azia.az
azia.az

Şəkidə kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

28-08-2019, 18:03


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
Şəkidə kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
Avqustun 25-i Şəki şəhərində yerləşən "Firuzə” şadlıq sarayında keçirilmiş toy məclisində iştirak edən təxminən 400 nəfər qonaqdan 57 nəfərinin (24-ü qadın, 1-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət etmişdir.
Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilmiş, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülmüş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.
Fakta görə polis şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları qəbul etdikdən sonra halları pisləşmiş, dərhal rayon mərkəzi xəstəxanasına müraciət etmiş və ilkin tibbi yardım göstərilməklə evə buraxılmışdır.
Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi