək siyasi kursunun müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Oqtay Qasımov: “Levon Ter-Petrosyanın açıqlaması erməni siyasi düşüncəsinin  hansı yönə kökləndiyini ifadə edir” | KONKRET

“Ermənistan cəmiyyəti bu seçkilərdə faktiki olaraq sülh və ya müharibə arasında seçim etməli olacaq.

Ermənistan cəmiyyəti öz gələcəyi ilə bağlı qərar verməlidir. Seçkilərdə ya revanşist qüvvələrə və Rusiyanın “5-ci kolon”u hesab olunan şəxslərə səs veriləcək, ya da hazırkı hakimiyyətin Qərbyönlü siyasəti dəstəklənərək ölkənin nisbi müstəqillik kursu üstün tutulacaq. Seçkiöncəsi proseslər Ermənistanda kifayət qədər gərgin atmosferdə keçir və Rusiyanın bu proseslərdə ciddi maraqları müşahidə olunur.

Moskvanın əsas məqsədi mümkün olarsa, Nikol Paşinyanı seçkilər yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq və özünə yaxın qüvvələri hakimiyyətə gətirməkdir. Rusiyanın dəstəklədiyi şəxslər arasında Robert Köçəryan xüsusi seçilir. Onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri şübhə doğurmur”.

Ekspert vurğulayıb ki, Köçəryanın səsləndirdiyi fikirlər hazırda daha çox seçki təbliğatı xarakteri daşısa da, Ermənistan cəmiyyətinin bu çağırışlara necə reaksiya verəcəyi gələcək proseslərə ciddi təsir göstərəcək:

“Əgər erməni cəmiyyəti doğrudan da revanşist qüvvələrə səs verərsə, bu, müharibəni istəməsi anlamına gələcək. Azərbaycan Ermənistanda baş verən prosesləri çox diqqətlə izləyir”.

Oqtay Qasımov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də bir müddət əvvəl Cəbrayıl və Zəngilanda etdiyi çıxışlarında Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi ehtimalına münasibət bildirib:

“Prezident açıq şəkildə bəyan etdi ki, əgər Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrsə, Azərbaycan buna hazırdır və müvafiq addımlar atılacaq. Əgər Köçəryan hakimiyyətə gələrək sülh prosesini pozmağa və Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürməyə çalışarsa, bu, region üçün ciddi nəticələr doğuracaq”.

Siyasi şərhçi hesab edir ki, hazırkı mərhələdə Köçəryanın bəyanatları daha çox daxili auditoriyaya hesablanıb. Lakin Ermənistan cəmiyyətinin revanşist çağırışlara dəstək verməsi ölkənin gələcəyi baxımından ciddi problemlər yarada bilər.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi