azia.az
azia.az

Bu gün cəsur döyüşçü Xəqani Axundovun şəhid olduğu gündür - FOTO

11-02-2020, 03:58

Həyat olduqca rəngarəng və qəribədir. Bu rəngarənglik və qəribəlik içərisində ən çətin şey insanları yaxından tanımaq və onların qəlblərini oxuyub duymaqdır. Bəzən sənin hər gün qarşılaşdığın, olduqca sadə bir insan kimi tanıdığın bir şəxslə yaxından həmsöhbət olanda, onun daxilində qərar tutan nəcib vətən eşqini hiss edəndə onu gec tanıdığına çox-çox təssüflənirsən.
 Bu gün cəsur döyüşçü Xəqani Axundovun şəhid olduğu gündür - FOTO
Azərbaycan Respublikasının ərazi bütövlüyü və işğal edilmiş torpaqların azğın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən yüzlərlə belə el oğulları olmuşdur. Bu cür insanların həyat və fəaliyyətinə diqqət edəndə görürsən ki, onların həyatı, yaşayışı, əmək fəaliyyəti, hətta ölümü belə digərlərindən bir xeyli fərqlənir.

Belə qəhrəman vətən övladılarından, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fatehlərdən biri — Xəqani Axundovun tale yazısına, yarımçıq qalmış ömür yoluna nəzər salmaqla, bu yolu bir qədər işıqlandırmaqla öz daxili aləmimdə bir rahatlıq tapmaq istədim.

Xəqaninin hündürboyu, cüssəli, qaməti, enli kürəyi, zəhimli baxışları, iti addımları, enli biləkləri, həmişə qayğılı görünən gözləri, şair ruhlu xasiyyəti bu gündə mənim gözlərim qarşısındadır.

Xəqaninin atası Həsən kişi (Ağakişiyev Həsən Lələkişi oğlu, 1914 – 26.08.1980) Laçın rayonunun Kürdhacı kəndində anadan olmuş, oxumuş, xüsusi orta tibbi təhsil almış və tibb sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsi başlayan zaman qardaşı Ağakişi (Ağakişiyev Ağakişi Lələkişi oğlu) ön cəbhəyə yollansada arxa cəbhədə tibb işçilərinə olan güclü tələbatı nəzərə alıb Həsən kişini arxa cəbhədə saxladılar. Müharibənin başladığı ilk günlərdən Həsən kişi arxa cəbhədə fədakarcasına çalışmışdı. Asudə vaxtlarda əhali arasında siyasi tərbiyə və hərbi vətənpərvərlik mövzularında söhbətlər aparırdı. Bu xidmətlərinə görə 5 noyabr 1946-cı ildə "Böyük Vətən müharibəsində fədakar əməyə görə (1941-1945-ci illər)" medalı ilə, 9 may 1975-ci il tarixdə "Böyük Vətən müharibəsində qələbənin 30 illiyi (1941-1945-ci illər)" medalı ilə, eləcə də digər medal, fəxri fərman və diplomlarla təltif olunmuşdur.

Böyük Vətən müharibəsi qurtardı, Ağakişi müharibədən geri dönmədi. Lələkişinin ocağında soyad daşımaq yükü Həsən kişinin üzərinə düşdü. Ailə qurdu, gözəl bir yaz günündə 1950-ci ilin 10 may tarixdə Həsən kişinin ocağında bir oğlan uşağı dünyaya göz açdı və atası ona Xəqani adını verdi.
Xəqanigil ailədə dörd övlad olmuşdular — 1 oğul, 3 qız. Xəqani ailənin ilk övladı idi.

Uşaqlıq illərini ata yurdu Kürdhacı kəndində keçirdi, orada böyüyüb boya-başa çatdı, ayaq tutub yeridi, dil açdı, 1957-ci ilin payızında Kürdhacı kənd ümumtəhsil orta məktəbinin I sinfinə getdi. Yazı-pozuya, oxumağa olduqca böyük marağı olan Xəqani hələ kiçik yaşlarından yaz-yay fəsillərini yaylaqda keçirdiyindən ərazidə ki, bütün yol-cığırı, bənd-bərəni ovcunun içi kimi tanıyardı. Yay aylarında yaylaqlarda gün-güzəran keçirən Xəqani mənfur qonşularımızdan erməni dilində danışmağı öyrəndi. Atasından ərəb qrafikası ilə yazıb oxumağı öyrənməyə başladı. 1967-ci ilin yazında Laçın rayon Kürdhacı kənd orta ümumtəhsil məktəbinin X sinifini müvəffəq qiymətlərlə bitirən Xəqani Axundov həmin il imtahan verərək 21 avqust tarixdə müvəffəqiyyətlə Şuşa Kənd Təsərüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olur. Təhsilini burada uğurla başa vuraraq Şuşa Kənd Təsərüfatı Texnikumunun həmin şöbəsini bitirmişdi.

1970-ci ildə hərbi xidmətə yola düşdü və Moskva ətrafında hərbi xidmət borcunu yerinə yetirərək 1972-ci ildə dogma el-obasına, Laçına, Kürdhacı kəndinə qayıtdı. Kənddə "28 aprel kolxozu"nda ilk əmək fəaliyyətinə başladı.

Xəqani öz kəndinə, el-obasına çox bağlı bir insan idi. Şair olmasada onun qəlbi hər zaman el-oba, yurd həsrətli olduğundan bəzən qəlbində ki, hiss və düşüncələrini şerin dili ilə söyləməyə çalışmışdır. Bu gün həmin şerlərin bir hissəsi onun qayğılarından, həyatından bizlərə söhbət açır. Xəqanidə qəhrəmanlığın əsasını qoyan amillər —müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə sevgi hissi, bir sözlə desək vətənpərvərlik hissi çox güclü olmuşdur. Bunu "Vətən istəsə" adlı şerindən aydınca görmək olur.

Vətənin borcunu vermək çətindir,
Xəqaniyəm xoş əhvalım pozulub,
Şanlı oğulları dönməz, mətindir.
Nahaq ayaq tutub, qəlbim nazilib.

Elimə vurğunam, bu adətimdir,
Həftə aya, aylar ilə düzülüb,
Qanımla adını yazam, istəsə.
Namərd tab gətirməz, Vətən istəsə.

Tanış-biliş içində ciddi, tünd xasiyyətli, sözü bütöv, təvazökar olan Xəqani evdə, ailə üzvləri arasında səbrli, qayğıkeş, mülayim, mehriban xasiyyətli idi.
Artıq ərəb qrafikası ilə yazıb oxumaq qabiliyyətinə malik olan Xəqani rəvan Quran oxumağı da bacarırdı.

1992-ci ilin əvvəlləri — Vətənin, doğma yurdumuz Azərbaycanın başı üstünü artıq "qara buludlar" almışdı. Torpağı düşmən məngənəsində qalan, var-dövləti talan edilən, kənd-kəsəyi yandırılan, günahsız qohum-əqrabası şəhid olan, əsir götürülən, didərgin düşən Xəqani qəm-qüssə dəryasına qərq olmuşdu. Baş vermiş hadisələrə öz münasibətini bildirən Xəqani yas tutdu, saqqal saxladı. Bu işdən xəbərdar olmayan və saqqal saxlama səbəbini soruşan tanış-bilişə isə "Saqqalımı ermənilərə təmizlətdirəcəyəm" söylərdi.

Bu soyadı kim daşıyacaq? — Bu gün cəsur döyüşçü Xəqani Axundovun şəhid olduğu gündür - FOTO

El-oba darda, vətən torpağı düşmən tapdağında olanda qəhrəman övladlara ehtiyac duyulur. Hər şey bir an içində, bir göz qırpımında baş verir. Həmin an kimliyindən aslı olmayaraq hər kəs ya qorxaq, ya da məğlubedilməz döyüşçü ola bilər. Qarabağda ermənilərin at oynatmasına, erməni vəhşilklərinə tab gətirə bilməyən el oğlumuz Xəqani Axundov ikinciyə üstünlük verərək, heç nə düşünmədən, hətta ailə üzvləri ilə məsləhətləşmədən Laçın rayonunda təşkil edilən, yeni yaranmış, hələ tam formalaşmamış könüllülər batalyonuna üzv yazılaraq əlinə silah alıb torpaqlarımızın müdafiəsinə qalxdı. Həmin gündən Xəqaninin yaşayış yeri cəbhə xətti, oylağı soyuq səngər, ovlağı döyüş meydanı oldu. Qarabağ ərazisinin hər bənd-bərəsinə, cığırına ovcunun içi kimi bələd olan döyüşçü 15 sentyabr 1992-ci ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə hərbi xidmətə başladı. Hərbi xidmət göstərdiyi müddətdə özünü çox bacarıqlı, nizam-intizamlı, öz işinin bilicisi olan bir hərbiçi kimi tanıtmışdır. Cəbhənin ən qaynar nöqtələrinə can atırdı. Yeni olmasına baxmayaraq, qısa müddətdə adı hərbi hissənin ən bacarıqlı kəşfiyyatçıları ilə eyni sırada çəkilirdi.

Hərbi Nizamnaməni yaxşı bilir və şəxsi heyyətlə iş aparmağı bacarır, ümumi mənafeyi şəxsi mənafedən üstün tutur, həmçinin tapşırılmış hərbi tapşırığı və verilən hər bir əmri qeyd-şərtsiz, vaxtlı-vaxtında, keyfiyyətlə yerinə yetirirdi.

Doğma vətəni olan Laçın torpaqlarının qəddar erməni quldurlarından təmizlənməsi işində çox fəal iştirak etmiş, şərəfli döyüş yolu keçmiş, kəşfiyyat bölüyünün əsgərləri arasında daha çox hörmət qazanmış Xəqani tezliklə həmin bölüyə komandir təyin edilir. Kəşfiyyat bölüyünün komandiri təyin olunduqdan sonra özünü döyüşçülərə qorxmaz, cəsur, ağıllı və bacarıqlı bir komandir kimi tanıtdı. Ən çətin kəşfiyyat tapşırıqları Xəqaniyə etibar edilirdi. Onun topladığı hərbi sirlər, düşmənin ən gizlin mövqeləri haqqında gətirdiyi informasiyalar çox dəqiq və düzgün olurdu. Komandir kimi əsgərlərlə birlikdə düşmənə qarşı bir çox döyüş əməliyyatlarında fəal iştirak edərək uğurlar qazanmışdır. Hissə komandiri P.Süleymanovun Xəqani Axundov haqqında qaldırdığı vəsadəti oxuyaraq belə nəticəyə gəlmək olur ki, o, cəsur, iradəli, ağıllı komandir kimi çətin məqamlarda heç vaxt özünü itirmir, ağıllı, məqsədyönlü qərar çıxarmağı bacarır. Elə bu səbəbdəndə döyşçülər hər zaman bu bölüyün şəxsi heyyətində kəşfiyyata getməyə can atırdılar. Ağdərənin Dovşanlı, Vəngli, Qızılqaya, Qozlu yaşayış məntəqələri, Laçın rayonunun Ərdəşəvi, Qozlu, Fingə, həmçinin Sarıbaba uğrunda gedən döyüş əməliyyatlarında Xəqani və onun komandiri olduğu bölük xüsusi ilə fərqlənmiş, fədakarlıqları ilə seçilmişlər. Qərargah rəisi Kərimov Mahir Fərhad oğlunun bildirdiyinə görə Xəqaninin başçılıq etdiyi bölüyün qüvvəsi hesabına ermənilərin canlı qüvvələri barədə həmişə onların qərargahı dəqiq məlumatlar əldə etmişdir.

Kəşfiyyat bölüyünə komandir təyin edildikdən sonra Xəqani bölüyün atla təmin edilməsi təklifini irəli sürdü və məqsədinə nail olmaq üçün çalışdı. Atların əldə edilməsi, saxlanılması və yemlə təmin edilməsi işini öz öhdəsinə götürdü. Beləliklə kəşfiyyat bölüyünü atla təmin üçün ilk addım olaraq bir neçə at əldə edildi. Düşmənlərin tutduğu mövqenin arxasına keçən ilk atlı kəşfiyyat bölüyünün üzvləri gecələr atla daha uzaq məsafələri qət edir, bölük komandiri Xəqan erməni dilini yaxşı bildiyindən düşmənin hərbi və mülki sirrlərini araşdırmaq üçün hətta ermənilərlə müxtəlif ərazilərdə dəfələrlə söhbətlər aparmış, geri dönərkən hərbi sirlərlə yanaşı qənimət kimi "canlı dil"də gətirərdi. Bir çox hallarda düşmənin canlı qüvvəsi onun komandanlığı altında elə yerindəcə məhv edərdi.
 Bu gün cəsur döyüşçü Xəqani Axundovun şəhid olduğu gündür - FOTO
Keçirilən bütün hərbi əməliyyatlar zamanı ön cərgədə olan Xəqani Axundova Azərbaycan Respublikası müdafiə Nazirliyinin 31 dekabr 1992-ci il tarixli 01555PM saylı əmri ilə kizir rütbəsi verildi.

Qarabağ müharibəsinin başlandığı ilk günlərdən ermənilər Ağdərə rayonunun Qozlu, Qızılqaya kəndlərini böyük qüvvə ilə müdafiə edir, bu ərazilərdə nəzarəti tam ələ keçirərək buradan qonşu azərbaycanlı kəndlərinə hücum etməyə, günahsız insanları qırmağa başladılar. Bunun qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri 1992-ci ilin yayında təşkil etdiyi hücum zamanı həmin əraziləri erməni işğalçılarından təmizləməyə başladı. Bu kəndlərlə bərabər bu ərazilərə yaxın olan kəndlərin erməni separatçılarından təmizlənməsində Xəqani xüsusi fəallıq göstərmişdir. 1993-cü ilin fevral ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri yenidən hücuma keçərək Qozlu, Qızılqaya kəndlərini yenidən işğal etməyə çalışırdı.

Bu vaxt Xəqani növbəti məzuniyyətə buraxılmışdı. Ana-bacı, qohum-əqraba, tanış bilişlə görüşən qəhrəman döyüşçü 9 fevral 1993-cü il tarixdə axşam televizorda gedən xəbərlərə qulaq asarkən öz eşitdiklərinə inana bilmədi. Uğrunda döyüşüb erməni qəsbkarlarından qarış-qarış təmizlədiyi torpaqlar düşmən tərəfindən yenidən ələ keçirilmişdir. Şən əhval-ruhiyyəsi olan Xəqaninin qaşları çatıldı, baxışları qəzəblə doldu, hirsindən dodaqları titrədi. Naxoş olmasına baxmayaraq gecəni yola çıxmağa çalışdı. Nəqiliyyat vasitəsinin olmaması səbəbindən burada gecələyən Xəqani səhəri bir təhər — sanki tikan üstündə dayanırmış kimi narahat qarşıladı. Səhər erkən, hava işıqlanar-işıqlanmaz döyüş bölgəsinə yollandı.

Qızılqaya və Qozlu kəndləri istiqamətində qızğın döyüşlər gedirdi. Ordumuz Qızılqaya kəndinə üç istiqamətdən hücuma keçmişdi. Xəqaninin başçılıq etdiyi bölük döyüşə sağ cinahdan nəzarət edirdi. Döyüşə qatılan Xəqani ilk andan düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Döyüşçülərimiz ölümün gözünə dik baxaraq, düşmənlərin hücumunu dəf etməyə çalışırdılar. Düşmənə bir daha öz gücünü göstərən Xəqani döyüşçülərimizin tutduqları mövqeyə doğru hərəkət edən düşmənin zirehli maşınını sıradan çıxardı. Xeyli davam edən ölüm-dirim mübarizəsində qəhrəman döyüşçü neçə-neçə düşmən əsgərini yerə sərsədə sonda düşmən gülləsi qəhrəman vətən övladından yan keçmədi, Xəqani çox ağır yaralandı.

Ölüm qabağı hər kəs bir iztirab hissi keçirir, xəyalı ona əziz olan kəsləri axtarır, soraqlayır; ya ata-anası, ya deyiklisi, ya da övladları yada düşür, bir anlıq ona doğma olan hər hansı bir hissi yaşayır. Ancaq Xəqani ölümün caynağında belə bu hisslərdən çox-çox uzaqda olmuş, Vətən, Yurd eşqi hər bir hissdən ona əziz olmuşdur. Bölük komandiri leytenant Məmmədov Canpolad Səlim oğlunun təqdim etdiyi təriqədən oxuyuruq: "Yaralanandan sonra 10 dəqiqəyə qədər yaşadı. Onda da döyüşçülərə mövqe tutmağı əmr etdi." Azğın erməni cəlladları ilə son nəfəsinə qədər döyüşən mətin, mübariz eloğlumuz Vətən eşqini şəxsi mənafeyindən üstün tutdu. Döyüşçü dostları onun həyatını xilas etməyə çalışsalarda güllə öz işini görmüşdü, məğrur və döyüşkən eloğlumuzu ölümün cəngindən almaq mümkün olmadı. Kəşfiyyat bölüyünün cəsur komandiri, gizir Xəqani Həsən oğlu Axundov 10 fevral 1993-cü il tarixdə Qızılqaya kəndi uğrunda gedən döyüşlərdə aldığı ağır yaradan qəhrəmancasına həlak oldu. İgid döyüşçünün şücaət göstərib qəhrəmanlıqla şəhid olması xəbəri həmin gün bütün cəbhə boyu yayıldı. Həmin gün Xəqanigilin ailəsinə bu bəd xəbəri hərbi hissədən telefon vasitəsi ilə çatdırdılar. Laçın rayonunun Ərdəşəvi kəndindən başlayan şərəfli döyüş yolu Ağdərədə, Qızılqaya kəndi ətrafında gedən döyüşlərdə qəhrəmanlıqla sona yetdi. Axundovlar ailəsinin soyadını davam etdirəcək yeganə insan — Xəqani torpaq, vətən yolunda həyatla vaxtsız vidalaşdı.

Xəqani yaradıcılığının bəhrəsi olan, bacılarına xitabən yazdığı "Axtarsın məni" adlı şeri məncə bu məqamda yada salmaq çox yerinə düşərdi.

Uç ey məktub xəbər apar bacıma,
Qəlbində əbədi saxlasın məni,
Köçüb getdim, bəlkə birdə görmədim,
Hərdən qardaş deyib ağlasın məni.

Köçüb getdim, bəlkə birdə görmədim,
Hərdən qardaş deyib ağlasın məni.
Nə vaxt yada salsa, dilə gətirsə,
Sansın hələ sağam, haylasın məni.

Kəmfürsət fələyin əlində qulam,
Özüm təbiətə elə vurğunam.
Ümmandan buğlanıb dolmuş buludam,
Quraq səhralarda axtarsın məni.

Özü ilə bağlı kədərli və kövrək xatirələr qoyub gedən Xəqani təkcə bacılarının qəlbində deyil, Qasımuşağı obasının əhalisi timsalında bütün laçınlıların qəlbində əbədi yaşayacaqdır. Bu gün də onun vətən sevgisi, yurd həsrəti, el-oba qayğısı hər kəsin yadındadır və bu qəhrəman el oğlu indi də sevilir, unudulmur və unudulmayacaq.
Subay idi. Evdə ana və bacıları dəfələrlə təkid etsələrdə evlənməmiş, istəklisi olsada ailə qurmamışdı.

1993-cü il fevral ayının 12-sində Xəqaninin cənazəsi Bakının Səbail rayonunun ərazisində yerləşən Şəhidlər Xiyabanında dəfn edildi. Bir iradəli, igid, cəsur vətən övladı doğmalarla, qohum-əqraba ilə vidalaşdı, ana torpağa tapşırıldı. Görəsən bu məğlubiyyətmi? Xeyr, bu bizim – döyüşən mərd oğlulların məğlubiyyəti deyil. Şəhidlik ali, əlçatmaz zirvədir, ölümsüzlükdür. Döyüşən cəsur igidlərimiz heç kimin torpağına hücum etməmiş, əksinə, Vətənimizə, üzərinə şəhid qanı axıdılmış torpaqlarımıza sahib çıxmağa çalışan qarı düşmənin qarşısına alnıaçıq, üzüağ çıxaraq Vətən, torpaq yolunda döyüşdülər. Onlar həyatlarını qurban verərək ölümsüz bir həyat qazanaraq əbədiyyətə qovuşdular.

Qarabağ bölgəsində gedən ağır döyüş əməliyyatlarında rəşadət göstərən igid bir döyüşçünün şərəfli döyüş yolunun son səhifəsi bax beləcə tamamlandı. Xəqani Axundovun keçdiyi şanlı döyüş yolu digərləri üçün örnək olmaqla yanaşı onun qəhrəmanlığı, igidliyi, mərdliyi komandanlıq tərəfindən hələ sağlığında dəfələrlə yüksək qiymətləndirilmişdir. Ancaq muqəddəs amal, müqəddəs vətən torpağının toxunulmazlığı uğrunda vuruşan Xəqani heç vaxt ad-san, şan-şöhrət üçün vuruşmadı.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 2257 saylı sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə gizir Axundov Xəqani Həsən oğlu ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Cavanşirlər, Babəklər, Koroğlular soyundan olan azərbaycanlı oğullar Vətənin bir qarış torpağı üçün bu torpağı qanları ilə suvarıb, həyatlarını qurban verdilər. Təəsüflə deməliyik ki, bu gün Xəqani kimi yüzlərlə vətənpərvəri olan doğma Vətənimizin torpaqları hələ də işğal altındadır, əsirlikdə olan qız-gəlinlərin yollara dikilən baxışları hər zaman bizləri, Vətən oğullarını axtarır, gözləri həsrət dolu yollara dikilib. Odur ki, mətin və iradəli olmaq, igid, qəhrəman oğullarımızın döyüş yollarını davam etdirmək bu günkü gəncliyin, qorxmaz, cəsur vətən övladlarının çiynində ağır bir yük olaraq qalır.

Tarix boyu cəmiyyətin inkişafı zamanı yer üzünün əşrəfi olan insanlar şəhidlərə nümunə kimi baxmış və onlardan ibrət almağa çalışmışlar. Bizim də yeganə təsəllimiz ondan ibarətdir ki, şəhidlərimiz Azərbaycanın müstəqilliyi, sərhədlərimizin tamlığı, torpaqlarımızın azadlığı uğrunda cismən həlak olublar, mənən isə onlar bizlərin Bu soyadı kim daşıyacaq? — Bu gün cəsur döyüşçü Xəqani Axundovun şəhid olduğu gündür - FOTOqəlbində əbədiyaşardır. Nə qədər Vətən var, biz yaşayırıqsa şəhidlərimiz yaşayacaqdır. Və sonda inanırıq ki, vaxt gələcək düşmən tapdağında olan torpaqlarımız azad ediləcək, erməni terrorçularının ayağı Qarabağ adlı torpaqlara bir daha dəyməyəcək.

Şair ruhlu döyüşçü həmyerlimiz Xəqani Axundova allahdan rəhmət diləyirik. Qəbri nurla dolsun! Biz hər birimiz Səninlə qürur duyuruq…!
 Bu gün cəsur döyüşçü Xəqani Axundovun şəhid olduğu gündür - FOTO
Sultan HÜMBƏTOV
Laçın yurdu - №1(8), 2013-cü il, səh.52


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi