azia.az
azia.az

Jurnalistikanın prinsiplərinə necə əməl olunur?

4-08-2020, 10:39


Akif RÜSTƏMOV
BDU-nun professoru
Jurnalistikanın prinsiplərinə necə əməl olunur?


Nəşrə başlayan hər bir qəzet qarşısına məqsəd qoyur. Və bu məqsədə çatmaq üçün dünya təcrübəsinə söykənən jurnalistikanın prinsiplərinə əməl etməlidir.

Bəs, görəsən jurnalist qəbul olunmuş prinsiplərə əməl edirmi? Birmənalı cavab verib “edir” və ya “etmir” demək düzgün olmazdı. Jurnalist var ki, öz yaradıcılığında prinsiplərə söykənir, jurnalist də var ki, prinsiplərdən qaçır, özü istədiyi kimi hərəkət edir. Onun məqsədi qarayaxmaq, faktı özünə sərf elədiyi kimi oxuculara çatdırmaq, lazım gələndə şərh etmək, bir sözlə, aranı qızışdırmaqdır. O, bununla yalnız öz çevrəsinin “hörmətini” qazana bilər.

Prinsip (latın sözü olub “əsas”, “özül”, “başlanğıc”, “əqidə”) dərk edilmiş, rəsmiləşdirilmiş fəaliyyət qayda-qanunu, jurnalistika fəaliyyətinin metodoloji əsası deməkdir. Jurnalistikanın prinsipləri dedikdə onun nəzəri və əməli işinin əsasları nəzərdə tutulur.

Sovetlər Birliyi dövründə jurnalistikanın prinsipləri Kommunist Partiyasının prinsiplərinə, ideologiyasına tabe idi. Partiyalılıq müəyyən sinfin mətbuatının mahiyyətini, onun siyasi istiqamətini müəyyənləşdirirdi. Qeyd edək ki, mətbuatın partiyalılıq prinsipi ilk dəfə K.Marks və F.Engels tərəfindən irəli sürülmüşdür. F.Engels yazırdı ki, “Partiya mətbuatının vəzifəsi hər şeydən əvvəl mübahisə aparmaqdan, partiyanın tələblərini əsaslandırmaqdan, inkişaf etdirməkdən, düşmən partiyanın müddəalarını rədd və təkzib etməkdir”. Mətbuatın partiyalılığı uğrunda mübarizə aparan V.İ.Lenin “Partiya təşkilatı və partiya ədəbiyyatı” məqaləsində bu məsələni geniş şərh etmişdi. O, həmişə qeyd edirdi ki, burjuaziya öz məqsədlərini pərdələmək üçün mətbuatın “partiyasızlığı” prinsipini irəli sürürdü.

Azərbaycan jurnalistləri də yetmiş il partiyalılıq prinsipinə söykənərək əsas prinsiplərdən uzaq düşmüşlər. “Mətbuatın gücü partiya rəhbərliyindədir” ideyası da elmi kommunist nəzəriyyəsinin carçısı olmuşdur. Bir sözlə, bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Sovet dövründə kütləvi informasiya vasitələrinin partiyalılığı kommunist mətbuatı haqqında Lenin təliminin əsas prinsiplərini təşkil edirdi…

Hazırda gündən-günə inkişaf edən müstəqil Azərbaycan jurnalistikasının prinsipləri KİV-in azadlığına əsaslanır. KİV haqqında qanunun 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Dövlət deyəndə Azərbaycan Respublikasının Konstitusiyası nəzərdə tutulur. Konstitusiyanın 47 və 50-ci maddələri fikir və söz azadlığına təminat verir.

İndi də dünya təcrübəsinə söykənən prinsipləri qısa da olsa nəzərdən keçirək.

Obyektivlik. Obyektivlik hər bir jurnalistin, xüsusilə də xəbər yazan jurnalistin yazılarında özünü göstərməlidir. Bəzən insanların gözü qarşısında baş verən hər hansı bir hadisə barədə jurnalistlər oxuculara obyektivlikdən uzaq, təhrif olunmuş halda çatdırırsa, bu nəinki jurnalisti, qəzeti də gözdən salır. Hətta, hadisəni bilərəkdən özünə sərf elədiyi kimi təqdim edən jurnalist oxucunu çaşdırır, ona hörmətsizlik edir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çox haqlı olaraq qeyd edir ki, həqiqəti tapmaq üçün gündə azı beş qəzet oxumalısan. Bəziləri hökumətin gördüyü işi bütövlükdə pisləyir, bəziləri tamamilə tərifləyir. Vətəndaşlar ortaq mövqe axtarmalı, düzgün məlumatı özləri üçün ayırd etməlidirlər. Əslində isə qəzetlər bütün məsələləri tam şəffaf obyektiv təqdim etməlidirlər.

Müxalifət qəzetində çalışan jurnalistdən soruşanda ölkədə gedən quruculuq işlərindən niyə yazmırsınız, xəbərsizsiniz, ancaq tənqid edirsiniz, problemləri qabardırsınız. Cavabı belə olur: iqtidar qəzetləri inkişafdan yazır, nöqsanlara toxunmur, biz də məcburuq nöqsanlardan yazaq. Odur ki, bugünkü mətbuatı bəzən şərti olaraq ağ və qaraya bölürlər. Onu da qeyd edim ki, iqtidar mətbuatının informasiya siyasəti digər mətbuatdan fərqlənsə də, hər halda ölkədəki inkişafla yanaşı, nöqsanları da göstərməlidir. Kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə (dekabr, 2001) Prezident Heydər Əliyev bu xoşagəlməz halla bağlı demişdir: “Dövlət mətbuatı yalnız iqtidarı təbliğ etmək, iqtidarın qanunlarını, qərarlarını şərh etmək yolu ilə getməməlidir. O da bizim bütün işlərimizdə olan nöqsanları, qüsurları aşkara çıxarmalıdır, tənqid etməlidir… Bu cəmiyyətdə hər şey aşkar olmalıdır… Hər kəs bu cəmiyyətin nöqsanlarını aradan qaldırılmasına, iqtidarın fəaliyyətindəki nöqsanların aradan qaldırılmasına kömək etməlidir”. Məlumdur ki, “Hər şeyin yaxşılığını, ya fənalığını ancaq tənqid sayəsində meydana qoymaq olar” (Əli bəy Hüseynzadə).

Nə yaxşı ki, müstəqil adlandırdığımız qəzetlər var. Həmin qəzetlərdə Azərbaycandakı inkişafla yanaşı, nöqsanlara da həsr olunmuş yazılar çoxluq təşkil edir. Jurnalistikanın mühüm məqsədi obyektivlikdir, söz yox ki, bu da peşəkarlığın meyarıdır.

Kəsəsi, jurnalist yazılarında obyektiv olmalıdır, çünki obyektivlik həqiqətdir, həqiqəti deməkdir. Platonun fəlsəfəsini tənqid edən Aristoteldən soruşandakı “Nə üçün müəllimini tənqid edirsən?”, filosofdan “Mən müəllimimi sevirəm, amma həqiqəti ondan da çox sevirəm” cavabını eşitmişlər.

Dəqiqlik. Jurnalist verdiyi informasiyanın dəqiqliyinə əmin olmalıdır. Yaxşı olardı ki, informasiya bir və ya iki qaynaqdan təsdiqini tapsın. Onu da etiraf edək ki, dəqiqliyi təmin etmək jurnalist üçün bir o qədər də asan deyil. Bəzən jurnalist məhdud çərçivədə işləməyə məcburdur. Vaxt çatmır, informasiyanı təcili redaksiyaya göndərməlidir, birinci olmağa çalışır. Belə vəziyyətdə tələsgənliyə yol verilir. Bu da səhvlərin mənbəyinə çevrilir. Hər halda informasiyanı birinci vermək lazımdır, amma gərək əziyyətə qatlaşıb səhv buraxmayasan. “Filankəs Azərbaycanı tərk elədi”, “Filankəs vəzifəsindən getdi”, “Filankəsin oğlu gecə barında atəş açdı” və sair bu kimi informasiyalar sonralar təsdiqini tapmır. Jurnalist kimlərdənsə eşitdiyini, dəqiqləşdirmədiyi informasiyaları qəzet səhifələrinə çıxarmaqla oxucular arasında çaşqınlıq yaradır. Hər halda ideal dəqiqliyə nail olmaq çətin olsa da, jurnalist ona çalışmalıdır.

Biz mətbuatdan söz açanda çox vaxt Amerika və Qərbi nümunə kimi göstəririk. Hətta, yeri gələndə, Amerika jurnalisti Yucin Qudvindən nümunə də gətiririk: “Amerika jurnalistləri bir çox problemlərə baxışlarında fərqlənirlər, buna baxmayaraq, onların, demək olar ki, hamısı dəqiqliyi və düzgünlüyü öz peşələrində əsas meyar hesab edirlər”. Düzdür, nümunə gətiriləsi faktlar olsa da, bəzən özlərinin yaratdıqları qayda-qanunlar öz maraqlarına qurban verirlər. Amerikanın İraqa hücumunu yada salaq. O vaxt İraq müharibəsindən yazmaq səlahiyyəti ancaq CNN-ə verilmişdi. Jurnalistlər də dövlət mənafeyindən çıxış edərək Amerikaya haqq qazandırırdılar. Onlar auditoriyaya müharibədən dəqiq informasiya çatdıra bilirdilər, hansı obyekt bombalandı, nə qədər texnika məhv edildi və s. Lakin əsl həqiqət bu idi ki, İraqda kütləvi qırğın silahı yox idi. Bax, bu informasiya sonralar ictimaiyyətə məlum oldu və İraq həqiqətlərini dərk etməyə başladılar.

Jurnalistikaya dair beynəlxalq və Azərbaycanın qəbul etdiyi sənədlərdə göstərilir ki, hadisənin işıqlandırılması zamanı qeyri-dəqiqliyə və diqqətsizliyə yol vermək bağışlanılmazdır. Yalana, xüsusilə də bilərəkdən yol vermək olmaz, “Yalanın ən böyük düşməni həqiqətdir” (İmmanuil Kant).

Vicdanlılıq. Dəqiqliyə yaxın olsa da, aralarında fərq var. Deyək ki, hər hansı hadisə fakta əsaslanmış və dəqiq ola bilər, amma vicdanlı olmaya bilər. Vicdanlı jurnalist yalnız hadisəyə dəxli olan faktlara müraciət etməlidir. Vicdanlı olmaq o deyil ki, hadisəni dəqiq xəbərləmisən, əsas odur ki, onu necə xəbərləmisən. Əsas faktı yox, ikinci dərəcəli faktı qabarda bilərsən.

Azərbaycan mətbuatının ağsaqqalları Nəsir İmanquliyev və Şirməmməd Hüseynovun vaxtilə birgə yazdıqları məqalədə deyilir ki, hər bir xəbərin əsasında yalnız məsələyə dair faktlar durmalıdır. Çünki müxtəlif məsələlərə dair faktlardan yazılan xəbər faktlar, rəqəmlər yığınağına çevrilir və çox sahəyə toxunduğu üçün müəyyən bir məsələ haqqında aydın təsəvvür vermir.

Dünyada vicdan rahatlığından yaxşı nə ola bilər? Vicdanı təmiz olanlar adam arasına çıxmaqdan qorxmur. Onu da qeyd edim ki, cəmiyyətə vicdanla xidmət edən peşəkar jurnalistlər daha çoxdur. Onlar çox yaxşı dərk edirlər ki, “Vicdanın səsi bütün qanunların üstündədir” (Mahatma Qandi).

Qərəzsizlik. Qərəzsiz olmaq üçün qərək vicdanlı olasan, yalana yol verməyəsən və əlində olan faktları yalnış göstərməyəsən. Yanlışlığa yol verilibsə, etiraf edib düzəltməlisən. Peşəkar Jurnalistlər Cəmiyyətinin Etik Koteksində çox aydın yazılıb: “Buraxılan səhvləri tez və bütövlükdə düzətmək lazımdır”. Amma təəssüf ki, bəzi yazılarda qərəzliliyin şahidi oluruq. Qazanc xatirinə, qəzetlərin satılması xatirinə yalan uyduran jurnalistlərin bir qismi açıq-aşkar qərəzli mövqedən çıxış edirlər. Bu da narazılıq doğurmaya bilməz. M.Ə.Rəsulzadə “Mətbuat azadlığı” məqaləsində yalan, qərəzli mətbu orqanlar barədə yazırdı: “Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur”.

Məsələn, müxtəlif istiqamətli iki qəzetin eyni hadisə haqqında dərc etdiyi xəbərdə, birinin qərəzliyi aydın görünür. Onlardan biri şəhərdə yol ötürücülərinin tikilib istifadəyə verilməsini tıxacların aradan qaldırılmasına kömək edəcəyini yazırsa, digər qəzet isə “yenə xalqın pulu göyə sovruldu” kimi ifadələrlə qərəzliyini biruzə verir. 2015-ci ilin iyun ayında Bakıda I Avropa Oyunlarının keçirilməsinin vaxtı yaxınlaşdıqca bəzi qəzetlərdə qərəzli yazıların sayı da artır.

Jurnalistikada qərəzsizlik kimi tələb etik baxımdan da çox mühüm əhəmiyyət kəsb edir. Qərəzli yazı bəzən jurnalistləri məhkəmə qapılarına aparır. Bir sıra kütləvi informasiya vasitələri rəhbərləri belə hesab edirlər ki, mətbuata savadlı, prinsipal adamlar gəlməli və cəmiyyətə obyektiv, qərəzsiz viclanla xidmət etməlidir. Məncə heç bir şərhə ehtiyac yoxdur. Jurnalistikanı qeyri-peşəkarlardan təmizləmək lazımdır. Əli Həsənov qeyri-peşəkarların mediaya doluşub fəaliyyət göstərməsini kəskin tənqid edərək demişdir ki, qeyri-peşəkarların çox olduğu yerdə peşəkar jurnalistlər onların arasında itib-batır. Medianın nüfuzunu, tendensiyasını, gündəlik media ilə bağlı ictimai rəyi məhz bu qeyri-peşəkar jurnalistlər formalaşdırır. Bir tərəfdən peşəkar jurnalistlərin sayını artırmalıyıq, onların səviyyəsini yüksəltməliyik, digər tərəfdən qeyri-peşəkarların yolunu bağlamalıyıq, onları media sahəsindən təmizləməliyik.

Keçən əsrin sonlarında Amerika mütəxəssisləri ölkədə medianın vəziyyətini öyrənib belə nəticəyə gəliblər. “Los-Anceles Tayms”in keçirdiyi sorğuya görə, amerikalıların 17 faizi belə hesab edir ki, mətbuat və televiziya öz vəzifələrini lazımi səviyyədə yerinə yetirirlər. On il əvvəl isə bu rəqəm 30 faizi təşkil edirdi.

Mediaya olan inamın azalmasını öyrənən amerikalı jurnalistlər 1997-ci ildə Əlaqədar Jurnalistlər Komitəsi yaradaraq, görüşlər, seminarlar keçirib, redaktor və jurnalistlər arasında sorğular aparıb doqquz əsas prinsip müəyyən etmişlər:

l Jurnalistikanın ümdə vəzifəsi həqiqəti üzə çıxarmaqdır.

l Hər şeydən öncə jurnalistika vətəndaşlara münasibətdə loyal olmalıdır.

l Məlumatların yenidən yoxlanılması qaydası jurnalistikanın mahiyyətidir.

l Jurnalistika praktikası ilə məşğul olanlar işıqlandırdıqları subyektlərdən asılı olmamalıdır.

l Jurnalistika müstəqil monitorinq gücü kimi çıxış etməlidir.

l Jurnalistika ictimai tənqid və kompromis üçün forumun mövcudluğuna çalışmalıdır.

l Jurnalistika mühüm olan məlumatları maraqlı və müvafiq surətdə çatdırmağa çalışmalıdır.

l Jurnalistika xəbərin mükəmməl olmasını və münasibliyini saxlamalıdır.

l Jurnalistika praktikası ilə məşğul olanlara şəxsi vicdanlarının diktəsi ilə hərəkət etmək imkanı verilməlidir (Jurnalistlərdən jurnalistlərə. Bakı, 2007).

Qeyd olunan prinsiplərə qanuna sayğı, insana sevgi, bəşəri dəyərlərə üstünlük kimi dəyərləri də əlavə etmək olar. Prinsiplərin sayının çox olması əsas deyil. Əsas odur ki, gərək insanın vicdanı olsun ki, onlara vicdanla da əməl etsin. Çünki “Vicdan ən ali qanundur” (Alfons Lamartin), o heç vaxt aldatmır. Onu da bildirim ki, jurnalistlərin fəaliyyətini yalnız prinsiplər ilə deyil, həm də ölkədə qəbul olunmuş qanunlar tənzimləyir.

Sonda demək istəyirəm ki, demokratik ənənələrin yeni yarandığı bir cəmiyyətdə yaşayırıq. Belə bir cəmiyyətdə mətbuatın rolu getdikcə artır. Odur ki, hər bir jurnalist öz peşəsinə hörmətlə yanaşmalı, övladı olduğumuz Vətənin mənafeyini yad təsirlərdən qorumalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi