Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov : Əsrin müqaviləsi - əsrə bərabər 25 il
Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühası olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir.
Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrindən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Hələ 80-ci illərin axırlarından aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu. Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu.
«Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütövlükdə ölkə iqtisadiyyatı inkişaf etdi. Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi. Bir sözlə, bu müqavilənin imzalanması müstəqil Azərbaycanın inkişafının əsasını təşkil etdi. Bunun nəticəsində də, artıq 2009-2010-cu illərdə biz artım templəri üzrə MDB məkanında öndə gedən ölkə olduq. Bu illərdən başlayaraq sərmayələrin böyük axını qeyri-neft sektoruna yönəldi, xalqın və respublikanın rifahının yüksəlməsinə gətirib çıxardı. «Əsrin müqaviləsi»nin imzalanmasının ən böyük nailiyyəti isə bu oldu ki, biz ictimai-siyasi sabitliyə nail olduq, iqtisadi inkişaf başladı, eyni zamanda iqtisadi təhlükəsizlik yarandı ki, Azərbaycan bunun sayəsində nəinki neft sənayesində, qeyri-neft sektorunda da sərmayəçilər üçün əlverişli və cəlbedici ölkəyə çevrildi. Bu çox mühüm faktdır. Məhz bunun nəticəsidir ki, misal üçün ölkə iqtisadiyyatının müxtəlif sahələrinə daxili və xarici sərmayələrin həcmi 2014-cü ildə 21 milyard dollar təşkil etdi. Əlbəttə ki, bu nailiyyətlərin əsasında «Əsrin müqaviləsi» dayanır. Bütün bunlara, yəni tarixi, siyasi, iqtisadi və beynəlxalq əhəmiyyətinə görə 1994-cü il sentyabrın 20-da imzalanmış neft müqaviləsi «Əsrin müqaviləsi» adlandırılır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış "Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Amma “Əsrin müqaviləsi”nin əhəmiyyəti neft və qazın satışından əldə edilən maddi gəlirlərlə məhdudlanmır. Bu müqavilənin sayəsində Azərbaycan özünü xarici investorlarlar üçün etibarlı ölkə kimi tanıtdı, bu isə ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə yol açdı.“Əsrin müqavilsi” sayəsində Azərbaycan yalnız öz enerji təhlükəsizliyini təmin etməklə qalmayib, eləcə də Avropanın enerji təhlükəsiziliyinin təminatında iştirak edir. Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, əgər keçmişdə bizim ölkənin təşəbbüsləri regional kontekstdən kənara çıxmırdısa indi, mövqe, addımları və təşəbbüsləri qitənin enerji xəritəsinə mühüm dəyişikliklər gətirir. Ölkə başçısı hər zaman neftçilərlə görüşündə deyir ki, bizim məqsədimiz neftdən gələn gəlirləri Azərbaycan xalqının gələcək rifahına yönəltməkdən ibarətdir.
2 il bundan öncə sentyabrın 14-də Bakıda ölkəmiz üçün tarixi əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib yenidən işlənmiş saziş imzaladı. Bu saziş şübhəsiz ki, 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektdə davamıdır. Həmin il ölkəmiz üçün 2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi ilə də əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt bəs etdi. Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır.
Ümummilli liderin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycanda "Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Bu gün ölkəmizdə neft sahəsində uğurların əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, payı var. Qəhrəman neftçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, onlara Azərbaycan neft-qaz sənayesinin tərəqqisində yeni-yeni uğurlar arzulayıram.
YAP Pirallahı rayon şöbəsi