azia.az
azia.az

Bayrağımızın üç rənginin ideoloqu kimdir?

13-11-2018, 08:50

Bayrağımızın üç rənginin ideoloqu kimdir?

Anar İsgəndərov: “Həm Əli bəy Hüseynzadə, həm Ziya Göyalp, həm də Məhəmməd Əmin Rəsulzadə prinsip etibarilə bir-birindən fərqli düşüncə ortaya qoymayıblar”
Azərbaycanda 9 noyabr Dövlət Bayrağı Günü bəzi müzakirələr maraq doğurub. Bəziləri qeyd edib ki, bayrağın banisi Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadədir. Digər tərəf isə bayrağın banisi kimi türk dünyasının böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin adını qeyd edib. Bəs əslində həqiqət necədir və bu cür fikirlər hansı tarixi hadisələrdən qaynaqlanır?
Bayrağımızın üç rənginin ideoloqu kimdir?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan tarix elmləri doktoru, professor Anar İsgəndərov həmin dövrün tarixini anlatdı. Tarixçi bildirdi ki, əslində Rəsulzadə və Əli bəy Hüseynzadənin arasında fikir ayrılığı olmayıb: “1908-ci ildə ”Füyuzat"da Əli bəy Hüseynzadə, gələcəkdə qurulacaq olan cümhuriyyətin bayrağının hansı rəngdə olmalı olduğunu yazdı. Bu, türkləşmək, islamlaşmaq, müasirləşmək idi. Sadəcə olaraq, Əli bəy Hüseynzadənin verdiyi bu formada avropalaşmaq, müasirləşmək üçüncü gəlirdi. Yəni bayrağın qırmızı rəngi ikinci deyil, üçüncü göstərilirdi. 1915-17-ci illərdə, Məhəmməd Əmin Rəsulzadə yenidən bu məsələyə qayıdan zaman fərqli fikir ortaya qoydu. O, zamanı nəzərə alaraq, müasirləşməyi ikinci yerə çəkdi. Yəni qırmızı rəngi ikinci olaraq qeyd etdi. Çünki Birinci Dünya müharibəsi başlanandan sonra hamı bilirdi ki, dünyanın siyasi xəritəsinə dəyişiklik edənlər Qərb dövlətləri, yəni Avropa olacaq. Avropalaşma da nə qədər xeyir və nə qədər ziyandırsa, Rəsulzadə bunu izah edirdi. İzahı verəndə artıq demokratiyanın beşiyi olan Avropanın bir tərkib hissəsi olmağını nəzərə alaraq deyirdi ki, Əli bəy Hüseynzadənin təqdim etdiyi formulada birinci yer dəyişməsin - türkçülük olsun. Rəsulzadə ikinci yeri müasirləşməyə, üçüncü yeri isə islamlaşmağa verirdi. Əli bəy Hüseynzadənin verdiyi düsturla Rəsulzadənin düsturu arasında fərq nə idi? Deyim ki, Əli bəy Hüseynzadə qeyd etdiyimiz düsturu verən zaman hələ Birinci Dünya müharibəsi başlamamışdı və dünya dövlətlərinin siyasi xəritəni cızan zaman nəyə nail ola biləcəklərini Hüseynzadə o vaxt bilə bilməzdi. Əli bəy Hüseynzadə hələ bir qədər sonra Balkan müharibələrinin iştirakçısı olacaq, bundan sonra isə Birinci Dünya müharibəsi başlayacaqdı. 1918-ci ildə müharibə bitdikdən sonra Osmanlı bu müharibədən məğlub kimi çıxdı. Biz isə bundan sonra üzümüzü Avropaya çevirdik. 1920-ci il yanvar ayının 11-də Paris sülh konfransının Ali Şurası bizi tanıyanda özümüzü çox xoşbəxt saydıq. Eynilə 2001-ci ildə biz Avropa Şurasına daxil olan zaman da belə oldu. Eyni şeydir. Hələ Avropa Şurasına daxil olmağımız 21-ci əsrdir. Cümhuriyyət dövründə baş verən hadisə isə bu demək idi ki, ilk dəfə olaraq bütün ərazimiz Azərbaycan adı altında tanınıb. Bu mənada da təbii ki, Rəsulzadə dövrün siyasi mənzərəsini nəzərə alaraq, müasirləşməni ikinci etdi. Həqiqətən də düz etdi. Ona görə yox ki, bunu biz deyirik. Yəni həyat da göstərdi ki, Rəsulzadənin atdığı addım çox doğru idi".


Tarixçi bildirib ki, Əli bəy Hüseynzadə yazısında qeyd edirdi ki, biz avropalıları istəmirik, ancaq Avropa dəyərlərini hər zaman qəbul etməyə hazırıq: “Yəni Avropa düşüncəsi bizə lazımdır, lakin Avropa bizi öz siyasi maraqlarının təsiri altına salmasın. 1918-ci ilin 17 noyabrında general Tomson Bakıya daxil olan zaman ona deyirdik ki, heç zaman Böyük Britaniyanın müstəmləkəçilik əhval-ruhiyyəsini qəbul edə bilmərik və onun müstəmləkəsi də olmaq istəmərik. Doğrudan da belə oldu. Tomson noyabrda gəlib dedi ki, Azərbaycan hökumətini tanımır, dekabr ayında isə əksini söylədi. Bütün bunlar onu göstərir ki, həm Əli bəy Hüseynzadə, həm Ziya Göyalp, həm də Məhəmməd Əmin Rəsulzadə prinsip etibarilə bir-birindən fərqli düşüncə ortaya qoymayıblar. Aralığında heç fikir ayrılığı da olmayıb. Sadəcə, burada söhbət, şəraitə uyğun fikirdən gedirdi. Birinci Dünya müharibəsindən sonra xeyli imperiya çökdü. Əlbəttə ki, bütün bunlardan sonra siyasi irəliləyişə, siyasi qərara yenidən baxmağa ehtiyac vardı. Rəsulzadə də bunu etdi. Nə o dövrün sənədlərində, nə də mühacirət dövrünün sənədlərində bu məsələ ilə bağlı Əli bəy Hüseynzadə ilə Rəsulzadə arasında fikir ayrılığı olmayıb. Hər ikisi nəzəri cəhətdən 1918-ci il mayın 28-nə qədər bu nəzəri fikri irəli sürmüşdülər. Lakin 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti elan olunan zaman biz ilk dəfə Osmanlı bayrağına oxşar bayrağı qəbul etdik. Təbii ki, Osmanlı müharibənin iştirakçısı kimi məğlub oldu. Artıq Azərbaycan Cümhuriyyəti rəhbərliyi də vaxtilə nəzəri cəhətdən işləmiş olduğu bayrağı ortaya qoydu. Həm də bu bayraq hamının olub. Bu, bir nəfərin olmayıb”.

A.İsgəndərov qeyd edib ki, bayrağımız bütün Azərbaycanın bayrağı olmasaydı, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini elan edən zaman 3 rəngli bayrağı qəbul etməzdi: “1991-ci ildə 3 rəngli bayrağımızı qəbul edən zaman da heç bir fikir ayrılığı olmadı ki, hansı rəngi necə edək. Cümhuriyyətdən bizə verilən bayraq necə idisə, bu gün də o cürdür. Həyat da göstərdi ki, biz şərqli düşüncənin sahibi olaraq, Qədim və Orta Şərqlə nə qədər çox öyünürüksə öyünək, bu gün hansısa prosesin həllində Avropa ilə məsləhətləşirik. Yəni Avropa dəyərlərini istəyirik. O dəyərləri istəyirik ki, bu, bizim dəyərlərin əleyhinə deyil. Həmin dəyərlərdir ki, orada demokratiya, ədalət, xalqların bərabərliyi var. Fransa burjua inqilabının dəyərlərindən biri bunlardır. Lakin Fransa burjua inqilabına qədər də bu dəyərlər bizdə vardı. Çünki Azərbaycan islamı qəbul etdikdən sonra ən yüksəkdə islami dəyərlər gəldi. İslami dəyərlərə görə də insan-insanı istismar edə bilməz, zülm edə bilməz, haqqını yeyə bilməz, böyüyün öz yeri, kiçiyin öz yeri var. Bizim bayraqda da bir rəng islami dəyərlərlə bağlıdır. Təbii ki, türkçülük də Azərbaycan xalqının dünyaya verdiyidir. Cümhuriyyət də 114-cü türk dövlətidir. Dünya düzəninin qurulmasında türk dövlətlərinin böyük tarixi olub. Onun ən böyük imperiyası Osmanlı idi. Osmanlının da dünyanın 3 qitəsində torpağı vardı. Ancaq orada ədalət, haqq, şəriət və şəriətin qanunları vardı. Osmanlıda qeyri-müsəlmanlara yuxarıdan aşağı baxılmırdı. Əksinə, qeyri-müsəlmanlara qoyulan vergi daha az idi. Dünyanın hansı ölkəsində fəth olubsa, onların kilsəsi, sinaqoqu dağıdılmayıb. İlk cümhuriyyəti də Allah bizə nəsib etdi. Bizim cümhuriyyətimiz qurulan zaman da rəngindən, irqindən, cinsindən asılı olmayaraq Azərbaycan cümhuriyyətində yaşayan bütün insanlar qanun qarşısında bərabər elan olundu. 1920-ci il aprelin 28-nə qədər də bu qanunlara riayət edildi”.

Əli RAİS,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi