Akif Aşırlı: “Yerlər səhv düşəndə problemlər yaranır”
“Bu ocağı daim yanan görək, külü ilə oynamayaq”
“Azərbaycan Türk ocağı” bərpa edilib. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qurumun yeni başqanı seçilib. Onunla öz ofisində “Türk ocağı”nın gələcək hədəfləri, görəcəkləri işlər və Azərbaycan mediasının bu günü ilə bağlı geniş söhbət etdik.
- Akif bəy, “Azərbaycan Türk Ocağı” təşkilatının bərpası hansı zərurətdən doğdu?
- “Türk ocağı” böyük tarixi və missiyası olan bir təşkilatdır. Türk dünyasının tarixində, müstəqil türk cümhuriyyətlərinin yaranmasında böyük bir rol oynayıb. Əsası 1911-ci ildə Əhməd bəy Ağaoğlunun İstanbuldakı evində qeyri-rəsmi şəkildə qoyulub. Həmin dönəmdə Türkiyə çox ciddi sıxıntılar keçirirdi, etnik münasibətlərdən doğaraq, qardaş ölkə parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Bunların qarşısını almaq üçün belə bir ziyalılar hərəkatı yaradıldı. Prosesi istanbullu tibbiyə tələbələr başlatmışdı. 190 nəfər olan bu tələbələr ziyalıların bir yerə yığılması və parçalanma təhlükəsinin qarşısını alınmasında əsas rol oynadılar. Bir növ bu təşkilat zərurətdən yaradılmışdı. 1912-ci ildə bu “Türk ocağı” rəsmi şəkildə quruldu, yayım orqanları, şöbələri yaradılıb. Onun quruluşunda Azərbaycan türklərinin, Rusiyadan köç etmiş türk aydınların da böyük rolu var. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif Akçura və digər ziyalıların təşkilatın yaradılmasında böyük rolları var. Zəki Vəli Toğanın, Məhəmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin fəaliyyəti də “Türk ocağı” ilə bağlı olub. Rəsulzadə sosial demokrat platformasından milliyyətçi platformaya məhz bu təşkilatda olarkən keçib. Hətta orada bir neçə ilə fəaliyyət göstərərək, bu milliyyətçi qurumun yayım orqanları ilə əməkdaşlıq edib. Onun məqalələri də “Türk ocağı” yayımlarında nəşr olunub. Düşündük ki, qlobal dünyada yaşayırıq, milli-mənəvi dəyərlərin yerinə Qərb dəyərləri adı altında başqalarını qoyur, cəmiyyəti parçalamağa çalışır və çeşidli problemlər yaradırlar. Milli ruhun burada sağlam tutulmasına çox ciddi ehtiyac var. Amma onu xüsusi qeyd edim ki, 1918-ci ilin sentyabrından başlayaraq bu təşkilat Azərbaycanda qurulub. Əhməd Cavad, Abdulla Şaiq, Abbasqulu Kazımzadə Cümhuriyyət hökumətinə müraciət edərək Azərbaycan “Türk ocağı”nın qurulmasına icazə istədilər və buna nail oldular. Cümhuriyyət dövründə müstəqil şəkildə bu təşkilat quruldu. Türkiyədəki “Türk ocağı”nın klassik modeli əsas götürüldü. Cümhuriyyətin varisi olan bir dövlətin vətəndaşları üçün bu qurumun bərpasını vacib saydıq.
- Niyə məhz Akif Aşırlı başqan oldu?
- Mən də sizə sual edirəm, niyə də olmasın? Məndən öncə bəlkə də kimlərsə bu təşkilatın bərpası təşəbbüsü ilə çıxış edib. Düşüncələrimə, gəldiyim yola, apardığım tədqiqat sahəsinə və fəaliyyətimə görə bərpa təşəbbüsü ilə çıxış etdim. Dəyərlərimizin mühafizəsi baxımından kimsə bunu həyata keçirməli idi, bu missiya mənim boynuma düşdü. Rəsmi formada bərpa qrupu yaratdıq. Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, millət vəkillərimiz Əflatun Amaşov, Qənirə Paşayeva, Cavanşir Feyziyev, tanınan və hörmət edilən tarixçi alim Firdovsiyyə Əhmədova, şair-alim İrfan Ciftçi, ATİB başqını Camal Yanğın Azərbaycan “Türk ocağı”nın bərpaçıları oldu.
- Qərb dəyərlərinə tez-tez eyham vurursunuz. Son olaraq, AXCP funksioneri Fuad Qəhrəmanlı ətrafında baş verən olaylar onu göstərmədimi ki, artıq bu dəyərlər ölkəmizin daxilində kök salmaqdadır...
- Bayrağımızdakı müasirləşmə qərbçilik kimi yozulur. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Qərb dəyərləri dedikdə elmi, texniki inkişafı nəzərdə tuturdular. Əli bəy islam imanlı, türk qanlı və “Firəng qiyafəli” fədailərin lazım olduğunu deyirdi. İnkişaf üçün təklif edilən qərbləşmə modeli çox normal bir şeydir. Amma uzun illər formalaşan milli-mənəvi dəyərlər sistemi, ailə modeli var. Biz bu dəyərləri çıxdaş edib yerinə başqa dəyərləri gətirmək olmaz. Bu məsələ çox ciddidir. Ənənələrin itməməsi, dəyərlərin qorunması baxımından hələ çox işlər görməliyik.
- Feministlərin sayı ölkəmizdə sürətlə artır. Bu, dəyərlərimizə təsirin sübutu deyilmi?
- Feminizmə Qərbdə həm nəzəriyyə, həm də cəmiyyətlərə tətbiq edilən bir vasitə kimi baxılır. Əhməd bəy Ağaoğlunun ilk əsərlərindən biri “İslamda qadın və İslama görə qadın” adlanırdı. İslamın qadın həyatına gətirdiklərini, cəmiyyətin inkişafında qadının önəmli rolunu qələmə alırdı. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, hətta Cəlil Məmmədquluzadə qadın azadlığının hər zaman tərəfdarı olublar. Bu böyük şəxsiyyətlər “Savadlı ana savadlı cəmiyyətdir” tezisini irəli sürüb, müdafiə ediblər. Cəmiyyətdə o zaman nizamlı inkişaf prosesi gedir ki, ailədə, cəmiyyətdə və dövlət idarəçiliyində hər kəs yerində olsun. Yerlər səhv düşəndə belə problemlər yaranır.
- “Azərbaycan Türk ocağı” ictimai, yoxsa siyasi təşkilat olacaq?
- Bu ictimai təşkilatdır. Fəaliyyət istiqaməti elm, mədəniyyət, tariximizin tədqiqidir. Türk kültürünün xarici təsirlərdən mühafizəsi bizim üçün olduqca vacib olan amillərdən biridir. Türkün tarix boyunca bir ordusu, bir də mükəmməl ailə modeli olub. Bu iki prinsip tarixdə türklərin yerini hər zaman zirvədə tutub. Amma bəzən görürsən ki, bu nizam pozulur. Çalışırıq ki, hər zaman o dəyərlərə sadiq qalaraq, Azərbaycanın Türk dünyasında yerinin möhkəmliyinə töhfəmizi verək.
- İctimai təşkilat kimi qalmağınız mümkünsüz deyilmi? Çünki adına baxanda bəzi anlarda siyasi təşkilat rolunu da oynaya biləcəyi təəssüratı yaradır...
- Amacımız siyasətlə məşğul olmaq deyil. “Azərbaycan Türk ocağı”nın Cümhuriyyət dövründəki iki illik fəaliyyətini götürsək, onlar sadəcə elm, təhsil alanında, bir də siyasi nəzəriyyələrin Azərbaycanda mənimsənilməsi kimi maarifçilik missiyasını həyata keçiriblər. Bu gün də buna çox böyük ehtiyac var. Azərbaycan “Türk ocağı”nın Bakıda ilk konfransını Məhəmməd Əmin Rəsulzadə keçirib, tədbirin materialları “Azərbaycan” qəzetində noyabr ayında silsilə çap edilib. Orada Azərbaycanın müasir dünyada yerini müəyyən etmək üçün bir neçə istiqamətdə fəaliyyət göstərməsi kimi təkliflər irəli sürülür. Maarifçilik missiyası o zaman da daim öndə idi. Biz indi bu missiyanı həyata keçirməyə çalışırıq. Siyasi proseslərlə məşğul olmaq fikrində deyilik. Amma bir faktı deyim ki, Atatürk dönəmində “Türk ocağı” Cümhuriyyət Xalq Partiyasına birləşərək onların sosial bazasını formalaşdırdı. Ötən əsrin 40-cı illərinin ortalarından etibarən müstəqil fəaliyyətlərini bərpa etdilər. Yəni ortada siyasi fəaliyyətlə məşğul olmaq kimi tarixi örnək var. Amma bizim məqsədimiz ictimai birlik kimi müstəqil fəaliyyət göstərməkdir. Qeydiyyat üçün sənədləri hazırlayıb Ədliyyə Nazirliyinə göndərəcəyik.
- Gələcək proqramınız varmı?
- Müəyyən hədəflərimiz var. Əsas vəzifəmiz milli ruhu hər zaman sağlam tutmaqdır. Eyni zamanda milli dəyərlərimizə yönəlik zərbələrin qarşısını almaq üçün tədbirlər keçirməyi qarşımıza məqsəd qoymuşuq. Böyük tarixi şəxsiyyətlər var ki, sosial şəbəkələrdə bəzən müzakirə mövzusuna çevrilirlər. Həmin şəxsiyyətlərin tarixdəki rolu, xalqımız üçün töhfələrini təhlil edib, cəmiyyətə çatdırmaq istəyirik. Yaxın zamanlarda xeyli sayda sağlam düşüncəli ziyalılarımızı “Azərbaycan Türk ocağı”nın ətrafında görəcəyik. Keçirəcəyimiz tədbirlərdə cəmiyyətə müsbət mənada verəcəyimiz xeyri hər kəs görəcək. Bəri başdan bunu demək istəməzdim. Hər halda, fikrimiz var ki, bu ocağın işartısı Bütöv Azərbaycanı, türk dünyasını əhatə etsin. Bu ocağı daim yanan görək, külü ilə oynamayaq.
“Klassik media ənənələri Azərbaycanda qorunmalıdır”
- Bütöv Azərbaycan dediniz, təşkilatın Cənubi Azərbaycanla bağlı fəaliyyəti nədən ibarət olacaq?
- Rəsulzadə “Türk ocağı” yarandığı vaxt Şeyx Cəmaləddin Əfqaninin “Milli birlik fəlsəfəsi”ni tərcümə edib çap etdirib. Qafqaz türkləri ilə bağlı da silsilə məqalələr yazmışdı. Güney üzərində çalışmalar hər zaman “Türk ocağı”nın əsas diqqətində olub. Bizim də diqqətimizdə təbii ki, Azərbaycanın bütövlüyü və dövlətçiliyinin qorunub saxlanması istiqlalı əsas yerdədir. Təkcə Cənubi Azərbaycan deyil, Dağıstanda və Borçalıda yaşayan Azərbaycan türkləri, itirilmiş torpaqlarımızla bağlı məsələlər ön sırada dayanır. İmkanlarımız yetsə, Orta Asiyadakı türk cümhuriyyətlərindəki milli dərnəklərlə, milli təfəkkürlü insanlarla bir araya gələcəyik.
- Təşkilatın maliyyələşməsi necə olacaq?
- Maliyyə məsələsini hələ ki nəzərdən keçirməmişik. Böyük bir maliyyəyə ehtiyacımız da yoxdur. Kiçik bir məbləğin hesabına bir araya gəlmişik. Tədbiri də bununla keçirdik. Ədliyyə Nazirliyində qeydə alsalar, QHT Fondunun maliyyəsindən yararlanmaq fikrindəyik. Qeyd edim ki, Türkiyədəki “Türk ocağı” mərkəzi qərargahı bizə çox böyük etimad göstərdi. Onlara təşəkkür edirəm. Türkiyədə bu “ocağ”ın 60-dan çox şöbəsi var, bəzi Avropa ölkələrində də fəaliyyət göstərirlər. Birlikdə Türkiyədə və Azərbaycanda tədbirlər keçirməyi planlaşdırırıq. Bu imkanlardan yararlanaraq, dövlətimiz və xalqımız üçün milli maraqlarımızı öndə tutaraq layihələr həyata keçirəcəyik.
- Maliyyə dediniz. Sirr deyilsə, bu, təşkilatçılar tərəfindən, yoxsa kiminsə vasitəsilə əldə olundu?
- Özümün kiçik maliyyə hesabımla baş tutdu. Yer tutmaq, dəvətliləri çağırmaq elə də böyük maliyyə tələb etmir. Maliyyə gələcəkdəki böyük tədbirlərdə, layihələrdə tələb oluna bilər. Kənardan bizə qatılacaq və dəstək verəcək insanlar da yox deyil. Onların yardımları, dəstəyi hesabına ümumi işimizi genişləndirə bilərik. Dövlətimizin bizə verəcəyi dəstəyi də gözləyirik. Biz QHT kimi qeydiyyata alınsaq, ondan sonra fəaliyyətimizi genişləndirmək imkanlarımız artacaq.
- Təşkilatların ölkəmizdə qeydiyyata alınmalarında bəzi problemlər var. “Azərbaycan Türk ocağı” da bu problemi gözləyirmi?
- Düşünmürəm ki, olsun. Çünki bərpaçıların sırasında üç millət vəkili var. Bunlar kifayət qədər ölkədə və türk dünyasında tanınan insanlardır. Rəsmi şəkildə həm də əlimizdə tarixi sənədlər var. Bu təşkilat Xalq Cümhuriyyəti dövründə rəsmi olaraq fəaliyyət göstərib. Müasir Azərbaycan dövləti Cümhuriyyətin varisidirsə, niyə də qeydiyyatda problem yaransın? İnanmıram ki, dediyiniz kimi olsun. Bərpa konfransından sonra xeyli sayda insanlar zəng edirlər, dəstəklərini nümayiş etdirirlər, əsas da ziyalılar. Çünki onlar tarixi yaxşı bilirlər. Biz onları sıralarımızda görməkdən məmnun olacağıq.
- Bu istiqamətdəki fəaliyyətinizdə uğurlar arzulayırıq. “Şərq” qəzetinə gəlib mətbuatdan danışmamaq mümkün deyil. Səhv etmirəmsə, həftədə 5 deyil, 3 gün qəzet çıxır. Maliyyə məsələsində bu, problem yaradırmı?
- Əlbəttə. Çap mətbuatının vəziyyəti bütün dünyada ağırdır. Yeni media sürətlə inkişaf edir. Hesab edirəm ki, klassik media ənənələri Azərbaycanda qorunmalıdır. Bizdə yeni media ənənələr hələ yeni-yeni formalaşır. Məktəbi də tam formalaşmayıb. Metodkası da yoxdur. Əsas mətbuat orqanlarının başında bu gün klassik mediadan gələnlər durur. Jurnalist peşəkardırsa, onun məhz kökündə peşə dəyərləri, peşəyə hörmət dayanır. Bunlar klassik medianın formalaşdırdığı dəyərlərdir. Ona texnoloji baxımından nələrisə əlavə edə bilərik, amma bütövlükdə sistemli dəyişə bilmərik. Saytımızı artıq aktivləşdirmişik. “Şərq”i çətinliklə də olsa, yaşatmağa çalışırıq. Maliyyə imkanlarımız o qədər də böyük deyil. Reklam gəlirlərimiz də yoxdur. Oxucular üçün gərək qəzet köşkləri olsun. Qəzetlər peşə dəyərlərini hər zaman qoruyur. Dünyada qəzetlərin yaşaması necədir, 70 faiz reklamdan, 30 faiz qəzet satışından maliyyə gəlir. Ölkəmizdə 10-a yaxın qəzet var ki, satışın 30 faizi üstələyir. Hər birinin, sadəcə, reklam gəlirləri yoxdur. Bunu nəzərə almaq lazımdır. Ölkə prezidenti sağ olsun, KİV-lərə Dəstək Fondunu yaratdı. Maliyyə sıxıntılarını ayrılan maliyyə dəstəyi və abunə gəlirləri ilə aradan qaldırmağa çalışırıq.
- Sayt variantını dediyiniz kimi aktivləşdirmisiniz. Yeni media isə sürətlidir. Ayaqlaşa bilirsiniz?
- Çox çətindir. Biz medianın iki meydançasında oynayırıq. Çətinlikdə də olsa, çap mediasını saxlayırıq. Azərbaycanda bu sahədə ciddi rəqabət var. Biz “Şərq”in internet variantında öndə olmağı qarşımıza hədəf qoymamışıq. Amma istəyimiz, gücümüz kollektivin peşəkarlığı buna çatır. Əsas hədəfimiz olanımızı qoruyub saxlamaqdır. Bunu isə nə dərəcədə və nə vaxta qədər qoruyacağımızı deyə bilmərəm.
Cavanşir ABBASLI,