Tale Bağırzadənin həyat yoldaşına cinayət işi açıldı
Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə haqqında cinayət işi başlanıb.
Bu barədə Azadlıq Radiosuna hüquq-mühafizə orqanlarından bildirilib.
“Cinayət işi Qobustan həbsxanasına – Taleh Bağırovun yanına telefon keçirmək cəhdi ilə bağlıdır. Uzun müddət Ədliyyə Nazirliyinin istintaq idarəsində araşdırmalar getdi. Ekspertiza təyin edildi və rəy alındı. Yekunda belə nəticəyə gəliblər ki, Leyla İsmayılzadənin əməlində cinayət tərkibi var. İşin istintaqı da həmin idarədə aparılır. Artıq istintaq yekunlaşmaq üzrədir və yaxın günlərdə Cinayət Məcəlləsinin 317-1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) ittiham elan edib, iş məhkəməyə göndəriləcək”, – deyə bildirilib.
Leyla İsmayılzadə isə deyib ki, istintaqın gedişi, ona ittiham verilməsi kimi məsələlərdən xəbəri yoxdur. Lakin müstəntiq onunla əlaqə saxlayaraq, sentyabrın 27-də Ədliyyə Nazirliyinin istintaq idarəsinə çağırıb: “Sabah idarəyə gedəcəm”.
Leyla İsmayılzadə əlavə edib ki, sözügedən məsələ ilə əlaqədar bundan öncə də iki dəfə dindirilib.
Qeyd edək ki, Penitensiar Xidmət martın 21-də Leyla İsmayılzadə barədə məlumat yayıb. Məlumatda bildirilib ki, o üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib. Onun tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilib. (qafqazinfo)